Sirat
Əs-Sirat (ərəb. الصراط) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir.
== Etimologiya ==
Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar.
== İslamda ==
Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.