Comərd Qəssab türbəsi
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir.
Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur.
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur.
Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış.
Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur.