Mirkazım Aslanlı
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.
M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir.
Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır.
XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.