Abaddon (Rövşən Abdullaoğlunun əsəri)

AbaddonRövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı.[1][2]

Abaddon
Romanın VI nəşri
Romanın VI nəşri
Müəllif Rövşən Abdullaoğlu
Janrlar intellektual, psixoloji, detektiv
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2018
Nəşriyyat Qədim Qala
Əvvəlki Relslər üzərinə uzanmış adam
ISBN ISBN 978-9952-8078-5-1
Romanın ilk nəşri

Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.

Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.

Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Kitab 2018-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "intellektual psixoloji detektiv" silsiləsində 384 səhifədə 60x84 ölçüsündə çap edilib. 2021-ci ilə qədər 6 dəfə təkrar nəşr edilib.

Roman həmçinin rus[3], ingilis[4]ərəb dillərinə də tərcümə edilib.[5]

12 may 2018-ci ildə kitab ilk dəfə nəşr olunandan sonra cəmi bir neçə saat ərzində tamamilə satılaraq qurtarıb. "Abaddon"un ilkin nəşri topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Əvvəlcədən onlayn qaydada sifariş edən alıcıların kitabları isə tədricən ünvanlarına çatdırılıb.[6][7][8]

Beynəlxalq ədəbi qurumların rəyləri

[redaktə | mənbəni redaktə et]

Self-Publishing Review” peşəkar ədəbi tənqid və redaktə xidmətləri təklif edən, kitablarla bağlı rəylər, məqalələr və yenilikləri dərc edən mötəbər ədəbi qurumdur. Fəaliyyəti haqqında “The Guardian”, “The Huffington Post”, “Writer's Digest”, “Forbes” və “The New York Times” kimi nəhəng mətbuat orqanlarında bəhs edilmiş və xidmətləri tövsiyə edilmişdir.

Self-Publishing Review:

“Bu detektiv əsər möhtəşəm nəsr nümunəsidir... “Abaddon” psixoloji trillerdən daha artığıdır – burada mədəni önyarğılar, psixi sağlamlıq, hakimiyyət uğrunda mübarizənin təbiəti, təhrif olunmuş əxlaqi cizgilər, incəsənət, mifologiya, elm və bir çox başqa sahələrə də toxunulur.

Bu qeyri-adi hekayəni, həqiqətən, oxumağa dəyər. Səhifələr çevrildikcə bizi cəhənnəmin təbəqələrinə daha da qərq edən “Abaddon” daim yenilikçi və sərrast söz ustasından növbəti təsirli yaradıcılıq nümunəsidir”.

BookLife” şirkəti (http://booklife.com/) 1872-ci ildən fəaliyyət göstərən, "kitab dünyasının İncili" kimi tanınmış "Publishers Weekly" beynəlxalq mətbuat orqanın müstəqil nəşrlər üçün ayrılmış qoludur. Fəaliyyətinin əsas istiqamətini kitabların oxunub dəyərləndirilməsi təşkil edir. 2016-cı ildən "Publishers Weekly" şirkətinin dəstəyi ilə bədii və qeyri-bədii ədəbiyyat üzrə illik “BookLife Prize” müsabiqəsini keçirir.

BookLife Prize:

“Süjet orijinal, üslub çalarları arasındakı keçidlər xeyli unikaldır. Nəsr sadə dillə qələmə alınıb, İrlandiya təbiətinin təsvirləri çox gözəldir”.

Kirkus Book ReviewsNyu-Yorkda yerləşən, ədəbi tənqid sahəsində səksən illik təcrübəsi olan, il ərzində 7000–10 000 yeni kitabı dəyərləndirən ədəbi qurumdur.

Kirkus Reviews:

“Qətllərin qorxunc təbiəti bu janrın pərəstişkarlarına hakim kəsilərək onları öz ardınca sürükləyəcək”.

IndieReader2009-cu ildə əsası qoyulmuş, beynəlxalq kitab müsabiqələrinin təşkilatçısı olan ədəbi tənqid qurumudur. Fəaliyyəti “The Wall Street Journal”, “ The Huffington Post”, “USA today”, “Forbes”, “The New York Times” kimi nəhəng mətbuat orqanları tərəfindən dəstəklənir.

IndieReader:

“İlk cümlələrdən sona qədər oxucunu bir an belə cazibə dairəsindən buraxmayan gərginlik və sirr torları hörən müəllif parlaq bir psixoloji dram nümunəsi yaradıb”.

"Readers’ Favorite" kitablara rəy və mükafat verilməsi ilə məşğul olan, fəaliyyəti Better Business Bureau (BBB) tərəfindən yüksək (A+) dəyərləndirilmiş ədəbi qurumdur və rəyləri məşhur “Penguin Random House”, “Simon & Schuster” və “Harper Collins” nəşriyyatları tərəfindən mötəbər bilinir. “Müstəqil Müəlliflər Assosiasiyası” (“Association of Independent Authors”) tərəfindən “Best Websites for Authors” və “Honoring Excellence” mükafatlarına layiq görülmüşdür.[9][10]

Lesli Cons “Readers' Favorite” üçün:

“Əsərin süjeti çox cəlbedicidir və elə ilk fəsildən diqqətinizi özünə bənd edəcək. Fövqəladə ustalıqla qələmə alınmış qətl səhnələri çox canlı alınıb. Müəllifin hər iki hekayə xəttini bu qədər rahatlıqla bir araya gətirməsinə heyran qaldım. Süjetin dolambacları unikal, sonluğu isə mükəmməldir. Abaddon parlaq və unudulmaz bir əsərdir”.

  1. İlkin İzzət. "Rövşən Abdullaoğludan psixoloji detektiv janrında yeni roman - "Abaddon" - FOTO" (az.)). milli.az. 2018-05-12. 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
  2. "Rövşən Abdullaoğlunun yeni romanı – "Abaddon"" (az.)). kulis.lent.az. 2018-05-12. 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
  3. "Абаддон". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  4. ABADDON
  5. "Azərbaycanlı yazıçının kitabı Misirdə çapdan çıxıb". Azərtac. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  6. İlkin İzzət. "Azərbaycanda rekord - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı" (az.)). milli.az. 2018-05-15. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  7. Azərbaycanda REKORD - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı[ölü keçid]
  8. Azərbaycanda rekord Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı[ölü keçid]; googleusercontent
  9. "Onun adı 3 milyon tirajla buraxılan "US Today"da gedəcək…". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  10. Onun adı 3 milyon tirajla buraxılan “US Today”da gedəcək…[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]