Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum.
== Hadisələr ==
1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər.
Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.