Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionu — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur.[1] Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir.[2]
Quzanlı Olimpiya İdman Kompleksi | |
---|---|
Tam adı | Quzanlı Olimpiya İdman Kompleksi |
Qeyri-rəsmi adı | Quzanlı stadionu |
Yeri | Ağdam rayonu |
Sahibi | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi |
Tamaşaçı tutumu | 2.000 |
Ev sahibi komanda | Qarabağ Futbol Klubu |
Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi 1 mart 2006-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Stadionun tikintisinin iki il ərzində başa çatdırılacağı planlaşdırıldı. Kompleksi "Alıbəyli" MMC şirkəti inşa etmişdir.[3] Stadion 17 yanvar 2008-ci il tarixində istifadəyə verilmiş,[4] 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nın ev stadionlarından biri kimi istifadə edilir. Stadiondakı ilk matç "İnter" Bakı FK-ya qarşı keçirilmişdir. Oyundan əvvəl konsertin keçirilməsi planlaşdırılsa da, bu baş tutmamış, əvəzinə rəsmi mərasim keçirilmişdir. Bu mərasimdə Ağdam rayonunun icra başçısı Həsən Sarıyev, Ağdamda Milli Məclisə deputat seçilmiş Aqil Abbas, Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev, AFFA-nın birinci vitse-prezidenti, deputat Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts, "Qarabağ" FK-nın baş direktoru Əmrah Çəlikəl iştirak etmişdir. Matç 1:1 hesabla heç-heçə nəticələnmiş, "Qarabağ"ın yeganə qolunu 34-cü dəqiqədə 17 nömrəli futbolçu Sedat Saini vurmuşdur.[5]
"Qarabağ" FK 2011-12 mövsümündə Quzanlını tərk etmək istəyirdi. Lakin "Azərsun" Azərbaycan futbol ictimaiyyətinin, yerli KİV-in təzyiqi ilə komandanı Ağdama qaytarır.[6] Klub rəhbərliyi növbəti mövsüm Quzanlını tərk edərək[7] Mərdəkandakı "Dalğa" Arenaya köçmüşdür.[6] Klubun baş məşqçisi Qurban Qurbanov buna səbəb olaraq, Quzanlı stadionunun vəziyyətinin pis olmasını göstərmişdir. Onun fikrinə görə, "payız aylarında, ümumiyyətlə, meydança bərbad vəziyyətdə olur. Bu, o demək deyil ki, biz Quzanlıda oynamaq istəmirik, yaxud oradakı azarkeşlərə qarşı hörmətsizlik edirik. Sadəcə, dediyimiz kimi, orada oynaya bilmərik, çünki şərait yoxdur. Yol yorğunluğu da əlavə problemdi".[8] "Qarabağ" FK-nın azarkeş qrupu "İmarət Tayfa"nın təsisçilərindən olan Elnur Quliyev qeyd etmişdir ki, "infrastruktur məsələsi orada çıxış edən komandanın inkişafına, formalaşmasına imkan vermirdi".[9] Jurnalist Elçin Cəfərova görə, "Azərsun" şirkəti "hər dəfə müxtəlif bəhanələr gətirərək "Qarabağ"ı Qarabağdan qaçaq salır", komandanın "Ağdam, ağdamlılar üçün nə qədər əziz olduğunu dərk etmir". O, qeyd edir ki, "komandanın rəhbərliyi hələ də zənn edir ki, pulu özü verirsə, deməli, bütün qərarları da heç nəyə məhəl qoymadan yalnız özü verməlidir! Futbol ictimaiyyətinin haqlı iradlarını qulaqardına vuran klub rəhbərliyi, təəssüf ki, "Qarabağ"ın Ağdamdakı minlərlə azarkeşini nəzərə almır. Unutmaq olmaz ki, hər bir komandanı yaşadan, ayaqda saxlayan məhz azarkeşlərdir"![6]
Deputat Aqil Abbas komandanın Ağdamın deyil, "Azərsun" şirkətinin olduğunu vurğulamış, komandanın harada oynatmaq onun öz hüququ olduğunu qeyd etmişdir. Ancaq onun fikrinə görə, komandadan "Ağdam sözünü çıxarmalıdırlar. Çünki bir komandanın ki, adında Ağdam sözü var, ora getməyə ərinirsə, o adı çıxarmalıdır. Guya yol uzaqdır, elə bil piyada gedirlər"![10] O həmçinin, "Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin. Onun-bunun dalınca düşmək lazım deyil" demişdir.[11] Klub rəhbərliyi növbəti mövsüm Quzanlını tərk etmişdir.[12] Deputat Bəxtiyar Sadıqov da bu yeniliyi "çox böyük təəssüf və təəccüblə hissi" ilə qarşıladığını demişdir. O düşünür ki, "bu insanlar üçün dövlət başçısı İlham Əliyev Azərbaycanda ilk dəfə olaraq kənd yerində olimpiya idman kompleksi tikdirdi. Bu, dövlət başçısının məcburi köçkünlərə və işğal rayonunda idmanın inkişafına qayğısıdır. Amma çox təəssüflər ki, komandaya sponsorluq edənlər müxtəlif bəhanələrlə və oyunbazlıqla çalışırlar ki, "Qarabağ" məcburi köçkün rayonunda, Ağdamın bu gün paytaxtı funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində, prezident İlham Əliyev tərəfindən tikilmiş olimpiya idman kompleksinin stadionunda oynamasın". Bu açıqlamalara bir cavab olaraq, "Qarabağ" FK-nın direktoru Əmrah Çəlikəl bildirmişdir ki, ""Qarabağ" klubu məşq və oyunlarının harada keçirməyi ilə bağlı qərarı çoxdan verib və o qərar hələ də qüvvədədir".[13] "Qarabağ" rəhbərliyi kompleksi ehtiyat meydançısı kimi istifadə etmək istəsə də, "həmin arenanın rəhbərliyi Quzanlı stadionunun ehtiyat meydança olmasına razılıq vermədi". Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev də "Qarabağ"ın bəzi oyunlarını Quzanlı stadionunda keçirmək istəyini geri çevirmişdir.[14]
"Azersun Holding" MMC-nin İdarə Heyətinin sədri və "Qarabağ" FK-nın prezidenti Abdulbari Gözəl 2020-ci ilin fevral ayında demişdir ki, ""Qarabağ"ın oyunlarından biri Quzanlı qəsəbəsində keçirilə bilər, amma bu yenə də Qurban Qurbanovun qərarıdır".[15]
Quzanlı Olimpiya İdman Kompleksi Azərbaycan Respublikasının Ağdam rayonuna daxil olan Quzanlı qəsəbəsində, Qarabağdakı keçmiş cəbhə xəttinin 200 metr aralıda yerləşir.[6]
Stadionun əvvəlcə iki həktarlıq bir ərazini əhatə etməsi planlaşdırılsa da,[3] axırda kompleksin üç hektar ərazisi olmuşdur. Kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman zalı (20x40 m), habelə kiçik idman salonu, trenajor zalı, məşq salonları inşa edilmişdir. Kompleksin ərazisində 2 min yerlik tribunaları olan təbii ot örtüklü futbol stadionu (75x115 m), voleybol və basketbol meydançaları mövcuddur.[4]
Quzanlı Olimpiya İdman Kompleksinin ərazisində 10 otaqlı, 30 yataq yeri olan mehmanxana da var.[4]