1. sif. Bir-birinə uyğun, yaxud yekcins iki hissədən ibarət. İkiqat parça. İkiqat pəncərə.
– [Şahsənəm xala] çadrasını ikiqat eləyib atdı başına…
Sərəncam bacı başında ikiqat çarşab oğlunu dolandırıb gəzdirirdi…
Çamadanın dibi ikiqat idi.
2. zərf İki dəfə çox, iki dəfə artıq.
[Hacı Fərəc:] …Təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar…
Bu göyərçin mənim üçün ikiqat əzizdir…
◊ İkiqat etmək – bir şeyi bir-birinə uyğun tərzdə qatlamaq, bükmək. Kəlağayını ikiqat edib başına örtdü.
– [Cəfərqulu] başından papağını çıxardıb ikiqat edəndən sonra alnının tərini sildi və bu cür sözə başladı.
İkiqat olmaq (əyilmək, bükülmək) – 1) təzim etmək, əyilərək salam vermək.
İkiqat olub ədəblə bəyə baş vurardı kasıb; Var idi vəfalı kasıb, var idi həyalı fələ! ;
2) yaltaqlanmaq, alçalmaq, baş əymək.
Havaxtadək olacağıq ikiqat.
[Ramazan:] İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, onun-bunun qabağında ikiqat əyiləsən. ;
3) əyilmək, bükülmək, belini əymək.
Mahmud əmi ikiqat bükülüb bir neçə dəfə başını gah daşın bu böyrünə, gah o böyrünə sallayıb diqqətlə haman nöqtəyə baxırdı.