sif. 1. Batqın, batmış, batıq (səs haqqında).
Mərsiyəxan … bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı. Çəmənzəminli.
Tutqun kal səsilə telefon yenə; – Dur gəl, sözüm vardır! – deyir Hüseynə. M.Rahim.
2. məc. Qəmli, kədərli, məyus, pərişan, qəmgin, qaşqabaqlı. Tutqun üz. Tutqun görünüş.
– Tutqun, məhzun sima ilə sakit, şirin yatmışdır; Döşündəki az yaradan qan fəvvarə atmışdır. A.Səhhət.
Cəlal dəyişmişdir, Cəlal tutqundur; Xəyalı dağınıq, fikri uçqundur. S.Vurğun.
3. Açıq olmayan, buludlu. Tutqun hava. Göyün üzü tutqundur.
// məc. Kədərləndirici, cansıxıcı, darıxdırıcı.
…Getdikcə hava sərtləşir, tutqun payız ruzgarı sərt bir qışa çevrilməyə başlayırdı. S.Rəhimov.
Hava tutqun olan kimi Əziz də bikef idi. Ə.Vəliyev.
4. məc. Üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz. Tutqun iş.
– [Bəhlul:] Düşünməli, bir çox tutqun mətləbləri aydınlaşdırmalı oldum. B.Bayramov.
5. Zəif, ölgün, donuq.
Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdi. S.Hüseyn.
Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə.
6. məc. Gərgin, qızğın.
İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda hisli-paslı paltarın içində Nadir yatmaq üçün evə gəldi. B.Talıblı.
7. Açıq olmayan, tünd (rəng haqqında).
[Boz Ukrayna qaramalı] əsasən boz, gümüşü, yaxud tutqun polad rəngindədir, belində uzunu ağımtıl zolaq vardır. “Qaramal”.