Səbuhi Qəhrəmanov
Səbuhi Adil oğlu Qəhrəmanov (21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir, AMEA-nın "Elm" nəşriyyatının direktoru , Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri
Səbuhi Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 24 saylı orta məktəbdə 1994-2005-ci illərdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildən bu günə kimi ayrı-ayrı nəşriyyatlarla əməkdaşlıq etmiş, 400-dən çox elmi, elmi-kütləvi, bədii kitabın, eləcə də orta və ali məktəblər üçün dərslik və dərs vəsaitinin nəşrində redaktor, korrektor, tərtibatçı kimi yaxından iştirak etmişdir.
Səbuhi Qəhrəmanov 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsi — fərqlənmə diplomu ilə, 2010-2012-cu illərdə isə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının magistratura pilləsi — fərqlənmə diplomu ilə bitirmişdir.
2014-2018-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda dissertanturasında təhsil almış, 2018-ci ildə “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiə etmişdir. Tədqiqat işində 1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsi elmi obyektivlik mövqeyindən dəyərləndirilmiş, bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsiri, ədəbi prosesinin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatları və mətbuatının rolu araşdırılmışdır. Bundan başqa, dissertasiyada 1920-1930-cu illərdə romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının yeni ictimai-siyasi mühitin təzyiqləri altında mövcudluğu, həmin dövrün ədəbi prosesinə təsiri araşdırılmış, sosializm realizmi metodunun formalaşma prosesi təhlil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2018-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavriat pilləsini bitirmişdir.
2011-2014-cü illərdə AMEA-nın "Elm" nəşriyyatında ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.