Tehran Mənsimov
Tehran Cavid oğlu Mənsimov (24 avqust 1972, Düztahir, Qusar rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Vətən müharibəsi iştirakçısı.
Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılıb, Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edib. 40-a yaxın millətin nümayəndəsinin xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olub. Bu qoşun növündə əlbəyaxa döyüş fəndlərini bilmək vacib imiş. Əlbəyaxa döyüş üzrə Düşənbədə təşkil olunan hərbi dairə birinciliyində altı ayın əsgəri olsa da, bütün rəqiblərinə qalib gələrək finala çıxıb, finalda isə erməni rəqibini məğlub edib. Bu uğuruna görə hərbi hissənin rəhbərliyi tərəfindən mükafatlandırılıb və Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilib. Burada da fiziki hazırlığına və bilik səviyyəsinə görə fərqlənir. Məktəbdə təhsil alan 347 nəfərdən buranı bitərərkən yalnız ona və başqa bir əsgərə serjant rütbəsi verilir, qalanları isə kiçik serjant olur.