Neftçi–Qarabağ 0:6 — 2020/21 Azərbaycan Premyer Liqası mövsümünün 8 noyabr 2020-ci ildə keçirilən IX turunda "Neftçi" Bakı PFK-nin öz meydanında, "Bakcell Arena"da "Qarabağ" Ağdam FK-nı qarşıladığı matç. Matçdan əvvəl "Neftçi" 2-ci yerdə qərarlaşmış, 2020/21 UEFA Avropa Liqası mövsümündə iştirak etdiyindən ölkə çempionatında bir oyun geridən başlamış "Qarabağ" isə 3-cü pilləni tutmuşdu. Avroliqa mövsümündəki məğlubiyyətlərindən qayıdan "Qarabağ" öz meydanında "Keşlə"yə 6:1 hesabla qalib gəlmiş, "Neftçi" isə çempionatın lideri "Sumqayıt" ilə heç-heçə etmişdi. Bu, Azərbaycan derbisinin 81-ci matçı, "Qarabağ"ın isə "Neftçi" üzərindəki 30-cu qələbəsi idi.
Neftçi–Qarabağ 0:6 | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 2020/21 Azərbaycan Premyer Liqası | ||||||
|
|||||||
Tarix | 8 noyabr 2020 | ||||||
Yer | Bakcell Arena, Bakı | ||||||
Hakim | Rəhim Həsənov | ||||||
Tamaşaçı | 0[a] |
Koronavirus pandemiyası səbəbilə Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, mövsüm boyunca keçirilən oyunlar azarkeşsiz keçirilmiş, bu qayda 11 min azarkeş tutumuna malik "Bakcell Arena"da da icra olunmuşdur. Həmçinin, oyunun keçirildiyi tarixdə Şuşanın işğaldan azad edildiyi açıqlanmışdı, bu səbəbdən futbolçular meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə çıxmışdır. Matçın baş hakimi Rəhim Həsənov, köməkçi hakimləri isə Namiq Hüseynov, Cəmil Quliyev və Orxan Məmmədov olmuşdur. Oyunda hesabı "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç 20-ci dəqiqədə açmış, birinci taym isə 29-cu dəqiqədə özünün penalti ilə və 38-ci dəqiqədə Mahir Emrelinin vurduğu qollar isə 0:3 olmuşdur. İkinci taymda da oxşar mənzərəyə malik olan matçın 50-ci dəqiqəsində Abdullah Zubir qol vurmuş, 52-ci dəqiqəsində isə Ozobiç het-trik müəllifi olmuşdur. Oyunun 75-ci dəqiqəsində Musa Qurbanlının vurduğu qol ilə hesab 0:6 olmuşdur.
Matç Azərbaycan derbisindəki ən böyükhesablı oyun, "Neftçi"nin ən böyük məğlubiyyəti idi. Oyun həmçinin, cari mövsümündə "Neftçi"nin ən böyükhesablı məğlubiyyəti, həm də mövsümdə qeydə alınan ən böyükhesablı səfər qələbəsi idi. "Neftçi"nin prezidenti Kamran Quliyev bu məğlubiyyəti "faciə" adlandırmış, klubun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov isə istefa etmişdir. Çox keçməmiş, Samir Abbasov "Neftçi"nin baş məşqçi vəzifəsinə təyin olunmuşdur. Mövsümün finalında "Neftçi" yenidən "Qarabağ"la qarşılaşmış, lakin bu dəfə 1:0 hesabı ilə Ağdam təmsilçisinə üstün gələrək yeddi il sonra ölkə çempionu olmuşdur.
2020-ci ilin iyununda AFFA Azərbaycanda koronavirus pandemiyasının kəskinləşməsi ilə əlaqədar 2019/20 Azərbaycan Premyer Liqası mövsümünün növbədənkənar başa çatdığını, 20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ"ın isə cari mövsümün çempionu olduğunu elan etmişdir.[4] Ağdam təmsilçisi cari mövsümdə sadəcə bir dəfə məğlub olmuşdu, o da 2:1 hesabı ilə nəticələnmiş "Sumqayıt" səfərinə təsadüf edirdi.[5] Həmin mövsüm ikinci yerdə qərarlaşan "Neftçi" 2020/21 UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak etmək hüququ qazanmışdı.[6]
"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin 2020-ci ilin yanvarında istefaya göndərilmiş,[7] əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılmışdı.[8] Həmin ilin iyulunda "Neftçi" Məmmədovla iki illik müqavilə bağlayaraq onun baş məşqçilik postundakı yerini təsdiqləmişdir.[9] Yay transfer pəncərəsində "Neftçi" Keysuke Honda,[10][11] Sabir Buqrin[12] və Yusuf Laval[13] kimi futbolçuları transfer etmiş, Mert Çeliki icarəyə götürmüşdür.[14] Həmçinin, "Qarabağ" Emil Balayev,[15] Patrik Andrade,[16] Kevin Medina[17] və Uroş Matiç[18] kimi futbolçularla heyətini gücləndirmiş, Vild-Donald Gerye isə "Neftçi"dən ayrılaraq yenidən Ağdam klubuna transfer olunmuşdur.[19]
Koronavirus pandemiyasının yayılması ilə yaranan şərait səbəbilə UEFA 2019/20 avrokuboklar mövsümünün olimpiya sistemi ilə keçiriləcəyi açıqlanmışdı.[20] 2020/21 UEFA Çempionlar Liqası mövsümünün birinci təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ" 18 avqust 2020-ci ildə Şimali Makedoniya təmsilçisi "Sileks" ilə keçirilən oyunun 80-ci dəqiqəsində hesab arasındakı fərqi 4 topa çatdıraraq mərhələ adlamışdır.[21] Ağdam klubu 26 avqust 2020-ci ildə keçirilən ikinci təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif" üzərində 2:1 hesablı qələbə qazanaraq 3-cü təsnifat mərhələsinə yüksəlmişdir.[22] "Qarabağ" 16 sentyabrda neytral meydanda, yəni Kiprdə Norveç təmsilçisi "Molde" ilə qarşılaşmışdır.[23] Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə nəticələnmiş, Ağdam təmsilçisi penalti seriyasında 5:6 hesablı məğlubiyyətlə Avropa Liqasının təsnifat mərhələsinin pley-offuna vəsiqə qazanmışdır.[24] Hər halda, Qarabağ 1 oktyabrda keçirillən pley-offda Polşa təmsilçisi "Legiya"nı 0:3 hesabla məğlub edərək UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır.[25]
"Neftçi" 2020/21 UEFA Avropa Liqası mövsümünün 28 avqust 2020-ci ildə keçirilən birinci təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"yə 2:1 hesabı ilə qalib gəlmişdi.[26] Buna baxmayaraq, Bakı təmsilçisi 17 sentyabrda "Qalatasaray" ilə qarşılaşmış, Türkiyə təmsilçisi ilə oyunda 1:3 hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşmışdır.[27][28]
"Neftçi" ilə "Qarabağ" 2020/21 Azərbaycan Premyer Liqası mövsümündə ilk dəfə 20 sentyabr 2020-ci il, mövsümün III turunda "Qarabağ"ın öz meydanı olan "Azərsun Arena"da qarşılamışdı.[29] "Qarabağ"ın hücumçusu Ovusu Kvabena 10-cu dəqiqədə hesabı açsa da, Voyislav Stankoviç və Namiq Ələsgərovun vurduğu qollarla "Neftçi" 1:2 hesablı qələbə əldə etmişdi.[30]
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində uğursuz çıxışlar edirdi. 5 noyabrda Türkiyə təmsilçisi "Sivasspor" ilə keçirilən matçda 2:0 hesabı ilə məğlub olan "Qarabağ" qrupda artıq ardıcıl üçüncü dəfə məğlubiyyət yaşamış, çıxış etdiyi "I" qrupunda sonuncu pillədə qərarlaşmışdı.[31] Buna baxmayaraq, Ağdam təmsilçisi 1 noyabrda, yerli çempionatın VIII turunda[32] "Keşlə" üzərində 6:1 hesablı qələbə əldə etmişdir.[33] Nəticədə, avrokuboklarda iştirakı səbəbilə yerli çempionatda bir oyun az keçirən və xallarının sayını 12-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlmişdir.[34] Eyni zamanda, "Neftçi" səfər oyununda "Sumqayıt" ilə heç-heçə əldə edərək 14-cü xalını qazanmış və ikinci pillədə qalmışdı.[35] Oyuna qədər klublar bir-birləri ilə 80 dəfə qarşılaşmış, bunlardan 21-də "Neftçi", 30-da "Qarabağ" qələbə qazanmış, 30 oyunda isə heç-heçə qeydə alınmışdır.[36]
Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, 2020-ci ilin martından bəri Azərbaycan Premyer Liqasının bütün matçları azarkeşsiz keçirilmişdir.[1][37] Bu, "Bakcell Arena"dakı oyuna da şamil olunmuşdur.
Oyun 8 noyabr 2020-ci ildə, Azərbaycan vaxtı ilə saat 15:00-da, "Neftçi"nin doğma meydanı olan "Bakcell Arena"da keçirilmişdir.[38][39] Oyun başlamazdan bir neçə saat əvvəl Azərbaycan Prezidenti İlham Əliyev davam edən İkinci Qarabağ müharibəsi çərçivəsində Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlamışdı.[40] Oyundan əvvəl futbolçular Azərbaycan Silahlı Qüvvələrinə dəstək pankartı qaldırmış, üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə meydana çıxmışdır. Görüşün startından əvvəl İlham Əliyevin çıxışına böyük ekranda baxılmış, ardından Azərbaycan himni səslənmişdir.[41][42]
"Neftçi"nin start heyətində cari mövsümdə Azərbaycan milli futbol komandasında çıxış etmiş Anton Krivotsyuk, Namiq Ələsgərov və Mirabdulla Abbasov, o cümlədən millinin U-21 komandasının müdafiəçisi Mert Çelik var idi. Ev sahibləriniin çalışdırıcısı Füzuli Məmmədov Fəhmin Muradbəyli, Emin Mahmudov və bir neçə yerli gənc futbolçunu ehtiyat skamyasında saxlamışdır. "Qarabağ" ilk on birliyində Azərbaycan yığmasında çıxış edən Şahrudin Məhəmmədəliyev, kapitan Qara Qarayev, Bədavi Hüseynov, Abbas Hüseynov və Mahir Emreli var idi. Gənc futbolçular İsmayıl İbrahimli, Toral Bayramov və Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanov tərəfindən start heyətə salınmışdı. Cari mövsümdə millidə çıxış etmiş Rahil Məmmədov, Maksim Medvedev və Emil Balayev isə ehtiyat oyunçuları arasında idi.[43]
Oyunda hesab 21-ci dəqiqədə "Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç tərəfindən açılmışdır. 26-cı dəqiqədə Qurban Qurbanov Patrik Andradeni fransalı legioner Abdullah Zubir ilə əvəz etmişdir. Bundan sonra, 29-cu dəqiqədə "Neftçi"nin müdafiəçisi Mert Çelikin cərimə meydançasında pozduğu qayda ilə "Qarabağ"ın lehinə 11 metrlik cərimə zərbəsi təyin edilmiş, özü isə sarı vərəqə ilə cəzalandırılmışdır. 30-cu dəqiqədə Ozobiçin vurduğu qolla hesab 0:2 olmuşdur. 39-cu dəqiqədə Füzuli Məmmədov iki əvəzetmə ilə Prins İbara və Sabir Buqrini meydana gətirmiş, Bruno Teluşi və Mirabdulla Abbasovu ehtiyat skamyasına göndərmişdir. Birinci taymın bitməyinə 6 dəqiqə qalmış "Qarabağ"ın hücumçusu Mahir Emreli vurduğu dəqiq zərbə ilə fərqi 3 topa çatdırmışdır. İkinci taymda da "Qarabağ" oyuna hakim olmuş və Zubirin 50-ci dəqiqədə vurduğu qolla hesab 0:4 olmuşdur. Çox keçməmiş, Ozobiç 52-ci dəqiqədə het-trik müəllifi olmuşdur. 66-cı dəqiqədə Buqrin sarı vərəqə ilə cəzalandırılmış, eyni vaxtda Toral Bayramov əvəz edilmiş, yerinə Musa Qurbanlı gəlmişdir. Qurbanlı meydana gəldikdən doqquz dəqiqə sonra oyunun son qolunu vuraraq hesabı 0:6 etmişdir. 77-ci dəqiqədə Ömər Buludov Fəhmin Muradbəyli ilə, 79-cu dəqiqədə isə Ozobiç qanalı hücumçu Ovusu Kvabena ilə əvəz edilmişdir.[43][44]
8 noyabr 2020 15:00 AZV |
|
Bakcell Arena, Bakı Tamaşaçı: 0[a] Hakim: Rəhim Həsənov |
||||||
Hesabat |
Neftçi Bakı
|
Qarabağ Ağdam
|
Köməkçi hakimlər:
|
Matçın nizamnaməsi[46]
|
"Qarabağ"ın 0:6 hesablı qələbəsi ilə nəticələnən matç böyük təəccüb doğurmuşdur.[45] Ümumiyyətlə, bu matç Azərbaycan derbisindəki ən böyükhesablı oyun, "Neftçi"nin ən böyük məğlubiyyəti idi.[47] Ehtiyatda bir oyunu olan "Qarabağ" qələbədən sonra xallarını 15-ə çatdıraraq liderliyə qalxmışdır. Ağdam təmsilçisi "Sumqayıt" və "Zirə" ilə eyni xala malik olsa da, top fərqi ilə 1-ci pillədə qərarlaşmışdı. 14 xalı olan "Neftçi" isə 3-cü pilləyə geriləmişdi.[48][49] Oyunda het-trik müəllifi olan Ozobiç mövsüm boyunca vurduğu qolların sayını 6-ya çatdırmış, "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani ilə bombardirliyi bölüşmüşdür.[48]
Oyundan bir neçə gün sonra, 11 noyabrda klubun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov istefa vermişdir.[3] Klub rəhbərliyi onları öz postlarında saxlamaq istəmiş, lakin uğursuz olmuşdu. "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasında yayımlanan "Həmsöhbət" verilişində iştirak edərkən matçı "faciə" adlandırmışdı.[50] Füzuli Məmmədov özü növbəti il verdiyi müsahibədə istefanın səbəbinin "Qarabağ"a böyük hesablı məğlubiyyət olduğunu vurğulamışdı.[51] Hər halda, Füzuli Məmmədovun yerinə Samir Abbasov "Neftçi"nin baş məşqçisi təyin edilmişdir.[52] "Neftçi" ölkə çempionatının 2021-ci ilin mayında keçirilən yekun turunda son yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək çempion olmuşdur. Ağdam təmsilçisi 2-ci pillədə qərarlaşmışdır.[53][54]