Azərbaycan milli oyanışı
Azərbaycan milli oyanışı, mədəni renessans (intibah) dövrü və ya modernləşməsi — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması və mədəniyyətinin çiçəklənməsi prosesi. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir.
Beləliklə, Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkə olmuş, Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlət kimi tarixə düşmüşdür. Maarifçilik dövrünün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.
== Adlandırma və dövrün təyini ==
== Erkən dövr ==
Qarabağ xanlığı vəziri Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi.
== Əsas dövr ==
=== Maarifçilik hərəkatı və mədəniyyətin inkişafı ===
Rus işğalından əvvəl Azərbaycan mədəni həyatına əsasən fars sivilizasiyası təsir edirdi. Bu mədəni əlaqədən narahat olan Rusiya yerli türk mədəniyyətinin inkişafını dəstəklədi. Bu və digər sosial trendlər yerli türk mədəniyyətinin yenidən canlanmasına səbəb oldu. Azərbaycan mədəniyyətinin canlanması üç mərhələyə bölünə bilər: 1) 1905-ci il qədərki dövr; 2) 1905-ci ildən 1920-ci illərə qədər; 3) 1920-ci illərdən müasir dövrə qədər.