Azərbaycan Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.[1]

Ədliyyə Nazirliyi
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 22 noyabr 1918
Baş qərargah Bakı Bakı
Ünvan İnşaatçılar prospekti 1
Rəhbərlik
Nazir Fərid Əhmədov

Rəsmi saytı justice.gov.az

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdi.

Cümhuriyyətin yaranması ilə eyni gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu.

Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir.

Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur.

Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.

Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılmışdı.

Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra, 13 may 1920-ci il tarixdə Ədliyyə Nazirliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər Komissarlığa həvalə olunmuşdur.

1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir.

7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürülmüşdür.

27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən yaradılmışdır. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli imzaladığı sərəncamla 22 noyabr - Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanıb.

Ümummilli liderin təşəbbüsü ilə, 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması qərarı verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.

26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur.

Prezident Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamına əsasən isə Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuş və icra edilməyə başlanmışdır. Digər sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:[2]

- ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

- ədliyyə sahəsinin inkişafını təmin edir;

- hüquq-mühafizə fəaliyyətini həyata keçirir;

- qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;

- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;

- notariat fəaliyyətini təşkil edir;

- qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət reyestrini aparır;

- sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;

- Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;

- dəfnlərin vahid dövlət reyestrini aparır;

- daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirir;

- qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

- məhkəmə qərarlarının icrasını təmin edir;

- probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;

- penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;

- bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;

- qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;

- hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;

- tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;

- özəl məhkəmə eksperti şəhadətnaməsini verir;

- Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;

- hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;

- ilk dəfə ədliyyə, orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;

- hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;

- hüquqi maarifləndirmə işini həyata keçirir;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Ədliyyə Nazirliyinə 5 müavini olan ədliyyə naziri rəhbərlik edir.[3]

1. Rəhbərlik

Nazir

Nazir müavini

Nazir müavini

Nazir müavini

Nazir müavini[5]

Nazir müavini - Penitensiar xidmətin rəisi


2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı [6]

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Notariat, qeydiyyat və reyestr baş idarəsi

İcra xidməti (baş idarə səlahiyyətli)

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Beynəlxalq əməkdaşlıq baş idarəsi

Bələdiyyələrlə iş baş idarəsi

Cəzaların icrasına nəzarət baş idarəsi

İstintaq idarəsi

İnsan resursları idarəsi

Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi

Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi

Maliyyə və təminat idarəsi

Mətbuat xidməti (idarə səlahiyyətli)


3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar

Penitensiar xidmət (baş idarə səlahiyyətli)

Ədliyyə Akademiyası (baş idarə səlahiyyətli)

Məhkəmə Ekspertizası Mərkəzi (baş idarə səlahiyyətli)

Tibb baş idarəsi

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (idarə səlahiyyətli)

Regional, yerli və digər qurumlar

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]