Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur.
Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.
Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir.
Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.