Qədim misirlilər üçün insanın ölümündən sonra onun bədənini qoruyub saxlamaq çox vacib idi. Misirlilərin axirət dünyası haqda olduqca mürəkkəb təsəvvür sistemləri var idi. Onlar hesab edirdilər ki, ölümdən sonrakı həyatın bütün üstünlüklərindən yalnız dünyasını dəyişdikdən sonra bədənləri qorunub saxlananlar tam yararlana bilərlər.
Buna görə də misirlilər ölənlərin bədənlərini konservləşdirmək üçün müxtəlif üsullara əl atırdılar. Daxili orqanları çıxardaraq ayrıca daş qablarda saxlayırdılar. Həyatın əsasını təşkil edən ürəyi isə yenidən bədənə qaytarırdılar.
Sonra bədəni xüsusi məhlulların içinə yerləşdirirdilər. Həmçinin çox geniş yayılmış maddələrdən – arı mumu, yağ və duzdan da istifadə edirdilər. Olduqca mürəkkəb olan bu proses 70 gün çəkə bilərdi. Sonra bədəni su keçirməsin deyə mum hopdurulmuş kətan bintlə sarıyırdılar.
E.ə. 525-ci ildə Misiri tutan farsların diqqətini, əsasən, bədənə dolanmış kətanın üzərindəki nazik mum təbəqə cəlb etmişdi. Farslar onu mum adlandırmağa başladılar. Misiri bundan 1100 il sonra istila edən ərəblər üçün bu söz “mumia”ya, yəni bizim bu gün də işlətdiyimiz “mumiya“ya çevrildi.
Vaxt keçdikcə bu söz daha geniş məna kəsb etdi. Təsadüfən hansısa xüsusi bir şəraitə düşərək çürüməyən cəsəd mumiyalanmış adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)