Hüseyn Abdullayev (sovet dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922).
== Həyatı ==
Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur.
Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır.
1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır.
1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır.
Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.
Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir.
Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.