Alatoran (ing. Twilight) — Stefani Mayer tərəfindən yazılmış vampir-sevgi romanıdır.[3][4] Alatoran romanlar seriyasının birinci kitabı olan əsərdə Feniks, Arizonadan Forks, Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur. “Alatoran” romanındakı hadisələr “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında davam etdirilir.
Alatoran | |
---|---|
Twilight | |
Müəllif | Stefani Mayer |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 5 oktyabr 2005 |
Seriya | Alatoran |
Nəşriyyat | Little, Brown and Company |
Səhifə |
498[1] (bərk cild) 544[2] (yumşaq cild) |
Əvvəlki | yoxdur |
Sonrakı | Yeni Ay |
ISBN | ISBN 0-316-16017-2 |
2005-ci ildə ilk dəfə sərt üz qabığında nəşr edildikdən sonra, satışa çıxarılmasının bir ayında, roman New York Times Best Seller siyahısında beşinci yerdə qərarlaşır[5], qısa müddət sonra isə birinci yerə kimi yüksəlir.[6] Həmin il, “Alatoran” “Publishers Weekly” tərəfindən 2005-ci ilin Ən Yaxşı Uşaq Kitabı adlandırılır.[7] Roman həmçinin 2008-ci ilin ən çox satılan kitabı[8], 2009-cu ilin ikinci ən çox satılan kitabı olmaqla, yalnızca davamı olan “Yeni ay” romanından geri qalır.[9] Roman 37 dilə tərcümə edilib.[10]
İlk nəşr edildiyi dövrdə roman tənqidçilər tərəfindən əsasən müsbət qarşılanır. Tənqidçilər romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edirlər və "yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını yaxşı əks etdirməsi”ni qeyd edirlər. Digər tərəfdən, tənqidçilər qeyd edirlər ki, Bellanın Edvardla tanış olması səhnəsi “obrazın özündən daha magik” təsvir edilib və Bella zəif qadın obrazıdır.
Alatoran romanının film adaptasiyası 2008-ci ildə təqdim edilib. Film böyük kommersiya uğuru əldə edərək, bütün dünyada $392 milyondan çox gəlir əldə edib[11], əlavə olaraq, Şimali Amerikada DVD satışlarından 2009-cu ilin iyuluna kimi $157 milyon gəlir əldə edib.[12]
Anasının beysbolçu ilə evlənməsindən sonra, on yeddi yaşlı İzabella “Balla” Svon, atası Çarli ilə birgə yaşamaq üçün Vaşinqton yaxınlığındakı kiçik Forks şəhərinə köçür. Tezliklə məktəbdəki bir çox uşaqla dostlaşmasına baxmayaraq Kallenlərdən biri ilə arasında intriqa münasibəti yaranır. Məktəbdəki ilk günündə o biologiya dərsində Edvard Kallenlə yanaşı oturur, nə qədər münasibət qurmağa çalışsa da, Edvard bundan imtina edir. Bir neçə gün sonra diqqətsizlik edən Bella məktəbin həyətində avtomobil qəzası təhlükəsi yaşayır. Bu zaman qeyri-insani sürətlə hərəkət edən Edvard Bellanın yanına gələrək maşını geri itələyir və qızı xilas edir. Daha sonra bu hadisəni unutmağı Belladan xahiş edir və ondan uzaq durmağı məsləhət görür.
Uzun müddət axtardıqdan sonra Bella öyrənir ki, Edvard vampirdir, lakin yalnız heyvan qanı ilə qidalanır. Onlar bir-birlərinə aşiq olurlar və Edvard Bellanı vampir ailəsi Karlayl, Esme, Elis, Casper, Emmet və Rozali ilə tanış edir. Bir qədər sonra şəhərə köçəri vampirlər Ceyms, Viktoriya və Loran şəhərə gəlir. Edvardın insanı müdafiə etməsi izləyici vampir Ceymsi əsəbləşdirir və o, Bellanı incitmək qərarına gəlir. Edvard və ailəsi Bellanı qorumaq üçün həyatları ilə risk etsələr də, Ceyms onu qaçıraraq anası ilə birgə yaşadığı Feniks şəhərinə gətirir. Ceyms hücum edərək Bellanın biləyindən dişləyir, lakin Kallenlər ailəsinin digər üzvlərindən daha sürətli olan Edvard Bella ölməmiş özünü hadisə yerinə çatdıra bilir. Ceyms öldürülür, Edvard Ceymsin zəhərini Bellanın qanından soraraq onun vampirə çevrilməsinin qarşısını alır. Bella gözünü açdıqda hospitalda olur, anası bütün gecə Edvardın onun yanından ayrılmadığını deyir. Forksa dönən Bella və Edvard məktəb şənliyində rəqs edərkən, Bella Edvarda vampir olmaq istədiyini deyir. Film sevgilisi Ceymsin qisasını almaq istəyən Viktoriyanın onları güdməsi ilə başa çatır.
Stefani Mayer qeyd edir ki, “Alatoran”ı yazmaq ideyası onda 2 iyun, 2003-cü ildə gördüyü yuxudan sonra yaranmışdır. Yuxu insan qız və onu sevən vampir oğlan haqqında idi. Bu yuxu əsasında Mayer ilk olaraq romanın 13-cü fəslini işləmişdi.[16] İlk öncə əsər Forks adlandırılmışdı və bu adın “Alatoran” olaraq dəyişdirilməsini naşir tələb etmişdi. Əsəri işlədiyi müddətdə o, obrazlarına ad da seçməmişdi və romanı yazarkən onları “o” (he, she) adlandırırdı. Daha sonra “Şarlotta Brontenin Mr. Roşesteri” və “Ceyn Ostinin Mr. Ferrarsı” ona kişi obrazı üçün Edvard adını seçməyə kömək olmuşdur, qız qəhrəmanını isə o, öz övladı üçün seçdiyi İzabella adı ilə adlandırmışdır. Rozali və Casper isə orijinalda Karol və Ronald adlandırılmışdı.[17]
Mayer, hekayənin əvvəlini düşünmədən, 13-cü fəsildən başlayaraq davam edir və ardıcıllıqla fikirləşdiklərini anladırdı. Sonuncu fəsil isə elə hey uzanırdı. O, həmçinin romana uzun bir epiloq da yazmışdı. Bu hissəni tamamladıqdan sonra yazıçı müəyyən etmişdi ki, əslində heykayənin əvvəli haqqında deyiləcək o qədər də sözü yoxdu və yalnız beş və ya altı fəsil yaza bilər. Buna görə də, fəsil nömrələməsi dəyişdirilmişdi.[18] Üç ayın tamamlanmasında Mayer öz yuxusunu böyük bir romana çevirə bilmişdi[19], lakin, düşünürdü ki, “Alatoran”ı heç vaxt nəşr etdirməyəcək və onu yalnızca özü üçün yazıb.[20] Cəmiyyətdən təcrid olunmuş çalışmalarla keçən yaydan sonra, 29 avqust 2003-cü ildə o, romanın əlyazmasını tamamlamışdı.[21]
Əlyazmanı oxuyan bacısı romanın möhtəşəm olduğunu bildirmiş və onu ədəbi agentliklərdən birinə satmağı məsləhət görmüşdü.[22] On beş ünvana bu haqqda müraciət edilməsinə baxmayaraq, onlardan beşi müraciəti cavabsız qoymuş, doqquzu cavab vermiş və həmin cavablardan yalnız sonuncusu, “Yazıçılar Evi”ndən Codi Remerin cavabı müsbət olmuşdu.[23] Redaktə zamanı romanın iyirminci fəsili, Emmetə ayı hücum etməsi səhnəsi və epiloqun bəzi hissələri ixtisar edilmişdi.[24]
Stefani Mayer qeyd edir ki, kitabın üz qabığındakı alma Yaradılış kitabındakı qadağan olunmuş meyvəni simvolizə edir. Bu, romanın əvvəlində istinad edildiyi kimi Yaradılış 2:17-də qadağan olunmuş Yaxşı və Pis haqqında Bilik Ağacının meyvəsinə bənzədilən Edvard və Bella sevgisini simvolizə edir.[25] Mayer həmçinin qeyd edir: “Əgər sən onu dişləsən geniş bacarıqlarını kəşf edərsən və ya dişləməkdən imtina edərək hamının bildiyi təhlükəsiz və sakit həyat seçərsən.”[26] Alternativ üz qabığnda filmdə əsas obrazları canlandırmış Kristen Stüart və Robert Pattinsonun şəkilləri var.
“Alatoran” romanı əvvəlcə on dörd agent tərəfindən rədd edilmişdi[28], lakin, 2003-cü ildə keçirilmiş auksionda səkkiz naşir "Alatoran"ı nəşr etmək üçün yarışırdı.[23] “Little, Brown and Company” nəşriyyatı romanın nəşr edilməsi üçün $300,000 təklif etsə də, Mayerin agenti $1 milyon tələb edirdi, sonda naşirlə üç kitabın nəşri üçün $750,000 dollarlıq razılaşma əldə edildi.[29] "Alatoran" ilk dəfə 2005-ci ildə 75,000 nüsxə ilə nəşr edildi.[23] Roman satışa çıxarılmasının bir ayında New York Times Best Seller Siyahısında beşinci yerə yüksəldi[5], bir müddət sonra isə birinci yeri tutdu.[6] Romanın xarici nəşr hüquqları 26 ölkəyə satıldı.[30]
2008-ci ilin oktyabrında “Alatoran” “USA Today”in “Son 15 ilin ən çox satılan kitabları siyahısı”nda 26-cı yerdə qərarlaşdı.[31] Daha sonra kitab həm də, 2008-ci ilin ən çox satılan[32], 2009-cu ilin isə ikinci ən çox satılan kitabı olmaqla, yalnız davamı olan “Yeni ay” kitabından geridə qaldı.[33]
“Alatoran” ilkin olaraq tənqidçilər tərəfindən müsbət qarşılanmış və “Publishers Weekly” Mayeri “2005-ci ilin ən prespektivli yeni yazarlarından biri” adlandırmışdı.[34] “The Times” romanı “yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını mükəmməl əks etdirən əsər” kimi qiymətləndirir[35], Amazon.com isə romanı “çox romantik və qeyri-adi hissiyyatlı” adlandırır.[36] “School Library Journal”dan Hillias J. Martin qeyd edir ki, “Realistik, incə, qısa, izlənməsi asan, Alatoran, insanları tamamilə mövzuya qərq edən bir əsərdir.”[37] “TeenReads”dən Nora Fiel yazır: “Alatoran sevgi və qorxunun həyəcanlı birliyidir.”[38] “Publishers Weekly”də kitab haqqında nəşr edilmiş rəydə qeyd edilir ki, Bellanın “Edvarda uzaqdan təsir etməsi”, onların təhlükəli münasibətləri və “Edvardın daxili istəyi” yeniyetməlik dövründə insanların seksual hisslərinin alt-üst olmasının metaforik təsviridir.[39] “Booklist”də yazılır: “Əsərdə bəzi qüsurlar vardır, məsələn, süjet dialoqlar vasitəsiylə xeyli uzadılır, obrazların sifət təsvirləri üzərində çox dayanılır, lakin qaranlıq romantikanı dəstəkləmək üçün edilmiş bütün bu gedişlər insanın ruhuna işləyir.”[40] “The Daily Telegraph”dan Kristofer Midlton kitabı “qanlı yüksək məktəb draması” adlandırır və qeyd edir ki, “şübhəsiz ki, bu kitab onu oxuyan şəxslərdə ciddi təsir buraxacaq.”[41] “The Post and Courier”dən Cennifer Heyvs qeyd edir ki, “ “Alatoran” Stefani Mayerin ilk kitabıdır kİ, məni bu qədər dərindən sarsdı və mən öz kitabımı itirdikdən sonra, tanıdığım əv yaxın yeniyetməni çağıraraq, ondan kitabın nüsxəsini xahiş etdim.”[42] “Suite101.com”dan Roberta Qoli romanı müsbət dəyərləndirir və qeyd edir ki, “romanın birinci yarısında demək olar ki, hərəkət yoxdur”, yazı “axıcıdır” və hekayə “maraqlıdır”. O, həmçinin, yeniyetmələrin duyğularını daha dəqiq təsvir etmək üçün əsas obrazlar arasındakı dərin hissi münasibətlərə də diqqət cəlb edir.
“Kirkus Reviews” əsərə daha çox qarışıq rəy verərək, bildirir ki, “[Alatoran] mükəmməllikdən çox uzaqdır: Edvard bayronsayağı monster qəhrəman kimi təsvir edilir, Bella isə lazım olduğundan daha magik xarakterə malikdir. Buna baxmayarq, təhlükəli sevgi həvəskarları və dara romantika vurğunları çətin ki, bu əsərə qarşı müqavimət göstərə bilələr."[43] “The New York Times”da nəşr edilmiş rəydə deylir: “ “Alatoran” romanının həsr edildiyi mövzu cazibədar və inandırıcıdır – kimin yaraşıqlı qəriblə fövqəladə sevgi haqqında fantaziyası yoxdu ki? – lakin, kitab bəzi hissələrdə həvəskar yazı tərzindən əziyyət çəkir. Bir qədər daha çox “göstərmək” və daha az “danışmaq” yaxşı ola bilərdi, xüsusilə, Edvardın sarsıdıcı gözəlliyi və Bellanın ölməz sevgisinə edilən həddəan artıq istinadların bir qədər ixtisarı çox yaxşı olardı.”[44] Bir müddət sonra “Daily Telegraph”da qeyd edildi ki, “Mayerin bu qədər cəfəngiyyat uydura bilməsi heyranedicidir.”[45] Elizabet Hendin “Washington Post”da nəşr edilmiş rəyində isə qeyd edilir ki, “Mayerin nəsri nadir hallrda yararlılıq dərəcəsindən yuxarı qalxır.”[46]
“Alatoran”, “dini dünyagörüşü” və "şiddət təsvirləri” səbəbiylə Amerika Kitabxanaları Assosasiyasının (American Library Association's (ALA)) 2010-cu ilin Ən Çox Müzakirə olunan Kitabların Onluğuna salınmışdır.[47] 2009-cu ildə də roman "cinsəllik məzmunu”, “nəzərə alınmamış yaş həddi” və “dini dünyagörüşü” səbəbiylə eyni siyahıya salınmışdır.[48]
“Alatoran” romanının film adaptasiyası Summit Entertainment tərəfindən hazırlanmışdır. Ketrin Hardvik tərəfindən ekranlaşdırılmış filmdə əsas rolları Kristen Stüart və Robert Pattinson canlandırmışlar. Ssenari Melissa Rozenberq tərəfindən işlənmişdir. Film ABŞ kinoteatrlarında 21 noyabr 2008-ci ildə[49] vizyona girmiş, 21 mart 2009-cu ildə DVD formatda satışa çıxarılmışdır.[50] Avstraliyada DVD satışı 22 aprel 2009-cu ildə başlamışdır.
15 iyul 2009-cu ildə “Entertainment Weekly” “Alatoran” romanının qrafik roman adaptasiyası üzərində işlər getməsi haqqında şaiyələri təsdiqlədi. Kitab koreyalı rəssam Yanq Kim tərəfindən hazırlanmış və Yen Press tərəfindən nəşr edilmişdir. Stefani Mayer kitabın hər səhifəsinə şəxsən rəy vermişdir. “EW” jurnalında qeyd edilir ki, “Kitabdakı təsvirlər Kristen Stüart və Rob Pattinsonun rəssam tərəfindən çəkilmiş görüntüləri olmamalı idi, burada yazıçının fantasiyaları və aktyorların real görünüşünün qarışığından əldə edilmiş təsvirlər təqdim edilir.” “EW” jurnalının 17 iyul 2009-cu il nömrəsində, Bella, Edvard və Ceykob obrazlarının yekun təsvirləri də təqdim edilirdi.[51] Qrafik romanın birinci hissəsi 16 mart 2010-cu ildə satışa çıxarılmışdı.[52]
SM:"He's such a pessimist—oh my gosh, Edward‘s a pessimist."
SH:"...there's something a little Rochestery about Edward for me." SM:"Yeah."
SM:...And I finished it around my brother‘s wedding, which was—he just had his anniversary—I think it was the twenty-ninth of August?
It asks if you are going to bite in and discover the frightening possibilities around you or refuse and stay safe in the comfortable world you know.