Məmmədəmin Salayev
Məmmədəmin Məmmədəli oğlu Salayev (5 aprel 1909, Bakı - 2000, Bakı) — kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1968), AMEA-nın müxbir üzvü (1972), Əməkdar elm xadimi.
Məmmədəmin Salayev 5 aprel 1909-cu ildə Bakıda anadan olub. 1930-cu ildə Azərbaycan Texniki Universitetinin Kənd təsərrüfatı fakültəsini bitirib. O, 1941-ci ildə elmlər namizədi, 1966-cı ildə elmlər doktoru və 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ilə AMEA-nın müxbir üzvü seçilib.
Məmmədəmin Salayev 1930-1933-cü illərdə Azərbaycan Təcrübə Seleksiya Stansiyasında (Gəncə şəhəri) kiçik elmi işçi, 1933-1935-ci illərdə isə Ümumittifaq Aqrotorpaqşünaslıq və Gübrə İnstitutunun Azərbaycan filialında baş elmi işçi olaraq çalışıb. O, 1935-1938-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq Elmi Tədqiqat İnstitutunun aspirantı olan Salayev 1938-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq Bölməsində baş elmi işçi, 1945-1947-ci illərdə isə Azərbaycan EA Kənd Təsərrüfatı Elmləri Bölməsinin elmi katibi vəzifəsində çalışıb.
Məmmədəmin Salayev 1945-1987-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri, 1951-1953-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor müavini, 1961-1963-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvəqqəti direktoru, 1983-1987-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifələrini icra edib.
Məmmədəmin Salayev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Namizədlik Dissertasiyası üzrə Müdafiə Şurasının sədri, 1987-ci ildən ömrünün sonuna kimi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müşaviri, institutdakı Doktorluq Dissertasiyasının Müdafiə üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədri vəzifəsində çalışıb.
Keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü;
SSRİ Nazirlər Soveti yanında Elm və Texnika üzrə Komissiyanın üzvü;
Azərbaycan Sovet Ensiklopediyası Elm-Redaksiya Heyətinin üzvü;
AR Ali Attestasiya Komissiyasının Biologiya və Kənd təsərrüfatı elm sahələri üzrə Ekspert Komissiyasının üzvü;
Məmmədəmin Salayevin tədqiqatı torpaqların sistematikasına, xəritələşdirilməsinə, torpaq meliorasiyası məsələlərinə, Kiçik Qafqaz dağlıq vilayəti torpaqlarının morfoloji, genetik və kimyəvi-mineraloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib.