Nəcəfqulu İsmayılov
Nəcəfqulu (tam adı: Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov; 15 mart 1923, Bakı – 25 mart 1990, Bakı) — Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Nəcəfqulu İsmayılov 15 mart 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini davam etdirə bilməmişdir. Rəssam 1952–1979-cu illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışmışdır.
Nəcəfqulu İsmayılov 1949-cu ildə rəssam Güllü Mustafayeva ilə ailə qurmuşdur. Orqan ifaçısı Rəna İsmayılovanın və skripkaçı Sevinc İsmayılovanın atasıdır. O, 25 mart 1990-cı ildə vəfat etmişdir.
Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərmişdir. O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir.
Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır.