Sadıqov qardaşlarının mədaxil evi
Sadıqov qardaşlarının mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi və Niyazi küçəsinin kəsişməsində, Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Qavriil Ter-Mikelovun layihəsi əsasında inşa edilmişdir. Bina fərqli kompozisiya quruluşu və memarlıq işləmələri, yerli memarlığın zərif elementləri və detalları ilə qeyd edilmişdir. Yaşayış evi zəngin həcmli plastikaya və yüksək tikinti mədəniyyətinə malikdir.
== Tarixi ==
Binanın yerləşdiyi ərazidə əvvəl qəbirsanlıq olub. Ona görə də binanın inşasına başlandığı zaman yerli əhali sifarişçiyə xitabən deyir ki, "Ay Kərbəlayi, nə uğursuz yer seçmisən, boşuna pulu havaya sovurdun." O, isə cavabında bildirir ki, "Boş-boş danışmayın, lap da yaxşı yerdir. Hətta qubernator da, evin qabağında mənim üçün bağ saldırıb."
Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Milli-romantik memarlıq stilində inşa edilmişdir. 1909-cu ildə bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir, binanın müəllifi olan Qavriil Ter-Mikelov birinci mükafatı əldə edir. SSRİ dövründə binada Azərbaycan SSR-in Mərkəzi İcrayə Komitəsi yerləşmişdir.