Asuna Yuuki (結城 明日奈, Yūki Asuna?) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Əsasən ranobe dünyasındakı video oyunlarda oynadığı zaman istifadə etdiyi Asuna (アスナ, Asuna?) oyunçu adı ilə tanınır. Asuna "Sword Art Online"-ın ən güclü oyunçularından biri olan Kiritonun sevgilisi və Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin (血盟騎士団, Ketsumei Kishidan?) liderlərindən biri kimi təqdim olunur. Güclü oyunçu reputasiyası ona Şimşək (閃光, Senkō?) ləqəbini qazandırmış, bir çox oyunçunun ona rəğbət bəsləməsinə gətirib çıxarmışdır.
Asuna | |
---|---|
Franşiz(lər) | Sword Art Online |
Yayın tarixi | 10 aprel 2009 |
Yaradan | Reki Kavahara |
Səsləndirən | Haruka Tomatsu |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Asuna Yuuki |
Növü | insan |
Cinsi | qadın |
Yaxınları | Kirito (sevgilisi) Şozo Yuuki (atası) Kyoko Yuuki (anası) |
Doğum tarixi | 30 sentyabr 2007 |
Yaşı | 15-18 |
Boyu | 168 sm |
Ləqəb(lər)i | Titaniya, Erika |
Komandaları | Qan Cəngavərləri |
VR dünyaları | Sword Art Online ALfheim Online Project Alicization |
Kirito və Asuna animanqa fanatları arasında çox böyük populyarlığa malikdirlər və tez-tez ən populyar animanqa personajları siyahılarında peyda olurlar. Personaj tənqidçilər tərəfindən seriyadakı roluna və Kirito ilə münasibətinə görə müsbət qiymətləndirilmişdir.
Seriyanın yaradıcısı Reki Kavahara verdiyi bir müsahibədə bildirmişdi ki, "Sword Art Online"-dakı qadın personajları yaradarkən real dünyada heç kimdən ilhamlanmamışdır: "Mən adətən yazmazdan öncə hansısa personaj, qurma və ya başqa bir şey üzərində işləmirəm. Hekayəni yazdıqca qız personajlar indiki vəziyyətinə gəlib çatırdılar. Bir şəkildə, dəqiq bilmirəm, amma bir şəkildə subliminal ideyalarım və ya gizli emosiyalarım personajları güclü və bacarıqlı hala gətirir". Kavahara həmçinin əlavə etmişdi ki, o, ranobe seriyasını video oyunları sosial xəstəlik və ya real həyatdan qaçış vasitəsi kimi deyil, daha müsbət xüsusiyyətlərə malik olduğunu göstərmək üçün yazır.[1] Anime News Network-ə verdiyi müsahibədə müxbir Linzi Lemb Asunanın "çox güclü və bacarıqlı qadın personaj" olduğunu qeyd edərək onu "Gencinin hekayəsi"ndəki Gencinin anasına bənzətmiş və Kavahara bu fikirlə razılaşmışdır.[2]
Sakura-Con 2013 tədbirində Kavahara bildirir: "Asunanın şəxsiyyətini mən "Sword Art Online" üçün çox mükəmməl yaratmış ola bilərəm. Kirito ilə komanda olduqda bu ikilinin öhdəsindən gələ bilməyəcəyi hansısa çətinlik yoxdur".[3] Asunanın seyyusu Haruka Tomatsu qeyd edir ki, Asuna onun olmaq istədiyi ideal şəxsdir: "O, yemək bişirə bilir, ağıllıdır... Düşünürəm ki, o, mənim olmaq istədiyim və heyranlıq duyduğum qadın tipidir".[4]
Parlaq işıq (ランベントライト, Ranbento Raito?) Asunanın istifadəçi etdiyi rapiradır və onun oyundakı əsas silahıdır. O, bu silahdan 75-ci mərtəbədə baş tutan həlledici döyüşə qədər istifadə etmişdir. Kirito bu rapiradan istifadə edərək Hitkliff ilə döyüşmüş, onu məğlub edərək oyunu bitirmişdir. Rapira Asunaya əlavə sürət qazandırdığından ona Şimşək ləqəbini qazandırmışdır.
"Sword Art Online"-ın baş qəhrəmanlarından biri və yeddinci cildin əsas protaqonisti olan Asuna əvvəlcə Kiritonun dostu, daha sonra sevgilisidir. O, Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin liderlərindən biridir. SAO oynayan azsaylı qızlardan biri olduğundan və çox cazibədar olduğundan çox dəvət və təklif alır. Asuna dəmir iradəli, bacarıqlı oyunçudur, çox sürətli qılıncoynatma bacarığına görə Şimşək ləqəbi ilə tanınır. Daha sonra Kiritoya aşiq olur və oyunun içində evlənirlər. SAO arkının sonlarına doğru Kiritonu Hitkliffin ölümcül zərbəsindən xilas etmək üçün həyatını fəda edir. Lakin bu ölümü ancaq oyunda olur və Hitkliffin ölümündən qısa müddət sonra Kirito ilə yenidən birləşir.
SAO oyununun bitməsinə baxmayaraq Asunanın şüuru rəal həyatda yenə özünə gəlməyib, çünki bu dəfə ALfheim Online virtual dünyasında ilişib. Belə ki, oyunda Pərilər kralı Oberon rolunu oynayan Nobuyuki Suqo onu oyunda həbs edib və Pərilər kraliçası Titaniya rolunu oynamağa məcbur edir. Suqonun məqsədi Asunanı burada saxlayıb real həyatda onunla evlənmək və atasının şirkətini nəzarəti altına keçirməkdir. Həbs olunduğu Dünya ağacından qaçmağa çalışan Asuna Yuinin səsini eşidir və GM kartını qəfəsdən aşağı atır. Asuna ALfheim oyununda özü üçün iki avatar yaradıb: Asuna (sağaldıcı tip) və Erika (döyüşçü tip). Kiritonun Suqonu məğlub etməsi ilə Asuna azad olur və Asuna Kirito ilə birləşir. Hər şey bitdikdən sonra real həyatda Kazuto Kiriqaya ilə birlikdə SAO Sağqalanları Məktəbinə getməyə başlayır. Real həyatda Asunanın valideynləri onu addımbaaddım izləyir. Lakin SAO-da yaşadıqdan və Kirito ilə tanış olduqdan sonra Asunanın baxış bucağı dəyişir və keçmişinə iyrənərək baxır. Nəhayət, Asuna real həyatda da Kazutonun sevgilisi olur və gələcəkdə onunla evlənmək xəyalları qurur.
Kotaku-dan Riçard Aysenbeys bir müsahibədə "Sword Art Online"-ı son illərdəki ən ağıllı seriyalardan biri adlandırmışdı. O, xüsusilə qeyd etmişdi ki, Kirito ilə Asuna arasındakı sevgi virtual dünyada məhəbbətin nə olduğunun tərifini dəqiqliklə verir.[5] Lakin ranobe seriyasının ikinci hissəsində Asunanın çarəsiz qızcığaz rolunu oynaması tənqid edilmişdir: "Güclü qadın baş qəhrəman baş kişi personajın axtarışında olduğu bir şeyə çevrilib".[6] Aysenbeys şikayətinə davam edir: ""Sword Art Online"-ın birinci arkında Asuna güclü döyüşçü və minlərlə nəfərin ölüm oyununda sağ qalmaq üçün arxasınca getdiyi liderlərdən biri idi. İkinci arkda o, gücsüzdür, böyük quş qəfəsində məhbusdur və qəhrəmanının onu xilas etməsini gözləyərək onu tutan adam tərəfindən cinsi istismara məruz qalır. "Gun Gale Online" arkında isə adamını izləyən tamaşaçıdan başqa bir şey deyil. Hətta "Calibre" arkında döyüşən komandanın sadəcə adi üzvlərindən biridir".[7]
Japanator.com saytından Karen Mid bu fikirlərlə razılaşmamışdır: "Belə vəziyyətdə onun hərəkətləri onun xilası üçün faydalıdır. Əgər o, hücrədən çıxsaydı, Kirito onu xilas etmək üçün lazım olan kartı əldə edə və Asunanı xilas edə bilməyəcəkdi". Bu şərh Asunanın "çarəsiz qızcığaz" rolunu texniki olaraq aradan qaldırsa da, məntiqlidir. Asuna ilə münasibətinə görə Kiritonun "Geri Stu" tipli personaj olması üzərində də tənqidçilər mübahisə etmişdir.[8] Bütün bunlara baxmayaraq Aysenbeys "Sword Art Online"-ın dördüncü arkını xüsusilə Asunanın baxış bucağına önəm verdiyi üçün (ona görə bu, mükəmməl seçimdir) tərifləmişdir. Çünki bunun nəticəsində seriyanın ikinci hissəsində güclü qadın liderdən zəif qızcığaza çevrilmiş Asuna yenə özünü ələ almış və şəxsiyyətini inkişaf etdirmişdir. Arkın özü isə həm ürəkparçalayan, həm gözəl adlandırılmışdır.[9]
Asuna "Sword Art Online"-dakı ən populyar personajlardan biridir.[1] Charapedia anime saytı tərəfindən keçirilmiş sorğuda 10.000-dən çox istifadəçidən animelərdəki ən sevdikləri cütlüyü seçmək tələb edilmiş və sonda Asuna-Kirito cütlüyü birinci yerə çıxmışdır.[10] Eyni sayt tərəfindən keçirilmiş "animelərdə top-20 sevgi etirafları" sorğusunda isə Kiritonun Asunaya sevgi etirafı 3-cü yeri tutmuşdur.[11] Charapedia tərəfindən keçirilmiş 3-cü sorğuda iştirakçılar favorit "cool" qadın personajlarını seçmiş və Asuna 525 səslə 2-ci yerdə qərarlaşmışdır.[12] "Animanqalarda acığa səbəb olmayan top-20 qadın personaj" sorğusunda Asuna 3-cü yerdə göstərilmişdir.[13] Bir başqa Charapedia sorğusunda iştirakçılar işləmək istədikləri top-30 personajı müəyyənləşdirmişdirlər: Kirito 29-cu yeri, Asuna isə 26-cı yeri tutmuşdur.[14] Çin saytı olan bilibili 2015-ci ilin ən "moe" personajını seçmək sorğu keçirmişdir. Asuna qadınların top-8-liyində 1-ci, Kirito isə kişilərin top-8-liyində 6-cı yerdə qərarlaşmışdır.[15] Dengeki Bunko ("Sword Art Online"-ı nəşr edən şirkət) tərəfindən ranobelərindəki ən populyar personajları müəyyənləşdirmək üçün sorğu keçirmiş, Asuna və Kirito, uyğun olaraq, birinci və ikinci yerləri tutmuşdurlar.[16] Bundan əlavə, Tokyo Otaku Mode tərəfindən keçirilmiş, 100-dən çox ölkədən 2.845 nəfərin iştirak etdiyi "ən çox hansı anime personajı ilə görüşə çıxmaq istəyərdiz?" sorğusunda birinci yeri tutmuşdur.[17]
Kirito və Asuna Anime News Network tərəfindən tərtib edilmiş "Top-7 məhəbbət və müharibə gətirən cütlük" siyahısında da yer almışdırlar.[18] Populyar Yaponiya tətbiqi Otamart hansı personajların çimərlik geyimi və yukatada ən yaxşı göründüklərini təyin etmək üçün sorğu keçirmişdir. Asuna 13-cü (çimərlik geyiminə görə) və 15-ci (yukataya görə) yerləri tutmuşdur.[19] Bir başqa Otamart sorğusunda iştirakçılardan "Hansı anime personajına sevgililər günündə şokolad vermək istəyərdiz" və "hansı anime personajından sevgililər günündə şokolad almaq istəyərdiz?" sualı soruşulmuşdur. Asuna hər iki sorğuda 10-cu yeri tutmuşdur.[20] "Newtype" jurnalının 2014-cü il avqust buraxılışında nəşr olunmuş ən populyar personajlar siyahısında Asuna qadın personajlar kateqoriyasında 4-cü yerdə göstərilmişdir (Kirito isə kişi personajlar kateqoriyasında 1-ci yerdə).[21] Sword Art Online artbukunda hansı personajların yer almasını müəyyənləşdirmək üçün keçirilmiş sorğuda Asuna 1-ci yeri tutmuşdur.[22] Asuna "2013-cü ilin ən ehtiraslı 25 qadın anime personajı" siyahısında 8-ci yerdə göstərilmişdir.[23] "Asuna" "Yaponiya fanatlarının adını uşaqlarına qoymaq istədiyi top-20 anime personajı" siyahısında 1-ci yeri tutmuşdur ("Kirito" isə 4-cü yerdə).[24] Kanaqava prefekturasının Zama şəhərində yerləşən "La Ricetta" italyan restoranı müştərilərinə üzərində Kirito və Asunanın təsvirləri olan blinçiklər təklif edir.[25]
Asuna 2017-ci ildə Newtype Anime Mükafatları çərçivəsində ilin ən yaxşı qadın personajı seçilmişdir.[26]
Personaj tənqidçilərin müsbət rəylərini almış və onun populyarlığı seriya ilə bağlı digər məhsullara da təsirini göstərmişdir. Asuna və Lifanın çimərlik geyimində olduqları iki fiqur buraxılmışdır.[27] Asunanın aşpaz kimi təsvir olunduğu bir fiqur isə 2016-cı ilin mayında buraxılmışdır.[28] Asuna həmçinin Namco tərəfindən Umaybo çərəzlərinin reklamlarına da çəkilmişdir.[29] 2015-ci ilin iyununda Yaponiyada "Wake Me Up Asuna" adlı interaktiv rəqəmsal köməkçi tətbiqi buraxılmışdır.[30] Bu tətbiqdə Asuna istifadəçi oyandırma zəngləri, hava və bürc məlumatı ilə təmin edir. Bu tətbiqin daha sonra ingilis dilində beynəlxalq versiyası buraxılmışdır. Tətbiqdə Asuna bir neçə kostyum geyinir (məsələn, Qan Cəngavərləri forması, sarı sviter və s.). Tətbiq pulsuz olsa da, bəzi üstünlüklərindən yararlanmaq üçün ödəniş etmək lazımdır.[31]
"Sword Art Online" qızları (Asuna da daxil olmaqla) Bandai tərəfindən keçirilmiş merçandayzinq lotereyasında yer almışdırlar. Anime News Network bu barədə zarafatyana bildirir: ""Sword Art Online"-ın qızları franşizin yaradıcılarına yaxşı pul qazandırır".[32] Asunanın "Külək Fleureti" və Kiritonun "Elusidator" rapiralarının təqlidləri hazırlanmışdır.[33] Kirito, Asuna və Sinona həsr olunmuş ətirlər satışa çıxarılmışdır. "Asuna" ətri "şirin, fərahladıcı qalban və yasəmən qoxusu" kimi təsvir edilmişdir.[34] "Sword Art Online" personajları əsasında eynəklər istehsal olunmuşdur. Bu eynəklər arasındakı "Pəri rəqsi_Asuna" modeli personajın İqqdrasildə keçirdiyi vaxtdan ilhamlanaraq hazırlanmışdır və çəhrayı rəngdədir.[35] Asuna (həm adi, həm Titaniya versiyası), Lifa və Suquha personajlarına həsr olunmuş telefon aksesuarları satışa buraxılmışdır.[36] Asuna həmçinin "Sword Art Online"-ın bir çox video oyunlarında görünmüşdür. Bu oyunlardan biri olan "Dengeki Bunko: Fighting Climax" oyununda Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobelərin bir çox personajlarını görmək olar.[37] Asuna, Kirito və Lifa anime və manqa quldurluğu ilə mübarizə aparmaq üçün yaradılmış "Manga Anime Guardians" layihəsində də görünmüşdürlər. Bu layihə 15 anime studiyası və manqa nəşriyyatı tərəfindən dəstəklənir.[38]