İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion.[1][2] SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion.[3] 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.
İmarət stadionu | |
---|---|
| |
Yeri | Ağdam, Azərbaycan |
Açılış tarixi | 1952 |
Sökülmə tarixi | 1993 |
Ev sahibi komanda | Qarabağ |
Ot örtüyü | Ot |
İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi.
Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu. O dünyasını dəyişəndən sonra isə Asif Mustafayevi direktor təyin etmişdilər. Hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri var idi.[4]
Ağdam Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Bakıdan təşrif buyuran mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz İmarət stadionunda təşkil edilərdi.
Stadion 1993-cü ilinin iyun ayında Ağdam şəhərinin işğalı zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbələrinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.[5]
20 noyabr 2020-ci ildə Ağdam şəhərinin erməni işğalından azad edilməsindən sonra stadion minalardan təmizlənib.[6]
Azərbaycan prezidenti İlham Əliyev Ağdam səfəri zamanı ermənilər tərəfindən dağıdılan "İmarət" stadionunun bərpa olunacağını və stadionun adının "İmarət" olacağını bildirib: "İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq."[7]
Gənclər və İdman Nazirliyinin 2022-ci il üzrə gözləntilərində Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa olacağı və stadionun tamaşaçı tutumunun 30 min nəfərdən çox olacağı qeyd edilib.[8]
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində "İmarət" stadionunun yerinin dəyişəcəyini deyib: "Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür stadion əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində olacaq" O, hazırda layihələndirmə işlərinin getdiyini bildirib: "Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur."[9]