Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi.
== Həyatı ==
Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.
Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir.
O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür.
Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur.
O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur.
Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.