Mirzəbəyovun mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində, Bakı metropoliteninin İçərişəhər metrostansiyası və Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Mirzəbəyovun mədaxil evi | |
---|---|
40°21′55″ şm. e. 49°49′49″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsi |
Aidiyyatı | Musa Nağıyev (1915-ci ildən) |
Memar | Vartan Sarkisov |
Sifarişçi | Mirzəbəyov |
Tikilmə tarixi | 1911 - 1915, 1917 |
Üslubu | İntibah memarlığı, Klassisizm |
İstinad nöm. | 3291 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı Musa Nağıyevə sataraq Bakını tərk etmişdir.
Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur. Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş bina demək olar ki, bütöv bir kvartalı əhatə edir.
Bina keçmiş Qubernator bağı, hazırda Filarmoniya bağı adlandırılan şəhər bağı ilə üzbəüz, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində yerləşir. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı 1.200.000 qızıl rubla Bakı milyonçularından Musa Nağıyevə sataraq pulları ABŞ banklarından birində yerləşdirmiş, özü isə Nyu-Yorka köçmüşdür.[1]
Sonradan binanın inşaat işləri 1917-ci ilə kimi Musa Nağıyevin hesabına aparılmışdır. Evin birinci sahibinə hörmət əlaməti olaraq Nağıyev binanın fasadında Mirzəbəyovların venzelinin saxlanılmasına qərar vermişdir.[2]
Bina inşa edilməzdən əvvəl onun yerində bir neçə yarımdağılmış vəziyyətdə olan daxmalar var idi. Mirzəbəyov həmin evlərin sahiblərinə yaxşı pul ödəyərək ərazini alır. Yalnız ev sahiblərindən biri — Hacı Qarabalanın varisi Hacı Zülfüqar Manafov nə qədər pul təklif edilsə də, sahib olduğu evi satmaqdan imtina edir. Mirzəbəyovlar dəfələrlə onunla razılaşmağa cəhd edirlər, vasitəçilər axtarırlar, təklif edilən məbləği dəfələrlə artırırlar, laki, bunların heç biri fayda vermir. Ev sahibi bildirir ki, "əsl kişi, ata ocağını gəlmə adama satmaz".[1] O, bildirir ki, "bu daxmanın yerində mən elə bir ev tikdirəcəm ki, sizin yeddi mərtəbəli evinizi kölgədə qoyacaq."[1] Həqiqətən də sonradan Manafov Mirzəbəyovların nəhəng yeddi mərtəbəli binasından daha incə görünüşə malik üç mərtəbəli malikanə inşa etdirir. Manafovun evi küçə tərəfdən kiçik görünsə də. həyət tərəfdən geniş və həcmlidir. Hazırda Mirzəbəyovun evinin həyəti yerləşən hissədə isə o zaman Zülfüqar Manafovun hamamı mövcud olmuşdur. Evin küçəyə baxan hissəsində birinci mərtəbədə dükan açan Manafov, alıcılara ilin fəsillərinə uyğun təzə meyvə və giləmeyvələr təklif edirdi.[1]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada Ukraynanın Azərbaycandakı səfirliyi yerləşmişdi. SSRİ dövründə isə binada müxtəlif dövlət orqanları fəaliyyət göstərmişdir. Hazırda bina ofis mərkəzi və çoxmənzilli yaşayış evi kimi istifadə olunur. Həmçinin bir neçə dövlət təşkilatı bu binada qərarlaşıb.
Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur.[3] Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş binanın fasadları İstiqlal və Şeyx Şamil küçələrinə baxır və tikili demək olar ki, bütöv bir kvartalı əhatə edir.[1]
Bina magistralın şəhərsalma dominantlarından biridir. Kiçik gümbəz tamamlanması ilə xüsusi olaraq nəzərə çarpdırılaraq çox sərfəli künc mövqeyini tutmaqla, yaşayış evi nəinki küçənin miqyas və xarakterini müəyyən edir, həm də order sistemində özünün klassik formaları, fasadların zövqlə işlənmiş plastikası ilə bu üslub istiqamətində Bakının ən yaxşı tikililəri sırasına daxil ola bilir.[3]
Burada, Bakı şəhərində, memarlığın klassik üsullar sistemi vasitəsilə müasir tələblərə cavab verən bina yaradılmasına cəhd göstərilmişdir. Binanın pilləkən meydançaları liftlə təmin edilmişdir. Binadan gizli çəkilmiş elektrik şəbəkəsi, mənzillərdə mərmər vannalar və sanitar avadanlığı var.[3]
Əsas fasadın mərkəzi hissəsi Korinf orderi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Zəngin məzmunlu pərvaz bir az yüklənmişdir. Bütöv əhəngdaşı bloklardan dərin relyefli üsulla yonulmuş aslanlar, qadın və kişi başlarının maskaları çox incə şəkildə işlənmişdir. Binanın daş memarlıq detalları tamamilə qabarıqdır və dekorativ-tətbiqi incəsənət abidələri olmaqla bədii ifadə ilə zəngindir.[3]