Azərbaycan Xalq Cümhuriyyəti əhalisi

Azərbaycan Xalq Cümhuriyyəti əhalisi – 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi. Həmin dövrdə Azərbaycan Respublikasının mübahisəsiz ərazisində (97,3 min km2) yaşayan əhalinin ümumi sayı 2.861.862 nəfərə bərabər idi, yəni hər km2-ə 29,4 nəfər düşürdü. Müsəlmanlar (əsasən, Azərbaycan türkləri) əhalinin 68,2 %, ermənilər 21,4 %, gürcülər 0,6 %, ruslar 7,5 %, digər xalqların nümayəndələri isə 2,3 %-ni təşkil edirdi. Yuxarıda verilən rəqəmlərə əsasən, 1916-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində (113,9 min km2) əhalinin ümumi sayı 3,3 milyondan çox idi. Azərbaycan xalqı 1916-cı ildən sonrakı dövr ərzində də ermənilərin həyata keçirdiyi kütləvi soyqırımlar və etnik təmizləmələr nəticəsində ağır demoqrafik sarsıntılar keçirmiş, sayca azalmışdı. Hesablamalar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 1920-ci ilin aprel işğalı ərəfəsində azalaraq təqribən 2,6 milyon nəfərə enmişdi.[1]

1918-ci ildə Bakını tərk edən mühacirlər.

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövrdə Rusiya imperiyasının Cənubi Qafqazın türk müsəlman əhalisinə qarşı yeritdiyi ayrı-seçkilik siyasəti, deportasiyalar və soyqırımları nəticəsində Şimali Azərbaycan əhalisinin etnik tərkibi, sayı və yerləşməsi məqsədyönlü şəkildə dəyişdirildi, burada yaşayan azərbaycanlıların sayı xeyli azaldı. Rusiya işğalından sonra ermənilərin müxtəlif ölkələrdən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi etnik-siyasi vəziyyətə ciddi təsir göstərmiş, azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası həyata keçirilmişdir. Çar hökumətinin himayəsi və hərtərəfli köməyi ilə ermənilər tərəfindən azərbaycanlılara qarşı defələrlə soyqırımları törədilmişdi. Eyni zamanda, dövrün demoqrafiya-statistika qaynaqlarında da azərbaycanlılara dair məlumatlar qəsdən təhrif edilirdi. Bütün bunlara baxmayaraq, əvvəlki tarixi dövrlərdə olduğu kimi, XIX-XX əsrin əvvəllərində, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövründə də azərbyancanlılar Qafqazda yenə əsas etnik amil olaraq qalmışdı.[1]

Say və etnik tərkib

[redaktə | mənbəni redaktə et]

Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda (1918, noyabr) Cənubi Qafqazın 237.055 km2-lik ərazisində 7.667.370 nəfərin yaşadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3.306.000 (43,1 %) müsəlman, 1.786.000 (23,3 %) erməni, 1.641.000 (21,4 %) gürcü. Həmin sənədə əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2.353.000 nəfər yaşayırdı ki, bu da Cənubi Qafqaz əhalisinin 30,7%-nə bərabər idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi sənədlərə görə isə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Qafqaz (Cənubi) ərazisinin 38 %-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7 % ni əhatə etdiyi bildirilirdi. Göstərilən sənədlərdə məhz həmin ərazi müvafiq olaraq Cənubi Qafqazın əhalisi də hesablanmışdı. Paris Sülh Konfransına təqdim olunmuş sənədlərə əsasən, ümumiyyətlə, Cənubi Qafqazın əhalisi 8.081.668 nəfərdən ibarət idi. Onların 4.617.671 nəfəri (57,1 %) Azərbaycanda yaşayırdı. Azərbaycan əhalisinin 75,4 %-ni (3.481.889 nəfər) azərbaycanlılar, 17,2 %-ni (795.312 nəfər) ermənilər, 0,6 %-ni (26.585 nəfər) gürcülər, 6,7 %-ni (310.885 nəfər) başqa xalqların nümayəndələri təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkə əhalisinin sayı və etnik tərkibinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirirdi.[1]

1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (86,6 min 2) əhalisi 1.952.000 nəfər idi. Bu fakt əsas götürülərsə, həmin dövrdə keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində təxminən 2.189.250 nəfər əhali yaşayırdı. Bu rəqəm 1916-cı ilin əvvəlinə olan vəziyyətlə müqayisə edildikdə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində onun mübahisəsiz ərazisində yaşayan əhali 700 min nəfərədək azalmışdı. Birinci dünya müharibəsi (1914–18) dövründə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarının nəticələri belə idi.[1]

Ərazi Müsəlmanlar Ermənilər Gürcülər Ruslar Başqaları Ümumi
Mütləq say
%
Mütləq say
%
Mütləq say
%
Mütləq say
%
Mütləq say
%
Bakı quberniyası (şəhər əhalisi) 47.866 66,2 5.663 7,8
3.788 5,2 15.192 2,1 72.509
Bakı quberniyası (kənd əhalisi) 693.391 86,4 37.258 4,6 30 0 68.847 8,5 3.711 0,5 803.237
Bütün Bakı quberniyası (şəhər rəisliyi daxil olmadan) 741.257 85,0 42.921 4,9 30 0 72.635 8,1 18.903 2,0 875.746
Bakı şəhər rəisliyi 198.391 48,8 77.166 19,0 8.974 2,2 104.599 26,0 16.699 4,0 405.829
Bütün Bakı quberniyası (şəhər rəisliyi ilə birlikdə) 939.648 73,5 120.087 9,3 9.004 0,7 177.234 13,8 35.602 2,7 1.281.575
Bütün Gəncə quberniyası 797.880 62,5 418.859 32,9 1.030 0,1 36.777 2,9 20.585 1,6 1.275.131
Bütün Zaqatala mahalı 85.136 91,84 2.530 2,73 4.664 5,03 326 0,35 42 0,05 92.698
İrəvan quberniyasının bir hissəsi 129.586 61,0 80.530 38,0 96 0,04 593 0,24 1.653 0,72 212.458
Bütün Azərbaycan Xalq Cümhuriyyəti üzrə, cəmi 1.952.250 68,2 622.006 21,4 14.794 0,6 214.930 7,5 57.882 2,3 2.861.8621
  1.   Qafqaz təqviminin 1917 il buraxılışının məlumatları əsasında tərtib edilmişdir.
  1. 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). Lider nəşriyyat. 2004. 440. 13 October 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 may 2018.