is. 1. Yaşlıq, islaqlıq, rütubət. Nəm çəkmək. Nəmini almaq.
// sif. Azca yaş, islaq, rütubətli. Nəm torpaq. Nəm divar. Nəm paltar.
// Rütubət.
İnsanı qəm çürüdər; Dəmiri nəm çürüdər. (Məsəl).
Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.
2. məc. “Yaş (göz yaşı)” mənasında.
Göz neçin ağlayıb tökməsin nəmi; Heyvan ha deyil ki, çəkməyə qəmi. M.V.Vidadi.
Ağlın olsun, sil gözünün nəmini; Dəxi geri gəlməz onlar, ağlarsan! M.P.Vaqif.
Seyyid, əgər ol şəmə sənin yanmadı könlün; Pəs pərdeyi-çeşmində olan nəm nə üçündür? S.Ə.Şirvani.
◊ Nəm çəkmək –
1) rütubətdən islaq hala gəlmək, islanmaq, canına rütubət çəkmək;
2) məc. xarab olmaq, korlanmaq, qalıb köhnəlmək.