Çoyr abidəsi, Çöyr abidəsi və ya Çoyren abidəsi (ing. The Choir monument) — Monqolustandakı Sansar-Ula dağının cənub ətəklərindəki kurqanlıqda yerləşən, İkinci Göytürk xaqanlığı dövrünə aid məzar daşı olaraq salınmış türkcə abidə.[1]
Çoyr abidəsi | |
---|---|
47°55′17″ şm. e. 106°54′46″ ş. u.HGYO | |
Ölkə | Monqolustan |
Şəhər | Ulan-Bator |
Yerləşir | Ulan-Bator Tarix Muzeyi |
Aidiyyatı | türk xalqları |
Memar | Tolun |
Tikilmə tarixi | 682–691-ci illər |
Vəziyyəti | zədələnmişdir |
Kateqoriya | Kitabə |
682–691-ci illərə aid olduğu düşünülür. Bəzi fikirlərə görə Çöyr abidəsi türklərə aid ən qədim türkcə mətnlər olaraq qəbul edilən Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrindən daha qədim olub, türkcənin bilinən ən qədim abidəsidir.[2]
Abidə Monqolustanda, Çoyrda yerləşən dəmiryolu xəttinin Dornoqovi stansiyasından 15 km uzaqlıqda olan Sansar təpəliklərində aşkar edilmişdir.
Abidənin hündürlüyü 153 sm, eni isə 39 sm, qalınlığı isə 46 sm olan insan bədəni şəklində bir daşın ön tərəfinə oyulmuş altı sətirdən ibarətdir. Orxon abidələrinin ən cənubda yerləşənidir.[3]
Mütəxəssislərə görə, heykəl daha qədim zamana aiddir və abidə üçün tikili daş olaraq istifadə edilmişdir. Sətirlər insan bədəninin ön qismində, boyunla qarının alt qismi arasında oyulmuşdur. 6 sətirdən 4-ü yuxarıdan aşağı, ikisi isə aşağıdan yuxarıya doğru keçir.
1928-ci ildə əvvəl Jamtsarano Tseeveen və Sendsüren tərəfindən kəşf edilən abidə 1929-cu ildən Ulan-Bator Tarix Muzeyində nümayiş etdirilir.[4] S. E. Malov 1936-cı ildə abidənin mətnini tərcüməsi ilə birgə nəşr etdirmişdir. S. G. Klyaştornyi 1971-ci ildə, O. F. Sertkaya 1998-ci ildə abidənin mətnini yenidən nəşr etdirmişdir. Abidəni həmçinin, 2001 və 2004-cü illərdə qaxazıstanlı alimlər qrupu da tədqiq etmişdir.
Abidə "Tun" titulu daşıyan iki nəfər üçün yaradılmışdır. Bu şəxslər Tun Bilgə və Tun Yəğən Ərkindir. Abidədə bu şəxslərin ölüm tarixi "? ilinin üçüncü ayının yeddinci günü" formasında verilmişdir. İl hissəsi silinmiş olsa da, abidənin İltəriş xaqanın xaqan edilməsinin başlanğıc dövrlərinə, yəni dağınıq və ya Çin suverenliyi altında olan türk tayfalarının İltəriş xaqana qoşulmasının təşviq edildiyi dövrdə tikildiyi güman edilir.[2]
Abidənin məzmunu atlarını və mal-mülklərini buraxıb vəfat edən Tun Bilgə və Tun Yəğən Ərkinin geridə qalanlara İltəriş xaqanın xaqanlığını tanımaları ilə xoşbəxtlik içində yaşayacaqlarını bildirməsindən ibarətdir.
Abidənin yazan və hazırladan Toluq adlı şəxsdir. Abidədəki yazının sonunda özünə uğurlar arzulanmasını istəyir.[2]