QAPANMAQ

f.
1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır.
– Qapılar örtülüb qapanmışdır. A.Səhhət.

2. Örtülmək (açıq şey haqqında).
Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət.

3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı.
4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. Şüşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.
5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin).
6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. İclas axşam saat 10-da qapandı.
7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq.
Bəşir cənabları elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. C.Məmmədquluzadə.
Bu fitva çıxandan bir neçə gün sonra [Təbrizdə] kinoteatrların bir neçəsi qapandı. M.S.Ordubadi.

8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq.
Otaqların kirayəsini və əmək xərcini axşamdan verib otağımıza qapandıq. M.S.Ordubadi.
Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli.
Axşamları quşlar və böcəklər ilə bərabər insanlar da daxmalarına qapanır, qəsəbəni dərin bir sükut bürüyürdü. H.Nəzərli.

// Sıxınmaq.
[Durna] da bu balaca qulan kimi anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı. İ.Əfəndiyev.

9. Yıxılmaq.
Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn.

10. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı.

Синонимы

  • QAPANMAQ qapanmaq bax yumulmaq
QAPANMA
QAPATMA

Значение слова в других словарях