Lətif Hüseynzadə
Hüseynzadə Lətif Talıb oğlu (24 aprel 1903, Naxçıvan – 11 iyul 2008, Bakı) — ədəbiyyatşünas, maarif xadimi, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi.
== Həyatı ==
Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında təhsil almışdır (1922-1925). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir (1925-1930). Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1930-1936). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, dərs hissə müdiri (1936-1940), C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, dosent, kafedra müdiri, direktor (1940-1954), Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri (1954-1957), İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dosent (1957-1968), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent (1968-1976) vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətə başladığı XX əsrin 30-cu illərindən elmi-tədqiqatla ardıcıl məşğul olmuş, dövri mətbuatda məqalələr dərc etdirmişdir. "Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1950). XV əsr Qaraqoyunlu hökmdarı Cahanşahın "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı divanı aşkara çıxarıb tədqiq və tərtib edib çapa vermişdir. Qazi Bürhanəddin, Nəimi, İmadəddin Nəsimi, Heyran xanım, Qönçəbəyim kimi sənətkarların poetik irsinin ilk tədqiqatçılarından biridir.