f. 1. Qanadlar vasitəsilə havada hərəkət etmək, havaya qalxıb getmək, havada gəzmək. Havada quşlar uçur.
– Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun.
Dağın baş tərəfinə yaxın bir yerdə qartallar uçurdu. Mir Cəlal.
// Uçub gəlmək, uçub qonmaq, uçub getmək.
Mən bir bəlalı quşdum; Dağdan qayaya uçdum. (Bayatı).
Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir.
// Uçucu maşınlar – təyyarə, dirijabl və s. haqqında.
Uçur dağıdaraq buludu lay-lay; Təyyarə göylərin yeddi qatında. B.Vahabzadə.
// Təyyarə ilə getmək. Bu gün Türkiyəyə uçuram.
Saat neçədə uçursan? Sizinlə daha kimlər uçur? – Hətta bir dəfə mən özüm də aeroplanda uçmuşam. H.Nəzərli.
İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur(du). Mir Cəlal.
// Havada qanad çalmaq, pər vurmaq.
Quşlar uçdu havada; Balası var yuvada. (Bayatı).
// Havada seyr etmək, dolaşmaq, hərəkət etmək.
Uçur buludlar üfüqlərdə, toplanır əlvan; Alırdı başqa lətafət dərə, təpə, orman. A.Şaiq.
Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev.
// Külək, təkan və s. gücü ilə havada hərəkət etmək, getmək. Güllələr başımızın üstündən uçurdu. Qığılcımlar parıldaya-parıldaya uçur.
2. Qaz, ya buxar halına keçib havada yox olmaq, qarışmaq, təbəxxür etmək (bu mənada çox vaxt “uçub getmək” şəklində işlənir). Dərmanın spirti uçub.
– Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb, az qaldı havaya uçsun. C.Məmmədquluzadə.
3. məc. Çox sürətlə getmək, keçmək, ötmək, ötüb getmək.
Vaxt nə tez uçdu? – Zamanın budağından; Qoparaq xəyal kimi; Yenə uçurdu günlər. R.Rza.
// məc. Çox sürətlə yerimək, getmək, çaparaq getmək (bu mənada bəzən “qanadlanıb”, “yel kimi”, “quş kimi” və s. sözlərlə birlikdə işlənir).
Qırat yeldən qanad taxıb uçurdu. “Koroğlu”.
Atlar buğlana-buğlana uçur, vağzala yaxınlaşırdı. M.Hüseyn.
4. məc. Çıxmaq, qopmaq.
[Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzında uçub qəlbimə saplanır. H.Cavid.
5. məc. Solmaq, rəngi qaçmaq, rəngi çəkilmək, silinib getmək.
Astanada tüstülənir böyrübatıq samovar; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. S.Rüstəm.
6. məc. Hara isə getmək, haralarda isə dolaşmaq (fikri, xəyalı və s.).
Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq.
Sahili döydükcə bəzən ləpələr; Şairin xəyalı uçub yüksəlir. S.Vurğun.
◊ Buğlanıb (buğ olub) havaya uçmaq – yox olmaq, yoxa çıxmaq, hədər getmək, nail olmaq.
…Gərək başlarımızın çanaqlarını da bərkitmək fikrində olaq ki, təhsil elədiyimiz elmlər buğlanıb havaya uçmasınlar. C.Məmmədquluzadə.
Göyə uçmaq – bax
qanadlanıb uçmaq.
Fərhad yalandan özünü təriflədikcə Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. C.Cabbarlı.
Qanadlanıb uçmaq – son dərəcə sevinmək, ruhlanmaq, sevincindən yerə-göyə sığmamaq.
Qadın az qaldı qanadlanıb uçsun. Mir Cəlal.
[Zərqələm] beş qranı alınca sevinər, bir quş kimi qanadlanıb evlərinə uçardı. Ə.Sadıq.