Azərbaycanda stolüstü tennis
Azərbaycanda Stolüstü Tennis — Azərbaycanda stolüstü tennis idman növünə maraq 1939–1940-cı illərdən yaranmışdır. Böyük Vətən müharibəsindən (1941–1945-ci illər) sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə inkişaf etməyə başlayır.
50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M. Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar.
Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişmişdir. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər.
Azərbaycan idmançıları bir çox respublika və beynəlxalq yarışlarda iştirak etməyə başladılar.
SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı.