Təyin yolu
Təyin yolu — farmakologiya və toksikologiyada dərmanın, mayenin, zəhərin və ya digər maddənin orqanizmə daxil olması üsuludur.
Dərmanların orqanizmə yeridilmə yollarının vahid təsnifatı olmasa da, əsasən, yerli (lokal) və sistem xarakterli olmaqla iki qrupa bölünür.
Dərman maddələrinin orqanizmə yerli təyini yollarına aşağıdakılar aiddir:
Epidermal (dəriüstü, perkutan)
İntrakutan (dəriiçi, dəridaxili)
Konyuktiva üzərinə
İntranazal (burundaxili)
İntrabukkal (ağıziçi, yanaqdaxili)
İntratekal (subaraxnoidal)
İntravaginal
İntrarektal
İntraplevral
İntraperitoneal
İntrakardial
İntrauterin (uşaqlığın divarına — miometriuma inyeksiya)
İntraartikulyar (oynaqiçi).
Epidermal yolla dərman maddələri məhlul, suspenziya, məlhəm, krem və s. formada, əsasən, dəri xəstəliklərinin müalicəsi məqsədilə təyin olunur.
Dərman maddələri dəri içinə, adətən, müxtəlif allergik və ya bakterioloji sınaqların aparılması məqsədilə təyin olunur. Bu yolla, həmçinin, yerli anestetiklər də təyin oluna bilər.
Konyuktiva üzərinə oftalmologiya təcrübəsində istifadə olunan dərman maddələri (oftalmik preparatlar) təyin olunur.
İntranazal yolla, əsasən, yerli təsir almaq məqsədilə iltihabəleyhinə, antibakterial, vazokonstriktiv təsirli maddələr, yerli anestetiklər təyin olunur.
Bukkal yolla dərman maddələri, əsasən, ağızın selikli qişası və diş ətinin müxtəlif mənşəli xəstəliklərinin müalicəsində təyin olunur.