Birinci Osmanlı-Misir müharibəsi və yaxud Birinci Suriya müharibəsi — 1831–1833-cü illərdə Osmanlı imperiyası ilə Misir əyaləti arasında Kavalalı Mehmed Əli Paşanın Yunan üsyanı zamanı sultana kömək etdiyinə görə mükafat olaraq Böyük Suriyanı nəzarətə götürməsini tələb etməsi nəticəsində yaranan hərbi münaqişə. Nəticədə Misir qüvvələri müvəqqəti olaraq Suriya üzərində nəzarəti ələ keçirərək Kütahyaya qədər şimala doğru irəlilədilər. Müharibədə Rusiya imperiyası da dolayısı ilə iştirak edib.[1][2]
Birinci Osmanlı-Misir müharibəsi (1831—1833) | |||
---|---|---|---|
Osmanlı-Misir müharibələri | |||
| |||
Tarix | 1831—1833-ci illər | ||
Yeri | Levant, Kiçik Asiya | ||
Səbəbi | Kavalalı Mehmed Əli Paşanın Levanta iddiası | ||
Nəticəsi | Qismən Misirin qələbəsi: Kütahya sülhü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Kavalalı Mehmed Əli Paşanın hakimiyyəti altında Misir faktiki olaraq Osmanlı imperiyasından asıllılığını minimuma endirmişdi. Misrin müstəqilliyuə can atması sultanın və onun hökumətinin narazılığına səbəb oldu.[1]
Hələ 1813-cü ildə Misirlə Ərəbistan vəhhabiləri arasında gedən müharibə zamanı İstanbul Mehmed Əli Paşanı daha sadiq bir fiqurla əvəzləməyə çalışırdı. Sultan Mehmed Əli Paşanın yaxın adamlarından biri olan Lətiv Paşanı Misirə vali təyin etmək haqda fərman verdi. Lakin onun bu cəhdi uğursuzluqla başa çatdı. 1813-cü ilin dekabrında Lətiv Paşa tutuldu və boynu vuruldu.[3]
Misir Yunan üsyanı zamanı Osmanlı imperiyasını dəstəklədi.[4] Bunun üçün Mehmed Əli Paşa türk Sultan II Mahmuddan bir sıra torpaqlar istədi. O, 1822-ci ildə Kriti, 1824-cü ildə isə oğlu Kavalalı İbrahim Paşa üçün Moreya paşalığını[5] paşalığını alıb Suriyaya birləşdirdi.[6] Bunlar ikili komandanlıqdan qaçmaq istəyi və bölgəyə əsgər göndərilməsi ilə bağlı xərcləri ödəmək istəyi ilə izah edildi. Sultan Mehmed Əli Paşanın tələblərini yerinə yetirdi.[7]
Amma misirlilərin İbrahim Paşanın komandanlığı ilə müdaxiləsi türklərə üstünlük vermədi. 1827-ci ildə Navarin döyüşü nəticəsində Osmanlı-Misir donanması İngiltərə, Rusiya və Fransa birləşmiş donanmalarına məğlub oldu.[8] 1829-cu ildə Osmanlı imperiyası Yunanıstanın muxtariyyətini, sonra isə müstəqilliyini tanımağa məcbur oldu.[9] İstanbulun zəifləməsindən istifadə edən bir çox yerli hökmdarlar öz hüquqlarını genişləndirməyə çalışırdılar. Onların arasında Bosniyada Hüseyn Qradaşeviç, İşkodra Sancağında Mustafa Rəşit Paşa, Bağdad vilayətində Davud Paşa, Əkkalı Abdulla Paşa Suriyada,[10] Van əyalətində Timur Paşa var idi.[11]
Mehmed Əli Paşa itirilmiş Moreya üçün təzminat olaraq Osmanlı sultanından Suriyanı tələb etdi, İstanbul da ona verəcəyi barədə söz verdi.[6] Mehmed Əli Paşa Sultan II Mahmuda Ədirnə sülhü çərçivəsində Rusiyaya ödənilməli olan bütün təzminatları ödəyəcəyini boynuna götürdü. Lakin sultan bunun əvəzinə ona Krit valisi olmağı təklif etdi. Lakin Kavalalı Mehmed Əli Paşa uzun illər adaya hakim idi. Bu səbəbdən o bilirdi ki, müharibə nəticəsində viran qalmış və yunan əhalisinin əhəmiyyətli bir hissəsini itirmiş bu adada nizam-intizamın qorunması çətin başa gəlməklə yanaşı xeyli xərc tələb edəcək.[6] Bu isə onun maliyyə vəziyyətini ağırlaşdıra bilərdi.
Sultan II Mahmud Mehmed Əli Paşanın İstanbula göndərdiyi şikayətə cavab olaraq Misir paşasının il yarımdı vergi ödəmədiyini bildirdi. Mehmed Əli Paşa yunanlar ilə müharibə zamanı sultanın xeyrinə 30.000 adam və 20 milyon frank itirməsini xatırlatdı. O, II Mahmuda etiraz edərək, onun nankorluğundan incidiyini bildirib vergi ödəməkdən imtina etdi.[12]
Mehmet Əli Paşa sultanın təklifini rədd etdi və Suriyanı özü almağa qərar verdi. Bu, istər ümumən Osmanlı imperiyasında, istərsə də Suriya əyalətində qeyri-sabitlikdən irəli gəlirdi. Əkka hakimi Abdulla Paşa təkcə bütün Suriyanı ələ keçirməyə çalışmadı (Dəməşqli Dərviş paşanı və digər hakimləri oradan uzaqlaşdırmağa çalışdı), həm də müharibə zamanı üsyankar yunanlarla əməkdaşlıq etdi. 1831-ci ildə Abdulla Paşa bir sıra Dəməşq sakinlərini üsyana və yeni hakim Səlim Paşanı öldürməyə razı sala bildi.[13]
Mehmet Əli Paşa bunu regionda möhkəmlənmək üçün əlverişli məqam hesab etdi. O, Abdulla Paşadan Misirdən qaçan kəndliləri geri qaytarmağı və təzminat ödəməyi tələb etdi.[1] Mehmet Əli Paşa ilə uzun müddət ədavəti olan Vəzir Məhəmməd Xosrov Paşadan dəstək alan Abdulla Paşa bundan imtina etdi.[14].
Ordu Misiri tərk etməzdən əvvəl 5000 nəfərin vəba xəstəliyindən həlak olmasına baxmayaraq, 1831-ci ilin oktyabrında Mehmet Əli Paşanın oğlu Əli İbrahim Paşa qoşun toplayıb Suriyaya yollandı.
Mənbələrdə Əli İbrahim Paşanın Suriyaya hərbi ekspansiyaya yollanan qoşun sayı barədə müxtəlif məlumatlar var. Belə ki, Sıtin Əli İbrahim Paşanın ordusunun 16,5 min piyada və 3,5 min süvaridən ibarət olduğunu yazır. Buraya 5 piyada alayı, 4 süvari alayı, 68 top, 1 mühəndis batalyonu, 1 təchizat batalyonu və 1200 bədəvi daxil idi.[15] E.Laviss və A.Rembo isə İbrahim Paşanın 30 min əsgəri, 50 səhra topu və 19 minaatan olduğunu qeyd edir.[12] Bazili Sinay səhrasını keçən 9 min nizami süvari, iki səhra artilleriya batareyası və min bədəvidən və Suriyaya eniş edən 40 gəmidə (7 freqat və 33 başqa) mühasirə artilleriyası ilə təxminən 7 minlik desant qüvvəsindən danışır.[13] A.D.Noviçev yazır ki, əməliyyatda 40 gəmi (23 hərbi və 17 mülki) və misirlilərin 20-25 minlik ordusu iştirak edib.[16]
Noyabrın 2-də əsas birliklər Abdullanın qarşı hərəkətə başladı.[14] Noyabrın 8-də İbrahim Paşanın başçılıq etdiyi Misir desant dəstəsi Yaffa şəhəri yaxınlığında müvəffəqiyyətlə quruya çıxdı. Ordu müqavimətə rast gəlmədən şəhəri işğal etdi. İkinci ordu Sinay səhrasını keçərək Qəzzanı ələ keçirdi.[16] 1831-ci ilin noyabrında Suriya valisinin qoşunlarının ya misirlilərin tərəfinə keçməsindən,[13] ya da dağılışmasından istifadə edən hər iki ordu Hayfada birləşərək Əkkaya doğru irəliləməyə başladı. Sərəncamında 6000 əsgər və 400 topu olan Abdulla Paşa əmin idi ki, Misir ordusu da Napoleon kimi qalanı ala bilməyəcək.[16] İbrahim Paşa ordunun bir hissəsini Əkkanı mühasirədə saxlamaq üçün qoydu, qalanları ilə birlikdə isə şimala doğru hərəkət etdi. Hələ mühasirə başlamamış Abdulla Paşa Livan əmiri II Bəşirə və İstanbula kömək üçün qasidlər göndərdi. İbrahim Paşada II Bəşirdən kömək istədi. Abdullanın İstanbuldan alacağı yardımın gecikəcəyini anlayan Livan əmiri uzun tərəddüddən sonra misirlilərin tərəfinə keçdi.[13] İbrahim Paşanın qoşunları Sur, Sayda, Beyrut və Tarablus şəhərlərini tutdular. Fələstinin dağ tayfalarını tabe etdikdən sonra İbrahim Paşa Qüdsü işğal edərək xristian və yəhudi ruhanilərini vergilərdən azad etdi.[13]
Münaqişəyə birbaşa müdaxilə etməyə gücü çatmayan İstanbul diplomatik yollarla hərəkət etməyə çalışdı. 1 dekabr 1831-ci ildə Osmanlı hakimiyyəti Məhəmməd Əli ilə Abdulla Paşa arasındakı mübahisənin Sultan II Mahmudun məhkəməsinə verilməsini tələb etdi. Misir qoşunları bölgəni tərk etməli idi və Abdulla Paşaya Misirin daxili işlərinə qarışmaq qadağan edildi. Bunu tələb edən İstanbul Mustafa Nazif Əfəndini danışıqlar üçün Məhəmməd Əlinin yanına göndərdi. Misir paşası karantin bəhanəsi ilə onu bir ay təcriddə saxladı. Görüşdən yayınan Məhəmməd Əli ordusu vəba xəstəliyindən əziyyət çəkən, lakin Əkkanı mühasirədə saxlayan oğlu İbrahimə (40 min) əlavə qüvvələr göndərdi.[17] Səfiri karantində saxlayan Məhəmməd Əli İstanbulla yazışmağa davam edirdi. O, Osmanlı sarayına xidmətlərini xatırladır, Əkka və Dəməşq paşalıqlarının ona verilməsini xahiş edirdi.[13]
Dekabrda Sultan Yaxın Şərqin Əyalətlərinə bir sıra yeni paşalar təyin etdi. Hələbə Mehmet Paşa, Dəməşqə Əli Paşa,[13] Trablusa Osman Paşa göndərildi.[15] Üstəlik, Mehmet Paşa Ərəbistan sərəskəri təyin edilmişdi ki,[13] ona kömək üçün Kayseri, Konya, Maraş, Sivas, Adana paşaları öz qoşunlarını göndərməli idilər.[17]
1832-ci ilin yanvarında Əkkanı mühasirəyə alan qoşunlar onun artilleriyasına ağır zərbə vurmağa və hətta mqdafiəni yarmağa müvəffəq oldular. Lakin hücum cəhdi uğursuz oldu və Misir donanması İsgəndəriyyəyə qayıtdı.[15] Belə bir vəziyyətdə Məhəmməd Əli Mustafa Nazif Əfəndini qəbul etmək məcburiyyətində qaldı, lakin razılaşma əldə olunmadı: tərəflər öz mövqelərində dayanmağa davam etdilər.[17] Mart ayında II Mahmud misirlilərin danışıqlar yolu ilə qovula bilməyəcəyinə qərar verərək, fətva verdi: Məhəmməd Əli və İbrahim Paşalar xain elan edildi. Ağa Hüseyn Paşa Misir, Krit və Ciddə paşası və ordu komandanı təyin edildi. Hələbdə Mehmet Paşanın qoşunları ilə birləşən bu ordu Məhəmməd Əlini Suriyadan qovmalı idi. 12 aprel 1832-ci ildə ordu Şkoderdən yola düşdü.[18]
Nikolay Muravyovun məlumatına görə, 1831-ci ilin mayında türk nizami ordusu aşağıdakı qüvvələrdən ibarət idi:[19]
Osmanlı donanması Misirdən daha güclü idi və 10 döyüş gəmisinə malik idi.[20]
1832-ci ildə 160 topu olan Ağa Hüseyn Paşanın 60.000-lik ordusu misirlilərə qarşı göndərildi.[21] Muravyov-Karski qeyd edir ki, qoşun 57.000 nəfərdən ibarət idi (o cümlədən 28.000 nizami), onlardan 3.000-ə qədəri isə mülki işçilər təşkil edirdi. Bu ordunun yalnız 40 mini Konyaya çata bildi.[22]
Bundan əlavə Trablisli Osman Paşanın 10.000-lik ordusu[13] və Hələbli Mehmet Paşanın ordusu da bura daxil idi.
Xəlil Paşanın[13] donanması 1832-ci ildə 29 gəmidən ibarət idi:[23]
Həmçinin 4 döyüş gəmisi və 10 freqat inşa edilirdi.
A.M.Rodrigesə görə, 1830-cu ildə Misir ordusunun sayı 150 min nəfər, donanması isə 32 gəmidən ibarət idi.[24] N.N.Muravyov-Karskiyə görə, 1831-ci ildə Misir ordusu təqribən 70 min nəfərdən ibarət idi:[25]
Misir donanması 23 gəmidən ibarət idi:[26]
Bundan əlavə, tərsanələrdə 3 gəmi (140-lıq topla təhciz olunmuş "Əkka", 100-lük "Qomez" və 90-lıq "Beylan") var idi.
N.N.Muravyov-Karskinin məlumatına görə, 1832-ci ildə Suriyada döyüşən Misir ordusu 32 min nizami qoşun və 4 (və ya 5) min bədəvidən ibarət idi.[27] 1832-ci ildə Misir donanması 17 gəmidən ibarət olub:[23]
Sultanın fətvasına cavab olaraq Misir qoşunlarının işğal etdiyi bir sıra ərazilərdə (Tarablus və Livanda) üsyanlar başladı, lakin onlar İbrahim Paşa tərəfindən yatırıldı.[13]
1832-ci ilin martında misirlilər Əkkanın əsas qapısını qoruyan qülləni dağıtmağa müvəffəq oldular və yeni bir hücuma başladılar. Hər iki tərəf ağır itki verdi (misirlilər 1200 nəfər), lakin qala fəth edilmədi.[28]
Trabulusa vali təyin edilən Osman Paşa misirlilərin Əkkanı mühasirəyə almaqla məşğul olmasından istifadə edərək Trabulusda möhkəmlənməyə çalışdı.[15] Mustafanın başçılığı ilə 2 min misirli və 2 min bərbərdən ibarət qarnizonun olduğu şəhərə yaxınlaşdı. İbrahim paşa 8[29]/10[15] minlik qoşunun başında Əkkanın mühasirəsini generalına həvalə edərək, gözlənilmədən Osmanın üzərinə hücuma keçərək onu qaçmağa məcbur etdi. İbrahim Paşa sonra onu təqib edərək Hümsə doğru irəlilədi. Amma burda o, üç dəstəyə bölünmüş Hələbli Mehmet Paşanın ordusuna rast gəldi. Burda osmanlılar misirliləri geri çəkilməyə məcbur etdilər və onları Xan-Kəssir kəndinə qədər təqib etdilər. Üç türk paşası ilə toqquşmaya girən İbrahim Paşa itkilərlə Bəəlbəkə çəkilmək məcburiyyətində qaldı. Orada 800 nəfərlik dəstənin başında qardaşı oğlu Abbas Paşa ilə birləşdi.[30]
İbrahimin başçılıq etdiyi mühasirə ordusunun bir hissəsinin geri çəkilməsindən istifadə edən Abdulla Paşa uğurlu döyüş əməliyyatı keçirdi: topların bir hissəsini ələ keçirdi, lağımları dağıtdı və mühasirəyə alanların bir hissəsini öldürdü.[30] İbrahim Paşa Kritdən əlavə qüvvələr alaraq və türklərin qətiyyətsizliyindən istifadə edərək, arxa cəbhəni qorumaq üçün Abbas Paşanı 15 minlik ordu ilə burda qoyaraq, apreldə Əkkaya yola düşdü və yenidən mühasirəsini davam etdirdi.[15] Əkka yaxınlığında 10 min toplayaraq, 27 may 1832-ci ildə hücum edərək onu fəth etdi.[15]
Əkkanı işğal edən İbrahim Abdulla Paşanı Misirə əsir göndərdi və Sultandan Suriyanı yenidən təhvil verməsini xahiş etdi.[13][21] Rədd cavabı alaraq 8 iyun 1832-ci ildə Dəməşqə və Hələbə doğru yola düşdü.[31] Dəməşqli Əli Paşa misirlilərə qarşı ciddi müqavimət göstərə bilməyən yalnız bir neçə yüngül dəstə çıxara bildi və Hümsa geri çəkildi.[13] İyunun 15-də İbrahim Dəməşqi ələ keçirdi və 18 minlik ordunun başında Hümsa doğru yola düşdü.[21]
8 iyul 1832-ci ildə Hüms yaxınlığında İbrahimin ordusu ilə Mehmet Paşa, Bəkir Paşa və İskəndər Paşanın başçılıq etdiyi türk avanqardları arasında döyüş baş verdi.[32] Misirlilər türkləri məğlub edərək Hümsü ələ keçirdilər. Avanqardın məğlubiyyətindən xəbər tutan Hüseyn Paşa Hələbə sığınmağa çalışsa da, şəhər sakinləri onu içəri buraxmadılar.[33] Osmanlı ordusu Beylan dərəsində möhkəmlənməyə çalışdı. Hələbi işğal edən İbrahim üç gün sonra dərəyə yaxınlaşdı və 29 iyul 1832-ci ildə türkləri məğlub etdi. Türk ordusunun qalıqları Konyaya qaçdı. Sıtinin Hərbi Ensiklopediyasına görə osmanlıların itkiləri 2,5 min ölü və yaralı və 5 min əsir, Muravyov-Karskinin məlumatına görə, 1,9 min öldürülmüş və 15 min əsir düşmuşdur.[34]
Bütün Suriya fəth edildi. Misirdən əlavə qüvvələr alan İbrahim paşa hücuma davam etdi və dekabrın ortalarında Konyada Sərəskər Rəşid Mehmed Paşanın ordusu ilə qarşılaşdı. Burada məşhur Konya döyüşü baş verdi. Osmanlı ordusunun böyük üstünlüyünə (15.000 əsgərə qarşı 56.000 əsgər) baxmayaraq, İbrahim Paşa 9 min nəfərlə Rəşid Mehmed Paşanı darmadağın edərək onu əsir aldı. İbrahim Paşa Osmanlı gəmilərini təcrid edərək Bosfora yaxınlaşdı. O özü isə İstanbuldan altı günlük məsafədə idi.[35]
Kavalalı Mehmed Əli Paşanın dayanmaq və əlavə qüvvələrin gəlməsini gözləmək əmri olmasaydı, İbrahim Paşa bəlkə də imperiyanın paytaxtını ələ keçirə bilərdi. Belə ki, bu ləngimə Rusiya imperatoru I Nikolaya sultana kömək üçün donanma və qoşun korpusu göndərməyə şərait yaratdı. 1833-cü ilin aprelində rus qoşunları İstanbulun şimalında plasdarm qurdular. Böyük dövlətlərin vasitəçiliyi ilə danışıqlar başladı və Kütahya sülhünə görə (4 may 1833) Mehmed Əli Paşa Suriya və Adana valisi oldu. İyul ayında Rusiya və Osmanlı imperiyası arasında iki dövləti müharibə vəziyyətində bir-birinə kömək etməyə məcbur edən Unkar-İskelesi müqaviləsi imzalandı.[35]
Sülh naminə edilməli olan güzəştlər Sultan II Mahmudun qəzəbinə səbəb oldu. Məhəmməd Əli də narazı idi: Misir hələ də Osmanlı imperiyasının mərkəzi xəzinəsinə illik pul köçürmələri qüvvədə qaldı.[31] Həmçinin Suriya ərazilərinə sahib olmaq gözlənilən nəticələri vermədi. Belə ki, Suriyanın idarəedilməsi böyük maliyyə tələb edirdi. Yerli əhali İbrahim Paşanın idarəçiliyinə müqavimət göstərdiyindən yığım xərclənən vəsaiti üstələyirdi.[8] Nəticədə Kavalalı Mehmed Əli Paşa Misirin müstəqilliyini elan etmək qərarına gəldi və bu, İkinci Osmanlı-Misir müharibəsinə səbəb oldu.[1]