Əli Tağızadə

Əli Əli oğlu Tağı-zadə (22 mart (3 aprel) 1883, Tiflis3 fevral 1966, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959–1963), Ermənistan SSR xalq ictimai təminat komissarı (1929–1932), Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1933–1935), məşhur futbolçu Zaur Tağızadənin atasının babasıdır.[mənbə göstərin]

Əli Tağızadə
25 noyabr 1959 – 29 mart 1963
ƏvvəlkiQəzənfər Cəfərli
SonrakıMəmməd Arif
bayraq
Ermənistan SSR xalq ictimai təminat komissarı
bayraq2
1929 – 1932
ƏvvəlkiBala Əfəndiyev
SonrakıArtem Ağamalyan[erm.]
bayraq
Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi
bayraq2
1933 – 1935
ƏvvəlkiHaqverdi Haqverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri I Fəxri Xiyaban
Partiya
Fəaliyyəti inqilabçı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni
"Qırmızı bayraq" ordeni (Ermənistan SSR) — 1936
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və inqilabi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əli Əli oğlu Tağızadə 22 mart (3 aprel) 1883-cü ildə[1] Tiflisdə suçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından ibtidai ruhani məktəbində təhsilini yarımçıq qoyaraq boyaq emalatxanasında usta şagirdi işləməyə başlamışdır.[2] 1903-cü ildən inqilabi hərəkata qoşulmuş, 1906-cı ilin iyunundan RSDF(b)P üzvü olmuşdur. Əli Tağızadə partiyanın tapşığı ilə digər bolşeviklərlə birlikdə "Hümmət"in Tiflis, Naxçıvan, Culfa və başqa şəhərlərdəki şöbələrinin yaradılmasında fəal iştirak etmişdir.[3]

1907-ci ildə Əli Tağızadə RSDF(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Qacar hökumətinə qarşı üsyana qalxmış fəhlə və kəndlilərə kömək etmək üçün Cənubi Azərbaycana göndərilmişdir. O, bolşeviklərdən Heydər (Əmi oğlu) Tanrıverdiyev, İ. Mikaladze, S. Banvoryan və başqaları ilə birlikdə işləmişdir. Tiflisə qayıtdıqdan sonra İran inqilabçılarına döyüş sursatı göndərilməsinin təşkilində iştirak etmişdir. Bu fəaliyyətinə görə o, 1908-ci ilin avqustunda xəfiyyə idarəsi tərəfindən həbs edilərək Metex qalasına salınmışdır. Tutarlı dəlillər olmadığına görə həbsxanadan azad edilmiş, 1911-ci ildə partiyanın tapşırığı ilə ikinci dəfə İrana gedərək orada inqilabi təşviqat işləri aparmışdır.[2][4]

1917-ci il fevral inqilabından sonra Əli Tağızadə kütlələr içərisində inqilabi iş aparmışdır. 1917-ci ilin sentyabr ayında RSDF(b)P Qafqaz Ölkə Komitəsi onu rus ordusunun əsgərləri və fəhlələr arasında təşviqat aparmaq məqsədilə yenidən Cənubi Azərbaycana göndərilmişdir. O, digər bolşeviklərlə birlikdə Dilman şəhərində əsgər deputatları soveti təşkil etmiş və həmin şuranın icraiyyə komitəsinin tərkibinə seçilmişdir. 1917-ci ilin axırlarında yenidən Tiflisə qayıtmışdır.[5] Oktyabr inqilabı ərəfəsində digər bolşeviklərlə birlikdə türk və almanlara, eləcə də onların tərəfdarları olan gürcü menşeviklərinəmüsavatçılara qarşı qəti çıxışlar etmiş, iki dəfə GəncəQazaxa gedərək Qafqaz bolşevik komitəsi üzvlərinə mövcud vəziyyət barədə məruzələr etmişdir. Partiyanın tapşırığı ilə Əli Tağızadə 1918-ci ilin yayında misəritmə zavodunun fəhlələri arasında təbliğat işi aparmaq üçün Gədəbəyə göndərilmişdir. Həmin vaxtlarda o, Borçalı qəzasının kəndlərində, Tiflisin bir sıra müəssisələrində partiya Kommunist Partiyası özəklərinin təşkili ilə məşğul olmuşdur.[4]

1919-cu ilin sentyabrında Əli Tağızadə RK(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Bakıya göndərilmiş və burada bolşevik təşkilatı ilə əlaqə yaratmışdır. O, Tiflisdəki vəziyyətə dair məlumat vermiş və Azərbaycan dilində çoxlu miqdarda partiya ədəbiyyatı götürərək yenidən Tiflisə qayıtmışdır. Tiflisdə 6-cı rayonun qərargah üzvü olan Əli Tağızadə Gürcüstan menşevik hökuməti əleyhinə silahlı üsyan hazırlanmasında fəal iştirak etmişdir. Bu zaman o, Tiflis İnqilab Komitəsinin tərkibinə daxil olmuş, 6-cı rayonun partiya konfrasında isə rayon partiya komitəsinin katibi seçilmişdir.[5]

Sovet hakimiyyəti dövründə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1921-ci ilin fevral ayında Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Əli Tağızadə burada rəhbər partiya və sovet işlərində çalışmış, eləcə də Vladimir Leninin rəhbərlik etdiyi IX Ümumrusiya Sovetlər qurultayına[rus.] nümayəndə seçilmişdir. O, 1922-ci ildə inqilab komitəsinin, Borçalı qəzasında sovetlərə seçkilər üzrə müvəkkil vəzifələrində işləmiş, 1923–1924-cü illərdə Gürcüstan K(b)P və RK(b)P Zaqafqaziya Ölkə Komitəsi partiya nəzarət komissiyalarının üzvü seçilmişdir. 1924–1925-ci illərdə Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin katibi, 1925–1927-ci illərdə kənd təsərrüfatı kooperasiyası idarə heyətinin sədri, 1927–1928-ci illərdə Gürcüstan SSR Ali Məhkəməsi kollegiyasının üzvü, 1928–1929-cu illərdə isə Zaqafqaziya Dövlət Ticarəti İdarəsinin şöbə müdiri olmuşdur.[5][6]

Əli Tağızadə Ermənistan SSR-ə rəhbər işə göndərilərək 1929–1932-ci illərdə (Bala Əfəndiyevdən sonra) Ermənistan SSR xalq ictimai təminat komissarı, eyni zamanda İrəvanda çıxan "Qızıl şəfəq" qəzetinin redaktoru olmuş, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş, 1933–1935-ci illərdə Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi işləmişdir.[7] 1938-ci ildə xalq düşməni kimi həbs olunmuş, lakin 1940-cı ildə azad edilmişdir.[1] Bundan sonra o, Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərilmiş, lakin sonralar təqiblər səbəbindən Bakıya gəlmişdir.[7]

1946-cı ildən təqaüdə çıxaraq Bakıda yaşayan Əli Tağızadə Azərbaycan SSR Ali Sovetinin (4–6-cı çağırış)[8] deputatı seçilmiş, 1959–1963-cü illərdə isə sədri olmuşdur.[3] O, dəfələrlə ZSFSR, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin, Azərbaycan və Ermənistan K(b)P Mərkəzi Komitələrinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur.[9] 1957-ci ildən həyatının sonuna qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi yanında İnqilabi Şöhrət Şurasının sədri vəzifəsində çalışmışdır.[7]

Əli Tağızadə 1905–1907-ci illərin birinci rus inqilabında fəal iştirak etdiyi üçün və inqilabi xidmətlərinə görə "Qırmızı əmək bayrağı" və Ermənistan SSR-in "Qırmızı bayraq" (1936) ordenləri, eləcə də medallarla təltif edilmişdir.[2]

Əli Tağızadə 3 fevral 1966-cı ildə vəfat etmişdir.[10] Bakıdakı küçələrdən biri onun adını daşıyır.[3]

  1. 1 2 "Таги-заде Али Али оглы". knowbysight.info. Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 11 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2021.
  2. 1 2 3 Әли Тағызадә // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 3.
  3. 1 2 3 Тағызадә Әли // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 119–120.
  4. 1 2 Ә. Әсәдов. Ингилаб әсҝәри: [Ә. Тағызадәнин анадан олмасынын 100 иллији] // Коммунист. № 260 (18493). 11 нојабр 1983-ҹү ил. С. 3.
  5. 1 2 3 Ә. Тағызадә // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 134–136.
  6. Tağızadə Əli // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 197.
  7. 1 2 3 Nazim Mustafa. İrəvan şəhəri. Bakı. 2020. səh. 169. ISBN 978-9952-37-473-5.
  8. Тағызадә Әли // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 288.
  9. Әли Тағызадә // Коммунист. № 29 (13115). 4 феврал 1966-ҹы ил. С. 3.
  10. Tagizade, Ali // Who was who in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1972. səh. 532.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]