Narınc Məlikova
Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası – 22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940).
== Həyatı ==
Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib. Bundan sonra o, Ağdam dram dərnəyində və onun əsasında yaranmış xalq teatrında aktrisalıq edib.