Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.
== Həyatı ==
Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.
"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir
1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.