Xurşid Qacar
Xurşid Rəhim xan qızı Qacar (Naxçıvanski) (1894, Naxçıvan – 1963, Bakı) — Azərbaycan opera müğənnisi (lirik soprano), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biridir.
Xurşid Qacar 1894-cü ildə Naxçıvan şəhərində Rəhim xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Peşəkar vokal təhsilini Moskva Konservatoriyasında (professor U. Mozettilinskinin sinfi) almış, 1915-ci ildə buranı bitirmişdir. Təhsilini tamamladıqdan sonra Moskvada Maarif Komissarlığının incəsənət şöbəsində işləmiş, 1919–1924-cü illərdə Moskva estrada ansamblının solisti olmuşdur.
Xurşid Qacar 1924–1934-cü illərdə Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərmiş, Gülzar ("Şah İsmayıl", Müslüm Maqomayev), Xurşidbanu, Gülçöhrə və Asya, Gülnaz ("Şah Abbas və Xurşidbanu", "Arşın mal alan", "O olmasın, bu olsun", Üzeyir Hacıbəyov), Mikaela ("Karmen", Jorj Bize) və başqa partiyalarda çıxış etmişdir.
1934-cü ildən "Azərnəşr"də öz təşəbbüsü ilə yaradılmış musiqi nəşriyyatının müdiri işləmiş, eyni zamanda 1935-ci ildə Azərbaycan Opera və Balet Teatrı nəzdində studiya yaradaraq tələbələrin ifasında "Demon" (Anton Rubinşteyn), "Çar gəlini" (Nikolay Rimski-Korsakov) operalarını tamaşaya hazırlamışdır. "Dügah", "Rast", "Segah-Zabul" muğamlarının nota alınmasına töhfə vermişdir.
Xurşid Qacar 1963-cü ildə Bakı şəhərində vəfat etmişdir.