Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirrli vampir hücumlarının səbəbini anlamağa çalışır.
Tutulma | |
---|---|
Eclipse | |
Müəllif | Stefani Mayer |
Janr | roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 7 avqust 2007 |
Seriya | Alatoran |
Nəşriyyat | Little, Brown and Company |
Səhifə | 629 |
Əvvəlki | Yeni Ay |
Sonrakı | Sübh |
ISBN | ISBN 978-0-316-16020-9 |
“Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş,[1] və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır.[2] 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir.[3]
Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır.
Hadisələr Sietlda vampir hücumları xəbəri ilə başlayır, naməlum bir vampir tərəfindən yaradılmış gənc vampirlər qana hərisliklərini idarə edə bilmədikləri üçün çoxlu insanlar öldürür, izləri itirməyi də bacarmırlar. Edvard və Bellanın birlikdə kollecə qəbul olmasından sonra, Bella Edvarddan dostu Ceykob Bleklə görüşmək üçün icazə istəyir. Lakin, Edvard Bellanın təhlükəsizliyi üçün narahat olur, buna görə də onların görüşməsinə yaxşı baxmır. Görüşlərdən birində Ceykob Bellaya onu sevdiyini və Edvardın yerinə onu seçməsini arzuladığını bildirir, Bella isə ona yalnız dost kimi baxdığını bildirir. Bu arada Elis Kallen qisas almaq üçün Bellanı izləyən Viktoriyanın Forksa döndüyünü görür. Bir neçə gün sonra isə Edvard Bellaya evlənmək təklifi edir.
Bella və Kallenlər daha sonra müəyyənləşdirirlər ki, Sietlda qətllər törədən yeni doğulmuş vampirlər “ordu”su Viktoriya tərəfindən idarə olunur. Kallenlər bu təhlükəni rədd etmək üçün canavar adamlar dəstəsinin də köməyindən istifadə etmək qərarına gəlirlər. Hamı döyüşə hazırlaşır, Edvard, Bella və Ceykob döyüş vaxtı dağlarda gizlənirlər, sonradan Set Klirvoter də onlara qoşulur.
Səhər tezdən Ceykob, Edvard və Bellanın arasındakı səmimi münasibəti görərək qısqanır və özünü ölümün pəncəsinə atmaq üçün döyüşə gedəcəyini bildirir. Onun döyüşə getməsinin qarşısını almaq üçün Bella Ceykobdan onu öpməyi xahiş etməyə məcbur olur. Bu öpüşdən sonra Bella əslində Ceykoba qarşı da sevgi hisslərinin olduğunu və bu vaxta kimi özünü aldatdığını başa düşür. Döyüş zamanı Viktoriya Edvardın ətirini hiss edir və Bellanın da onunla birlikdə ola biləcəyini düşünərək onların ardınca dağlara gəlir. Edvard Viktoriyanı öldrür və onun yaratdığı yeni doğulmuşlar ordusu məhv edilir. Daha sonra Bella özündə müəyyən edir ki, həm Edvardı, həm də Ceykobu sevsə də, Edvarda olan sevgisi daha böyükdür.
Epiloqda göstərilir ki, Ceykob canavar formasında qaçaraq uzaqlaşır. Özü də Semlə Bella və Ceykobun hadisəsinə oxşar hadisə yaşayan Leya Ceykoba qarşı yaxınlıq və Bellaya qarşı nifrət hiss edir.
Mayer “Tutulma” romanının ilkin formasını hələ 2005-ci ilin oktyabrında, “Alatoran” romanının nəşr edilməsindən əvvəl artıq hazırlamışdı, lakin, o qeyd edir ki, yekun əlyazma, hazırlanmış bu ilkin formadan çox fərqlidir.[4] Əslində “Tutulma”nın romanlar seriyasının sonuncu kitabı olması nəzərdə tutulduğundan, fərqli sonluq olması da nəzrdə tutulmuşdu, çünki, Mayer “Little, Brown and Company” nəşriyyatı ilə üç kitabın nəşri haqqında müqavilə bağlamışdı.[5] Mayer qeyd edir ki, “Tutulma”da əsas diqqətini Bellanın vampirə çevrilməsi məsələsi üzərində cəmləyib və sanki Bella əvvəlki romanlarda həyatı haqqında başa düşmədiyi və verə bilmədiyi qərarları məhz bu romanda verməyə çalışır. O qeyd edir ki, “romanda bütün aspektlər bu yanaşmanın ətrafında fırlanır, hər bir keçmiş hadisə, hər bir münasibət, hər bir hərəkət.”'[5]'
Mayer qeyd edir ki, o qədər də bəyənməməsinə baxmayaraq, “Tutulma”nı yazarkən Emili Brontenin “Uğultulu təpələr” romanından ilhamlanıb. Yazıçı Edvardın dilindən bildirir ki, romanın obrazları onu valeh edib, və o, sonrakı fəsilləri də oxumağa davam edib, lakin ümumilikdə romanı bəyənməyib, çünki, onu depressiv hesab edir. Edvard və Ceykob obrazlarını “Uğultulu təpələr” romanından Hatkliff və Edqar Linton obrazları ilə müqayisə edərkən o deyir: "Siz Edvard və Ceykob obrazlarına bir prespektivdən baxa və deyə bilərsiz: “Ok, bunlardan biri Edvard, digəri isə Edqardır. Başqa biri isə deyə bilər ki, “Yox, gözlə bir dəqiqə. Bu və bu səbəblərə görə Hatkliff bu, Edqar isə budur...Bu cür qarışıqlıq mənim xoşuma gəlir, çünki həyatın özü də belədir.”[4] 2009-cu ilin avqustunda “The Telegraph” xəbər verir ki, “Uğultulu təpələr” romanının “Alatoran” romanları kimi qotik üz qabığına malik olan “HarperCollins'” nəşri həmin ilin may ayından sonra 10.000 nüsxədən artıq satılaraq, hətta “Penguin Classics” nəşrindən iki qat artıq göstərici ilə, Mayerin istinadından sonra qəzetin klassik əsərlər hit paradına daxil olmuşdur.[6]
Kitabın üz qabığında qara fonda qırılan qırmızı lent təsvir olunub. Kitabın üz qabığı “Eclipse Prom” çərçivəsində hazırlanmalı olsa da, Barnes & Noble və Mayerin rəsmi saytı kitabın üz qabığını və əsərin qısa rezümesini təqdim etdi. Qırılan lent seçimi əks etdirir, romanda Bella Svon vampir sevgilisi Edvard Kallen və canavar adam dostu Ceykob Blek arasında seçim etməli olur. Mayer qeyd edir ki, lent həm də Bellanın insan həyatından tamamilə qopa bilməməsini simvolizə edir.[7] Film əsasında hazırlanmış üz qabığında, 2010-cu ildə çıxarılmış eyni adlı filmdə Bella, Edvard və Ceykob obrazlarını canlandırmış Kristen Stüart, Robert Pattinson və Teylor Lotner təsvir edilib.[8]
“Tutulma”nın çıxarılmasından bir neçə ay əvvəl Mayer, Arizona Dövlət Universitetində yerli kitab dükanlarına və ADU-nin İngilis dili departamentinə dəstək üçün “Eclipse Prom” adlı tədbir keçirmişdir. Lakin tədbirin biletləri yeddi saat içində satılmış və xeyli adam narazı qalmışdı, buna görə də, Mayer eyni gündə və eyni məkanda ikinci analoji tədbirin keçirilməsinə razılıq vermiş və bu dəfə biletlər dörd saata satılmışdı.[9] Tədbirdə Mayer eyni gündə “Yeni Ay”ın əlavəsi kimi nəşr edilən “Tutulma”nın birinci fəslini oxumuşdu. Əlavə olaraq, romanı təbliğ etmək üçün Mayer 15-şəhər turnesi həyata keçirmişdir.[10] Həmçinin kitabın ilk fəsli yazıçının rəsmi saytında yerləşdirilmiş, kitabın çıxarılmasına qalmış 37 gün ərzində isə hər gün “Günün sitatı” kimi əsərdən sitatlar paylanmışdır.[11] Kitabın çıxarılmasından qabaq Mayer “Good Morning America” verilişinin qonağı olmuşdu.[12]
25 iyulda Harri Potter romanlar seriyasından olan yeddinci kitabda olduğu kimi “Tutulma” ilə də insident yaranmışdır.[13] “Barnes & Noble” kitab satışı şirkəti səhvən kitabın əlavə nüsxələrini əvvəlcədən sifariş etmiş oxuculara göndərmişdi.[14]
Hansısa məlumatların əvvəlcədən yayılmasının qarşısını almaq üçün “Twilight Lexicon” kimi “Alatoran” seriyasının fanat saytlarının fəaliyyəti dayandırılmışdı.[15] Məlumat sızmasının qarşısını almaq üçün Mayer həm də özünün MySpace şərhlərini bağlamışdı.[14]“Twilight Lexicon” saytına göndərdiyi açıq məktubda Mayer kitabı vaxtından əvvəl əldə edən “xoşbəxt oxucular”a müraciət edərək, digər fanatların kitabı əldə etməsinə kimi romanın sonu və baş verən hadisələr haqqında susmağı xahiş etmişdi.[15]
“Tutulma”nın “Sübh”ün ilk fəsli və üz qabığının əlavəsi ilə təqdim edilən xüsusi nəşrinin çıxarılması zamanı da oxşar hadisə baş vermişdi. Xüsusi nəşr 31 may 2008-ci ildən kitab dükanlarında satışa çıxarılsa da, bəzi nüsxələri bir həftə əvvəl oxucuların əlinə keçmişdi. Mayer öyrənmişdi ki, bəzi nüsxələr oxucuların əlinə vaxtından əvvəl keçib və aşağıdakı müraciəti yaymışdı:
"“Sübh”ün üz qabığı, məzmunu və mətni haqqında çoxlu şaiyələr var. Mən inanıram ki, hər kəs internetdə gördüyü hər şeyə inanmağın lazım olmadığını bilir. Hadisələrin necə yekunlaşacağına yalnız kitabı əlinizdə tutduqdan sonra əmin ola biləcəksiniz.”[16]
“Tutulma” ilkin olaraq bir milyon[12] nüsxə ilə satışa çıxarılmış və ilk gün ərzində 150.000 nüsxəsi satılmışdır.[2] Baxmayaraq ki, Coan Roulinqin “Harri Potter və ölüm hədiyyələri” romanı cəmi iki həftə əvvəl satışa çıxarılmışdı, Stefani Mayerin “Tutulma”sı “The New York Times Best Seller” Siyahısı da daxil olmaqla dünyanın bütün kitab hit-paradlarında birincilikdə onu əvəz etmişdir.[17] “USA Today” 150 ən çox satılan kitab siyahısında “Tutulma” birinci yerə yüksəlmiş və yüz həftə ərzində bu siyahıda qala bilmişdir[18], daha sonra isə, həmin redaksiyanın son 15 ilin ən çox satılan kitabları siyahısında 45-ci yerdə qərarlaşdırılmışdır.[19] 2008-ci ildə “Alatoran”, “Yeni Ay” və “Sübh” romanlarından sonra dördüncü ən çox satılan kitab olmuş[20], 2009-cu ildə isə “Yeni Ay”dan sonra ən çox satılan kitab olmuşdur.[21] Kitab həm də,4.5 milyon nüsxə satış göstəricisi ilə “Publishers Weekly”nin “Ən Çox Satılan Bərk Üzlü Uşaq Kitabıları” siyahısının birinci yerində yerləşdirilmişdir.
“Tutulma” romanı əsasən müsbət rəylər almışdır. “School Library Journal ”dan Enn Rouyer romanı müsbət dəyərləndirir və deyir: “Mayer bilir onun fanatları nə istəyir: triller, həyəcan və bir qədər də romantika və o bütün bunları oxucularına verə bilir.” Rouyer həm də qeyd edir ki, əvvəlki iki romanda olduğu kimi bu romanda da “Mayer bütün gözəlliyi, aktuallığı və ehtirası ilə ilk sevgini effektiv və intensiv şəkildə təsvir edir”, “yüksək seksual gərginliyin inyeksiyası və hissiyyatlılıq əvvəlki romanlarda bu səviyyədə təsvir olunmamışdı” və bütün bunlar romana emosional atmosfer bəxş edir. Baxmayaraq ki, o, vampirlər və canavar adamların tarixçəsi haqqında olan məlumatların romanın tempini aşağı saldığını düşünür və “yeni doğulmuşlar ordusu” haqqında hadisələri “qarışıq qurmaca” adlandırır, vurğulayır ki, hanısa yolla bütün bunlar Bellaya gələcəyi haqqında qərar verməyə kömək edir.[22] “Blogcritics ”dən Keti Trattner romanın obrazlarını və onların inkişafını yüksək qiymətləndirir, xüsusilə Rozali və Casper obrazlarına fikir verir – Rouyerin fikrinə zidd olaraq – və yazır: “Tarixçə və onların əsasında formalaşan reaksiyalar obrazların xarakterlərinin müəyyənləşdirilməsinə kömək edir. Məncə bu xüsusiyyət bu seriyadan olan kitabların cazibədar olmasının səbəblərindən biridir – məsələ burasındadır ki, siz nə qədər obrazların dərinliyinə baş vursanız, onlar bir o qədər sizin ürəyinizdə özlərinə yer edirlər.” O, Mayerin yaxşı emosional səhnələr yaratdığını, xüsusilə Bellanın hisslərinin təkmilləşməsini daha yaxşı təsvir etdiyini vurğulayır və deyir ki, o, “çox yüngül yazır və asan şəkildə oxucunu öz ardınca aparır.” [23]
“Tulsa World”dan Selbi Gibson yazır: “Romanı tamamlayana kimi dayanmadan oxudum. Mayerin kitabı mənim əllərimdən ayrılmaq istəmirdi. Əlbəttə ki, eyni hal “Alatoran” və “Yeni Ay”la da baş vermişdi.”[24] “Publishers Weekly” yazır: “Oxucu legionları Bella və vampir Edvardın romantik döyüşlərindən bəhs edən hekayənin üçüncü hissəsini bir nəfəsə oxuyacaqlar” və əlavə edilir ki, “çətin ki, kitab hansısa yeni oxucular cəlb edə”.[25] “Kirkus Reviews”un kitaba verdiyi rəydə deyilir ki, “narahat edici irqi fərqləri birlikdə iş mesajları kompensasiya edir. Bellanın depressiv sevgi üçbucağı ilə bağlı hekayəni sevən oxucular bu romanı bir nəfəsə oxuyacaqlar və Ceykin gələcək hekayəsi üçün başlanğıc edəcəklər.” [26] “About.com”dan Laura Bul roman haqqında qarışıq fikirlər söyləyərək 5 ulduzluq sistemlə 3.5 ulduzla dəyərləndirir. O, qeyd edir ki, "ilk bir neçə fəsil yavaş-yavaş inkişaf edən qısqanclıq hissləri ilə doludur...Mayerin yeni konflikt mənbəyi kobud, bir tərəfdən də digərlərindən daha üstündür.” Baxmyaraq ki, Mayerin aydın yazı üslubu və mətn dili mədh edilir, bir tərəfdən də qeyd edilir ki, Bellanın hərəkətləri və fikirləri hərdən anlaşılmaz olaraq qalır. Lakin o, ümumilikdə kitabın xoş təəssürat bağışlamasını və həyəcanlığını yüksək qiymətləndirir.[27] Yazıçı Elizabet Hend “The Washington Post” qəzetində nəşr olunmuş məqaləsində roman haqqında mənfi rəy bildirərək “xəyal qırıqlığı” adlandırır, “epik canavar adam – vampir qarşıdurması yaradılmaması”na görə tənqid edir.[28] “The New York Times” romanı Redaktorun Seçimi siyahısına daxil etmişdir.[29]
“Tutulma” romanının film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir.[3] Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi.[3] “Tutulma”nın çəkilişlərinə başlanıldığı zaman “Yeni Ay”ın rejissoru olan Kris Veytz filmin son tamamlanma işləri ilə məşğul olduğundan üçüncü filmin rejissorluğunu öhdəsinə götürə bilməmişdir.[30] Buna görə də “Tutulma” filminin rejissor kürsüsündə Devid Sleyd[31] oturmuş, ssenari müəllifliyini isə yenə də Melissa Rozenberq etmişdir.[32] Film 17 avqust – 29 oktyabr arasında Vankuver Film Studiyalarında istehsal edilmişdir.[33][34] “Tutulma” IMAX texnologiyası əsasında çəkilmiş ilk “Alatoran” filmidir.[35]