Azərbaycan Xalq Cümhuriyyətində qaçqınlar məsələsi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem[1].

Baş vermiş hadisələr

[redaktə | mənbəni redaktə et]
Türk ailəsi. İrəvan quberniyasının Qarxun kəndi 1910-cu il (Kəndi əhalisi sonradan Yevlax rayonuna köçərək orada Aşağı Qarxun kəndini salıblar)

19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzinİrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, ŞuşaŞamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi. 1919-cu il oktyabrın 1-nə kimi Azərbaycanda təkcə İrəvan quberniyasından 5848 ailə, yaxud 30741 nəfər qaçqın var idi. Qaçqınların sayı Azərbaycanın mərkəzində — Bakıda hakimiyyəti ələ keçirmiş daşnak S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin antiazərbaycan siyasəti, yerli türk-müsəlman əhaliyə qarşı həyata keçirilən dəhşətli soyqırımları nəticəsində daha da artmışdı. Azərbaycanlı qaçqınlara yardım məqsədilə Zaqafqaziya seymindəki müsəlman fraksiyasının tələbi ilə xüsusi qurum — qaçqınlar şöbəsi yaradılmışdı. Lakin seymdə təmsil olunan ermənilərin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətini dəstəkləmələri nəticəsində bu şöbə işinin öhdəsindən gələ bilmədi. Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisinin bir hissəsinin daşnak-bolşevik qüvvələrinin nəzarətində olduğu vaxt Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti qaçqınlara kömək etmək üçün dərhal ciddi səylər göstərmiş və bu problemin həlli üçün Xudadat bəy Rəfibəylinin başçılığı ilə Səhiyyə və Himayədarlıq Nazirliyi yaratmışdı[2].

Himayədarlıq Nazirliyinin yaradılması

[redaktə | mənbəni redaktə et]
İrəvanlı türk qızı 1917-ci il

Milli Hökumət Bakı da daxil olmaqla, ölkə ərazisini işğalçılardan azad etdikdən və paytaxt Bakıya köçürüldükdən sonra qaçqınlar məsələsi ilə daha da ciddi məşğul olmaq imkanı qazandı. Problemin dərinliyini və ciddiliyini nəzərə alan Hökumət 1918-ci ilin oktyabrında Səhiyyə və Himayədarlıq Nazirliyini iki müstəqil nazirliyə çevirdi. Qaçqınlar problemi ilə Himayədarlıq Nazirliyi məşğul olmağa başladı. Müharibə, hərc-mərclik, xüsusilə 1918-ci ildə güclənən erməni təcavüzü və soyqırımları nəticəsində ölkədə evsiz-eşiksiz qalan, tamamilə müflisləşən və sərgərdan vəziyyətə düşən on minlərlə adam var idi. Onlar dövlətin göstərdiyi qayğı və yardım vasitəsilə yaşayırdılar. Hökumət onları maddi yardımla, müvəqqəti yaşayış yerləri ilə, həmçinin, işlə təmin etmək, yetim və valideynləri tərəfındən atılmış uşaqları xilas etmək məqsədilə daimi idarələr yaratmışdı. Qaçqınlar problemləri ilə bağlı hökumətin qarşısında duran başlıca vəzifələr qonşu dövlətlərdən gələn saysız hesabsız didərginlərə qayğı və diqqət göstərilməsi, onların zəruri ərzaq məhsulları ilə təmin edilməsi, təsərrüfatlarının təşkili üçün faizsiz borc, əkin üçün toxum, iş heyvanları verilməsindən ibarət idi. Hökumət yetimxanaların və az-yaşlı yetimlər üçün koloniyaların, himayə evlərinin açılması, əhalinin yoxsul təbəqəsi üçün müvəqqəti yaşayış yerlərinin, qidalanma məntəqələrinin və ucuz yeməkxanaların, xeyriyyə işlərinin təşkili sahəsində də mühüm tədbirlər həyata keçirmişdi. Qaçqınlar Bakıdan kənarda yerləşdirilərkən hökumətlə yanaşı, yerli ictimai qüvvələrin köməyindən də istifadə olunur, qaçqınların və yerli əhalinin nümayəndələrindən ibarət qaçqın komissiyaları təşkil edilirdi. Bu komissiyalar qaçqınların işə düzəlməsi, yerləşdirilməsi yollarını axtarırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti, iqtisadi çətinliklər üzündən, 1919-cu ilin ortalarından etibarən Bakı şəhərindən kənarda yaşayan qaçqınlara nağd pulla yardım göstərilməsini dayandırmışdı. Bunun əvəzində ərzaq payları verilirdi. Bu, orta hesabla, yaşından asılı olmayaraq, adambaşına 20–25 funt buğda və arpa, çəltik, sabun, duz, parça, paltar və s. ibarət idi. Bu zaman, müstəsna hal kimi, işləmək imkanından məhrum olanlar nəzərə alınmırdı. Bundan başqa, Şamaxı və Lənkəran qəzalarında daşnak-bolşevik qüvvələrinin, ağqvardiyaçıların vəhşiliyi nəticəsində müflisləşmiş, qaçqınlar kimi müəyyən dərəcədə köməyə ehtiyacı olan minlərlə insan vardı. Bu vəziyyət hərtərəfli araşdırılır, 1919-cu ilin aprelindən onlara da məhsul yığımınadək, qaçqınlarla bərabər, ərzaq yardımı edilirdi. Azərbaycan Hökuməti Parlamentdən Zəngəzur qaçqınları üçün, üç aylıq yardım və qidalanma da daxil olmaqla, 187500 manat həcmində xüsusi kredit aynlmasını xahiş etmişdi. Parlament göstərilən vəsaiti ayırmış və Zəngəzur qəzasını əhatə edən xüsusi idarələrarası komissiyanın sərəncamına vermişdi. 1919-cu ildə Şuşa, Cəbrayıl, Cavanşir, Ağdam, Qaryagin (indiki Füzuli rayonu) və Bərdədə məskunlaşan 20 minədək qaçqına yardım edilmişdi. Qaçqınların əsas kütləsi əkinçi olduğundan 1920-ci ilin baharınadək onların ƏrəşNuxa qəzalarında yerləşdirilməsi məqsədəuyğun sayılırdı. 1919-cu ilin yayında istilərin düşməsi ilə əlaqədar, Azərbaycan Hökuməti onları Nuxa, Ərəş, GöyçayŞamaxı qəzalarının boş torpaqlarında yerləşdirmişdi. Nuxa dairəsi və Gəncə qəzasında yerləşən qaçqınlara 2 milyon manata qədər yardım edilmişdi. 1918-ci ilin oktyabrında İrəvan quberniyasının Eçmiədzin qəzasından Qazax qəzasına qaçqınların kütləvi surətdə yeni axını baş verdi. 1919-cu il yanvarın əvvəllərində Zəngəzurda baş verən zorakılıqlar və qırğınlar nəticəsində bu qəzanın dağlıq hissəsinin 40 minədək sakini Qarabağın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarına və respublikanın digər yerlərinə qaçmağa məcbur oldular. Bu səbəbdən Azərbaycan Hökuməti 1919-cu ilin mayında Parlamentə Ermənistanın müsəlman əhalisinə yardım göstərilməsi barədə qanun layihəsi təqdim etmişdi. Parlament qanun layihəsinə dərhal baxdıqdan sonra vəsait ayırmaq barədə qərar qəbul etmiş, ayrılmış 3 milyon vəsait hesabına 1919-cu il iyulun sonlarında İrəvana 15 vaqon un, taxıl, darı və arpa göndərilmiş və əhalinin hər nəfərinə ayda 10 funt hesabı ilə paylanmışdı. Bundan əlavə, İrəvanda müsəlmanlar üçün ambulatoriya, habelə 85 nəfərlik uşaq evi açılmış və sonralar Amerika Komitəsinin himayəsinə verilmişdi. Bakı və onun ətrafını əhatə edən sənaye rayonunda yalnız qaçqınlara deyil, bütün yoxsul yerli əhaliyə, mədən fəhlələrinə də yardımlar göstərilirdi. Azərbaycan Hökuməti 1919-cu ilin fevralından başlayaraq qida məntəqələri şöbələrinə, əslində, dövriyyə vəsaitlərinin yeganə mənbəyinə çevrilmiş aylıq ödənişsiz pul subsidiyaları verirdi. Hökumət bununla kifayətlənməyərək, həmin şöbələrin işinə daim nəzarət edir və ehtiyac olduqda şəhərin müxtəlif yerlərində yeni məntəqələrin açılmasına göstəriş verirdi. Bu məntəqələrdə əhaliyə pulsuz, bir hissəsi kiçik ödənişlə isti xörək, çay, həmçinin zəruri gündəlik tələbat məhsulları da paylanırdı. Azərbaycan Hökuməti ilə yanaşı, xalq da qaçqınlara yaxından köməklik edirdi. 1919-cu ildə Bakı şəhəri və mədən rayonlarında qaçqınlar üçün 308000 manat toplanmışdı. Azərbaycan Parlamentində xalq üçün fəlakətə çevrilmiş qaçqın və didərginlərin məsələsi dəfələrlə müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdu.

İrəvanda Azərbaycanlıların bazarı 20-ci əsrin əvvəlləri

Məsələn, 1919-cu ildə Parlament Qərbi Azərbaycandan olan qaçqınlara smetadan kənar 13 milyon, Zəngəzur qaçqınlarına 18 milyon 750 min manat köməklik göstərilməsi barədə qərar qəbul etmişdi. Parlamentdə müzakirələr zamanı deputatların bir qismi ayrılan yardımlara heç də birmənalı münasibət bildirmir, qaçqınlara göstərilən yardımların formasına etiraz edirdilər. Məsələn, deputat A. Aşurov yardımın qısa müddət üçün nəzərdə tutulduğuna və hökumətin qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində uzunmüddətli proqramının olmamasına etiraz edirdi. Parlamentin 14 iyun 1919-cu il tarixli iclasında deputatların əksəriyyəti qaçqınlara yardımdan daha çox, onların işlə təmin olunmasını düzgün yol hesab edirdi. Deputatların bir qismi pulların qaçqınlara necə çatdırılması ilə bağlı hökumətdən ciddi izahat istəyir, mənimsəmənin qarşısını almağı tələb edir, digər qismi isə problemi həll etmək üçün əmək qabiliyyətli qaçqın və köçkünlərdən ötrü yeni iş yerləri açmağın zəruri olduğunu bildirirdilər. Onlar Suraxanı-Mərdəkan dəmir yolu xəttinin çəkilməsini və qaçqınların orada işlə təmin olunmasını təklif edirdilər. Azərbaycan Hökuməti qaçqınlara təkcə pulla deyil, ərzaqla da kömək edirdi. Belə ki, 1920-ci il yanvarın 5-də parlamentdə qaçqınların 21 milyon manat dəyərində buğda ilə təchiz olunması haqqında qərar qəbul olunmuşdu. Ümumiyyətlə, 1919-cu ildə Hökumət əhalinin yoxsul təbəqələrinə kömək üçün 3082000 manat maliyyə yardımı etmişdi. Azərbaycan Hökuməti milli münaqişələr zamanı yetim və kimsəsiz qalmış uşaqların himayəsinə də xüsusi diqqət yetirirdi. Bu sahədə görülən mühüm işlərdən biri də yerli xeyriyyə cəmiyyətlərinin maliyyə köməyi ilə valideyn himayəsindən məhrum olanlar üçün uşaq evlərinin təşkili, genişləndirilməsi və bu işə daim nəzarət edilməsi idi. 1918-ci ildə Mərkəzi Uşaq Evinin nəzdində yetim uşaqlara kömək etmək üçün xüsusi yardım bürosu yaradılmışdı. Büro, bu sahədəki bütün işlərin öhdəsindən təkbaşına gələ bilmədiyindən kömək üçün Himayədarlıq Nazirliyinə müraciət etmişdi. Nazirlik uşaq evindəki hər bir uşağa əvvəlcə ayda birdəfəlik 60 manat, sonra isə qaytarılmamaq şərti ilə 120 manat subsidiyaların ödənilməsi yolu ilə kömək ayrılmışdı. Büro dağıldıqdan sonra isə nazirlik cəmiyyətlərə himayəyə götürülmüş hər bir uşaq evi üçün adambaşına ayda 200 manat subsidiya ödəyirdi. Bundan əlavə, cəmiyyətin bu və ya digər ehtiyacları üçün, əlillər evi, gecəqondular və ucuz yeməkxanaların saxlanmasından ötrü də vəsait ayrılırdı[3].

Digər icmalara və başqa ölkədən olan qaçqınlara yardım

[redaktə | mənbəni redaktə et]

ErmənistanGürcüstan hökumətlərindən fərqli olaraq, Azərbaycan Cümhuriyyəti, milliyyətindən asdı olmayaraq, bütün didərginlərə kömək edirdi. Belə ki, Hökumət 1919-cu ildə yardım olaraq Müsəlman qadın xeyriyyə cəmiyyətinə — 220 nəfərlik müsəlman uşaq sığmacağı üçün, Erməni Milli şurasına — 517 nəfərlik 2 sığınacaq üçün, Rus xeyriyyə cəmiyyətinə — 517 nəfərlik sığınacaq və əlillər evi üçün, Uşaq evi cəmiyyətinə — 80 nəfərlik sığınacaq üçün, 9-cu sahə komitəsinə — 30 nəfər yaşlı adam üçün, Yəhudi Milli Şurasına — ucuz yeməkxana üçün, Yəhudi xeyriyyə cəmiyyətinə — qocalar və əmlakı olmayanlar üçün sığınacağa görə 2114501 manat pul vermişdi. Azərbaycan Hökuməti 1918-ci il mart qırğınları və Bakının yadelli işğalçılardan, o cümlədən Sentrokaspi diktaturasından azad edilməsi dövründə zərər çəkmiş şəxsləri də yaddan çıxarmamışdı. Hökumət belə şəxslərə birdəfəlik pul yardımı göstərmişdi. Bu müavinətlər üçün ayrılan pulların ümumi məbləği isə 300000 manata bərabər idi. Azərbaycan Hökumətinin qaçqınlarla bağlı gördüyü işin bir sahəsi də onların öz doğma yurd-yuvalarına qaytarılması idi. Bununla bağlı bütün xərcləri hökumət özü çəkirdi. Azərbaycan Hökuməti erməni və rus milli komitələrinin rəyinə əsasən, 5000 ermənini və 2500 rusu daimi yaşayış yerlərinə yola salmışdı. Bundan əlavə, 4000 müsəlman və 1000 nəfər digər millətlərin nümayəndələri də daimi yaşayış yerlərinə yola salınmışdı. Onlara, əlavə olaraq, yolda qidalanmaq üçün də müavinətlər verilmişdi. O dövrdə erməni daşnakları rus qoşunlarının köməyi ilə Anadoluda, xüsusilə Qarsda, İğdırda və b. ərazilərdə yerli türk əhalisinin evlərini dağıtmış, on minlərlə günahsız insanı, o cümlədən qoca, qadın, uşağı öldürmüş, ev-eşiyindən didərgin salmışdılar. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu insanları da yaddan çıxarmamışdı. Belə ki, Himayədarlıq Nazirliyi Müsəlman Xeyriyyə cəmiyyətinin vasitəçiliyi ilə Qars əyalətindən qaçqın düşərək Bakıda məskunlaşan 700 nəfərin gündəlik çörəklə təminatmı öz üzərinə götürmüşdü. Hökumət 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-dək olan dövrdə buna 526.195 manat məbləğində pul xərcləmişdi. Himayədarlıq Nazirliyinin nümayəndəsi Qars vilayətindən və İrəvan quberniyasından olan müsəlman qaçqınlara yardım üçün 1919-cu ilin noyabrından Tiflisə ezam edilmişdi. O, qaçqınların yolüstü qısamüddətli qidalanma məntəqələrinin yaradılmasını təşkil etməli və bunun üçün onlara pul müavinətləri verməli idi. Tiflis yaxınlığında və Aşağı Cəral stansiyasında iki belə məntəqə açılmışdı. 1919-cu ilin axırlarında Dağlılar Respublikasında gedən hərbi əməliyyatlar üzündən Azərbaycana pənah gətirən qaçqın dağlılara yardım məqsədilə də 1 milyon manat pul sərf edilmişdi. Azərbaycan Hökuməti ağır vəziyyətdə olmasına baxmayaraq, Gürcüstanda yaşayan yoxsul müsəlman əhalisinə də yardım göstərirdi. Belə ki, hökumət 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində zərər çəkmiş əhaliyə, Axalsıx və Axalkələk qəzalarının yoxsul əhalisinə ərzaq və maliyyə yardımı etmişdi[4].

Qaçqın və köçkünlərlə bağlı komissiyanın yaradılması haqqında qərar

[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsi (1914–18) illərində və bundan sonrakı dövrdə erməni-daşnak quldurlarının törətdikləri soyqırımları nəticəsində ata-baba torpaqlarından, doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılara kömək göstərmək məqsədilə ayrıca hökumət qurumu yaradılması barədə sənəd. 1919-cu il iyunun 23-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmişdir. Qərarın birinci bəndinə əsasən, Bakı şəhərində qaçqınların ehtiyaclarını müəyyənləşdirmək üçün Əkinçilik, Daxili işlər və Himayədarlıq nazirlikləri nümayəndələrindən ibarət Mərkəzi komissiya, quberniya və qəzalarda isə ona tabe olan yerli komissiyalar yaradılmalı idi. İkinci bəndə görə, xarici işlər naziri, qaçqınlar məsələsinin həllini asanlaşdırmaq və beynəlxalq komissiya yaratmaq məqsədilə Ermənistan Respublikası ilə əlaqə saxlamalı idi[5].

  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998;
  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Əziz B., ADR-in qaçqınları yerləşdirmək sahəsində fəaliyyəti, "Tarix və onun problemləri", B., 2000, № 3–4;
  • Beynəlxalq elmi sessiyanın materialları, B., 2003;
  • Адрескалендарь Азербаиджанской Республики на 1920 г., Б., 1920.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 98
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 99
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 100–101
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 101
  5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 98