Cəlal Ünsizadə

Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1854, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası1933, Ankara, Türkiyə) — Azərbaycan şairi, tərcüməçi, publisist, tərəqqipərvər müəllim, "Kəşkül" qəzetinin redaktoru (1883–1891).[1][2]Rus, fars və ərəb dillərində yaxşı biliyə malik olan Cəlal Ünsizadə həm müəllim, həm jurnalist, həm də tərcüməçi olmuş, Qafqaz müsəlmanları arasında sosial-mədəni inkişaf üçün çalışmışdır.

Cəlal Ünsizadə
Doğum tarixi 1854-cü il
Doğum yeri Şamaxı
Vəfat tarixi 1933-cü il
Vəfat yeri Ankara
Dəfn yeri Ankara
Atası Əbdürrəhman əfəndi Ünsi
Fəaliyyəti şair, tərcüməçi, jurnalist, redaktor[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəlal Ünsizadə 1854-cü ildə Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur. O SəidKamal Ünsizadə qardaşların ortancısıdır. İlk təhsilini Şamaxıda Rus şəhər məktəblərindən birində almış, həm yeni, həm də köhnə üsullarla tədris görmüş və rus dilini öyrənmişdir. Daha sonra qardaşları Səid və Kamal Ünsizadə ilə birlikdə 1876-cı ildə Tiflisə köçmüş və müəllimlik fəaliyyətinə başlamışdır. O, Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb açmışdır. Nəşriyyat fəaliyyətlərinə məhz Tiflisdə başlamış qardaşı Səid Ünsizadənin Tiflisdəki Ziya mətbəəsində “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərinin nəşr olunmasında aktiv rol sahibi olmuşdur.[3][4]

"Kəşkül" qəzetinin nəşr edilməsi və "Kəşkül" mətbəəsi

[redaktə | mənbəni redaktə et]

"Kəşkül" jurnalı, Qafqaz Senzura Komitəsinin 1883-cü ildə Peterburq Baş Mətbuat İdarəsinə göndərdiyi 101/77 nömrəli məktubdan göründüyü kimi, 20 oktyabr 1882-ci ildə lazım olan icazələr verilərək nəşr olunmağa başlamışdır. Yenə də Qafqaz Senzura Komitəsinin Peterburqdakı Baş Mətbuat İdarəsinə göndərdiyi məktubdan belə aydın olur ki, "Kəşkül" jurnalı Azərbaycan türkcəsi ilə yanaşı fars və ərəb dillərində də nəşr ediləcəkdir. Jurnal ilk nömrəsini 1883-cü ilin yanvar ayında çıxarır və ilk 11 nömrəsi jurnal olaraq nəşr edildikdən sonra Cəlal bəy tərəfindən qəzetə çevrilir. Geniş bir məramnamə ilə nəşrə başlayan "Kəşkül" mövzu dairəsinə görə "Ziya" ("Ziyayi-Qafqaziyyə"dən) fərqlənirdi. Həm jurnal, həm də qəzetin aşağıdakı şöbələri fəaliyyət göstərirdi. Daxili şöbə, Tarix və siyasi şöbə, Tənqid və mətbuat xülasəsi, Pedaqogika, Həkim məsləhəti, Şeir şöbəsi, Təqvim, Müxtəlif materiallar, Elanlar.[5]

Cəlal Ünsizadənin "Kəşkül"ün üçüncü nömrəsində yazdığı kimi, "Kəşkül"ün “qələm-dairəsi” Qafqaz, Rusiya, Osmanlı, İran və Misir kimi İslam ölkələrini əhatə edirdi. Buna görə Cəlal bəy "Kəşkül"ün yazı heyətinə Osmanlı, Rusiya, İran və Misir kimi bölgələrdən ziyalıları toplamağa çalışırdı.[6]

"Kəşkül"ün Tiflisdəki mətbəəsi dar bir küçədə və işıqsız bir binada yerləşirdi, bu da qəzetin fəaliyyətində çətinliklər yaradırdı. Buna baxmayaraq, Cəlal Ünsizadə bütün mənfi şərtlərə rəğmən, dövrün görkəmli şəxsiyyətlərini "Kəşkül"ə cəlb edirdi. Tiflisin baş hakimi Babov, keçmiş maarif məclisinin müdiri Qursaladze, Qori Müəllimlər Seminariyasının müəllimlərindən Aleksey Osipoviç Çernyayevski, jurnalist və yazıçı Eritsov kimi bir çox tanınmış şəxsi qəzetin əsas heyətinə daxil etmişdi. Bundan əlavə, Firidun bəy Köçərli, Mirzə Fətəli Axundovun oğlu Rəşid bəy Axundov, Sultan Məcid Qənizadə və Gülməmməd bəy Kəngərli də nəşriyyat işlərində iştirak edirdilər. Cəlal bəy Firidun bəy Köçərli və Gülməmməd bəy Kəngərli ilə yaxın dostluq qurmuş, bir müddət qəzetin yazı işlərini Kəngərlinin evindən idarə etmişdi.[7]

Cəlal Ünsizadə xüsusilə üəllim və tələbələrlə əlaqələr yaradaraq onların yaradıcılıq qabiliyyətlərindən faydalanmaq istəyirdi. Bu düşüncə ilə işə qəbul etdiyi gənclərdən biri də Məmməd Kəngərli idi. 1883-cü ildə Tiflis Gimnaziyasında 6-cı sinif şagirdi olan Kəngərli, Cəlal bəy tərəfindən "Kəşkül"ün yazı işlərində katib olaraq təyin edilmişdi.[8]

Qəzetdə dil, ədəbiyyat, incəsənət, elm, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu. "Kəşkül" "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin "Əkinçi"yə daha artıq dərəcədə meyli hiss edilir. Klassiklərin irsini yaymaqda qəzet mütərəqqi iş görüb.[8]

1885-ci il mayın 12-də Qafqaz Senzura Komitəsinə müraciət edən Cəlal Ünsizadə Kəşkülü Tiflisdəki L.Q. Kramarenkonun mətbəəsində çap etmək üçün icazə istədi. Qafqaz Senzura Komitəsi Cəlal bəyin bu istəyini qəbul etdi. Həmin tarixə qədər “Ziya” mətbəəsində çap olunan qəzet 1886-cı il noyabrın 1-dək Kramarenkonun mətbəəsində çap olunub. 1886-cı il noyabrın 12-də Cəlal Ünsizadə yenidən senzura komitəsinə müraciət edərək Kəşkül qəzetini bu dəfə Martrosyansın mətbəəsində çap etmək üçün icazə istədi. 18 noyabr 1866-cı il tarixli təsdiq məktubu ilə bu mətbəədə qəzet çapı davam etdirildi.[9] Sonrakı illərdə Cəlal Ünsizadə başqalarının mətbəələrində bu işi görməkdən narahat olur və öz şəxsi mətbəəsi yaratmağa çalışır. Nəhayət, 1889-cu ilin sonlarına doğru Cəlal bəy Tiflis Polis İdarəsinin mətbəəsini alıb öz mətbəəsini yaradır. Kəşkülün nəşriyyat həyatını öz mətbəəsində davam etdirən Cəlal bəy böyük qardaşı Səid Ünsizadə kimi mətbəəyə də çap etdirdiyi qəzetin adını vermişdi. Yeni alınan bu mətbəənin adı Kəşkül və Mətbə-yi Cəride-yi Kəşkül olur.[9]

Kəşkül qəzetinə tətbiq edilən senzura, Cəlal Ünsizadə qəzetin nəşrini özünün aldığı mətbəədə həyata keçirməyə başladıqdan sonra daha da gücləndi. Qafqaz Senzura Komitəsi başda olmaqla mətbuat müfəttişliyi və Tiflis polis idarəsi qəzetin məzmununda yazılanlara nəzarət etməklə yanaşı, mətbəədə çap üçün lazım olan materialların detallı şəkildə nəzarət altında saxlanılmasına da xüsusi diqqət yetirirdilər. Tiflis polisinin Mətbəə və Kitab Satış Komissarlığının 27 aprel 1890-cı il tarixli sənədində Kəşkül qəzeti və mətbəəsinin sahibi Cəlal Ünsizadənin hansı yazı tipini nə qədər istifadə etdiyi belə araşdırılmış, bu da senzuranın miqyasını göstərirdi. Belə bir təzyiq altında qalan Kəşkül qəzetinin tirajı ildən-ilə azaldı.[10]

Cəlal Ünsizadə 2 oktyabr 1891-ci ildə Qafqaz Senzura Komitəsinə qəzetin çapının çətinləşməsinə səbəb olan hallarla bağlı bir məktub göndərmiş və haqlarında yayılan əsassız və yalan məlumatların çoxluğundan şikayət etmişdi. Elə ki, mətbəə işçilərindən biri olan Seyfullanın qəfil ölümü və başqa bir işçi olan Rahimin dəmir yoluna düşərək sağ qolunu itirməsi bəhanə gətirilərək “Kəşkül”ün nəşri dayandırılmış, hətta mətbəənin rəhbərliyini bir müddət qardaşı Kamala buraxıb İstanbula getmək istəyən Cəlal bəyə səyahət qadağası qoyulmuşdu. Bu tarixdən sonra Kəşkülün nəşri daha da çətinləşdi.[11]

1891-ci ildə “Kəşkül” qəzetinin 121-ci sayında naməlum səbəblə çap zamanı baş verən bir səhv nəticəsində qəzet ittiham olundu. Redaktor olaraq Cəlal bəyin adı yazılmalı olan yerdə qəzet yazarlarından M. Sultanovun adı yazılmış, bu da Baş Mətbuat İdarəsinin diqqətini cəlb etmişdi. Onlar qəzet redaktorunun qanunsuz olaraq xəbərsiz dəyişdirildiyini iddia etdi. 13 sentyabr 1891-ci ildə Qafqaz Senzura Komitəsinə məktubla müraciət edilərək dərhal məlumat verilməsi tələb olundu. Hadisələrin böyüməsi ilə Qafqaz Senzura Komitəsi Baş Mətbuat İdarəsinə yazdığı məktubda Kəşkül qəzetinin naşiri Cəlal bəyin vəzifəsində səhlənkarlıq göstərdiyini əsas gətirərək, cinayət məcəlləsinin 1014-cü maddəsinə uyğun olaraq ciddi şəkildə məhdudlaşdırıldığını bildirdi. Bu hadisə Çar hakimiyyətinin “Kəşkül” qəzetini bağlamaq üçün tətbiq etdiyi ciddi təzyiq idi. Bu hadisədən sonra Kəşkül qəzeti yalnız iki nömrə daha nəşr oluna bildi. Tiflis qubernatorunun müavini A. Alimov Kəşkül qəzetinin bağlanması əmrini verdi və Tiflis polis rəisinin göstərişi ilə dördüncü bölgə müfəttişi Səharov, Cəlal bəyə Kəşkülün rəsmi şəkildə bağlandığını bildirdi. Beləliklə, təxminən 10 il ərzində fəaliyyət göstərən “Kəşkül” qəzeti bağlandı və 1903-cü ilə qədər Azərbaycanda hər hansı bir mətbuat fəaliyyətinə icazə verilmədi.[12]

İstanbula gəlişi

[redaktə | mənbəni redaktə et]

1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra Cəlal Ünsizadə bir müddət Tiflis Kadet Korpusunda müəllim işləmiş, sonra artan təzyiqlər nəticəsində İstanbulda yaşayan qardaşı Səid Ünsizadənin yanına gedib,Türkiyədə məskunlaşmışdı. Çar arxiv sənədlərinə əsasən belə təxmin etmək olur ki, hakim dairələr panislamizmə mənsub olduğunu güman edirmiş. Tiflis Polis İdarəsi Bakı qubernatoruna onu həbs etmək barədə məktub yazmışdı. İstanbula gələn Cəlal bəy də böyük qardaşı Səid Əfəndi kimi Osmanlı dövləti məmurları ilə əlaqə saxlayıb maarif və təhsil işlərində işləyə biləcəyini bildirirdi. Təhsil Nazirliyində dövlət məmurluğu üçün müraciəti qəbul olunmayan Cəlal Ünsizadə təxminən bir ay sonra münasib miqdar maaşla “Matbuat-ı Ecnebiyye” Şöbəsinə işə başlayır.[13]

C.Məmmədquluzadənin “Batdağ” felyetonundan da 1907-ci ildə Sultan Əbdülhəmidin sarayında məmur olduğunu öyrənirik.[14]

1908-ci ildə Cəlal Ünsizadə İstanbulda mənası "Daniş" adında fars dilində qəzet nəşr etməyə çalışır. 29 iyul 1908-ci il tarixli sənəddə qeyd edilirki, Cəlal Ünsizadə Xarici Mətbuat Qələmində müfəttiş olaraq işləyərkən "Daniş" adı ilə siyasət, ədəbiyyat, elm və sənaye ilə bağlı qəzet nəşr etmək üçün müraciət etmişdir. "Daniş" qəzetinin nəşrinə icazə verilib-verilmədiyi məlum olmasa da, Cəlal bəyin Türkiyədə də mətbuat fəaliyyətlərini davam etdirməyə çalışdığını görürük.[15]

1909-cu il aprelin 27-nə aid sənəddən Cəlal bəyin “Məlumat” qəzetində yazarlıq etdiyi anlaşılır. Eyni sənəddə qeyd edilir ki, Cəlal bəy 1909-cu ildə Peterburqda nəşr edilən "Nivosti" qəzetində dərc olunan və Türk-Yunan müharibəsi haqqında məlumatlar ehtiva edən bir məqaləni rus dilindən türk dilinə tərcümə etmişdir. 1909-cu il noyabrın 2-də yazılmış sənəddə isə Cəlal Ünsizadədən hökumət-i səniyyənin şəhbəndəri (konsulluq məmuru) kimi bəhs edilir və Farsca tərcüməçilərindən olan Nazim bəy ilə yer dəyişdikləri qeyd edilir.[13]

16 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və Milli Şura üzvləri idarəetmə mərkəzini Tiflisdən Bakıya köçürmədikləri üçün Gəncəyə köçürməli olurlar. Eyni günlərdə Cəlal Ünsizadə də Gəncədə idi. Cəlal Ünsizadə Türkiyəyə gəlişinin 27-ci ilində yenidən vətəni Azərbaycana qayıdır. Birinci Dünya Müharibəsi illərində nə etdiyi tam olaraq bilinməyən Cəlal bəy, özü kimi Azərbaycan türkü olub Türkiyədə yaşayan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu kimi şəxslərlə birlikdə Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu ilə Gəncəyə gedənlər arasında idi.[16]

Milli Şura və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncəyə gəlməklə birlikdə ölkənin daxilindəki və xaricindəki məsələlərlə məşğul idilər. Xüsusilə Milli Şuranın üzvləri və izlədikləri siyasət Gəncədə ciddi bir müxalifətlə qarşılaşmışdı. Təkcə hökumət daxilində deyil, Gəncədə olan Nuru Paşa və Türk Ordusundakı bəzi şəxslər də Azərbaycanın müstəqilliyi məsələsində həssas yanaşırdılar. Hətta bir müddət Nuru Paşa siyasi məsələlərin içinə çəkilsə də, o bir hərbçi olduğunu və siyasətdən başı çıxmadığını bildirməsi ilə mövzunu müşaviri Ağaoğlu Əhmədə həvalə edir.[16]

Bu dövrdə Gəncəyə göndərilən heyətdə yer alan Cəlal Ünsizadə Azərbaycan Xalq Cümhuriyyətinin içində olduğu bu siyasi mübarizələr, hökumətin daxili və xarici məsələləri və xalqın vəziyyəti ilə yaxından maraqlanmışdır:[17]

“1918-ci il, Rusların Qafqazın müqəddəratını qafqazlıların öz öhdəsinə buraxdığı həmin o tarixi günlərdə “Azərbaycan Cümhuriyyəti” adı ilə yeni meydana çıxmış olan bir İslam hökuməti bir çox vətənpərvəri məqsədlə sərməst, səxavətli və arzularına çatmış etdiyi sevinc dövründə, bir millətin müqəddəratının təsisində rəsmi olaraq əlaqədar olan şəxs olaraq bu xüsusda tələsməklə Gəncəyə getmək istəyən Əhməd Ağaoğlu bəy və Hüseynzadə Doktor Əli bəyin ardınca şəhərə gedib çatdım. Bir ay bu gözəl şəhərdə dincəlməklə vəziyyəti yaxından müşahidə edərək, araşdırmağa böyük diqqət göstərdim.

İyul 1918, Gəncə  

Cəlal Ünsi ”

Cəlal Ünsizadənin özü dediyi kimi, Gəncədə şəhərin vəziyyətini və içindəki ab-havanı geniş şəkildə araşdırmaq imkanı olmuşdur. Gəncə əhalisinin diqqətsiz şəkildə vaxt keçirdiyini bildirmişdir. Burada gördüklərindən təsirlənmiş olacaq ki, Gəncə əhalisinin demək olar ki, hər təbəqəsini sərt tənqid edən bir dillə uzun bir əsər olan “Bir Şübhə və Bir Şəkk” şeirini yazmışdır. Cəlal bəy sonradan yenidən Türkiyəyə qayıdır.[18]

Türkiyə Cumhuriyyətinin qurulması və bu illərdəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cəlal Ünsizadə Türkiyədə yaşadığı illər ərzində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi şəxslərlə yaxın dostluqlar qurmuşdur. Hətta onun şəxsi həyatı, ailəsi və Türkiyədə yaşadığı illər haqqındakı ən mühüm məlumatları dostu Əhməd bəyin Ağaoğlunun oğlu Səməd Ağaoğlu vermişdir. Səməd Ağaoğlu "Uşaqlıq və Gənclik Xatirələrim" adlı xatirələrində Cəlal Ünsizadə bəy və ailəsini belə təsvir edir:

“Cəlal Ünsi. İri bədənli, yumru sarı üzlü, şirin səsli Cəlal bəy, sarışın, mavi gözlü, incə və açıq üzlü, saraydan alınmış çərkəz xanımı, ağıllı saflığın sərhədlərini aşan, ağbənizli, mavi gözlü, kök, qırmızı yanaqlı qızı, indi hardasınız?”[19]

Səməd Ağaoğlunun yazdıqlarına görə Cəlal bəyin xanımı saraydan alınma bir çərkəz idi. Səməd Ağaoğlu xatirələrinin davamında Cəlal bəyin İstanbulda, Yeşilköydə bir evi olduğunu və ailəsi ilə birlikdə orada yaşadığını qeyd edir. Xatirələrin başqa bir hissəsində isə Səməd Ağaoğlu Molla Gürani məhəlləsindəki evləri yandıqdan sonra bir müddət Ziya Gökalpin evində qaldıqlarını yazır:

Cəlal bəyin bu gülünc talesizlik hekayəsi yanında bədbəxtliyinin cizdiyi mənzərə belə idi: Molla Gürani məhəlləsindəki evimiz  yandıqdan sonra bir ara Türbədə, Göyalpların evində qalırdıq. Bir gün indi Türkiyə Xalq Partiyası İstanbul mərkəzi olan binanın önündən keçərkən qarşıdan gələn bir adamın əlləri ilə üzünü örtərək uca səslə hıçqırıb ağladığını gördüm. Qoluna girmiş bir nəfər onu dartıb aparmağa çalışır, lakin o gah yerə çömələrək, gah da ayaq üstdə, iki-üç addımdan bir evlərin divarlarına söykənərək hıçqırır, hıçqırırdı. Yoldan keçənlər böyür-başına toplaşmağa başlamışdılar. Yaxınlaşdım, Cəlal Ünsi bəy idi.

Sonradan öyrəndik. O gün Xariciyyə nəzarətindən çağırmışlar, mühəndis olmaq üçün Almaniyada təhsil alan oğlunun ölüm xəbərini vermişlər.

Zavallı Cəlal əmi! O gün məni şaşırdan küçənin ortasındakı dəli-divanə halının hansı sağalmaz yaradan doğa biləcəyini yalnız özüm də ata olandan sonra anladım”[20]

Cəlal bəy Sultan Əbdülhəmid dövründə bir müddət işsiz qalır və pul qazanmaq üçün donos yazmağa qərar verir. Ancaq yazdığı donoslardan səs çıxmır. O qədər hiddətlənir ki, özü haqqında da bir donos yazır. “Buyur, Əhməd bəy! Mənim bəxtim belə imiş. Dərhal gəlib məni yaxaladılar. İnsanlara bu donosun da özüm tərəfindən yazıldığını başa salana qədər anamdan əmdiyim süd burnumdan gəldi.”[19]

Səməd Ağaoğlunun Cəlal Ünsizadə haqqında yazdıqları çox əhəmiyyətlidir, çünki daha əvvəl heç bir yerdə Cəlal bəy bu qədər səmimi və həyati reallıqları ilə təsvir edilməmişdir. Cəlal bəy bir müddət işsiz qalmış, yazıları ilə dolanışığını təmin etməyə çalışsa da bu yazılarını yayımlayacaq yer tapmamışdır. Cümhuriyyət elan edildikdən sonra isə Cəlal Ünsizadə Ankaraya köçmüşdür. Burada Mətbuat İdarəsində işə başlamışdır.[21] Bu barədə Yusif Akçura “Türkçülük” əsərində “Ünsizadeler Matbuatı” bölməsində yazır:

“Səid əfəndi və Cəlal bəy (...) Qafqaziyadan Osmanlı ölkəsinə (1901-ci ildə) pənah gətirmişdilər. Üləmadan Hacı Səid əfəndi Böyük Maarif Məclisi və Tədqiqat Məclisinə üzv təyin edilmiş, 1912-ci ildə ölmüşdür. Cəlal bəy Mətbuat və Xariciyyə Məmurluğunda olmuş və qəzetçilik etmişdir. Son illərdə Ankara Mətbuat İdarəsində, yaşının çoxluğuna baxmayaraq, bir gənc kimi səliqə və həvəslə işləmişdir. Hərdənbir ciddi və yumorlu şeirlər də yazırdı”.[21]

Cəlal bəy daha əvvəl Farsca bir qəzet çıxarmaq istədiyi kimi, 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinə Rus dilində siyasi bir qəzet çıxarmaq istədiyini bildirmişdir.[22]

Eyni dövrlərdə Zəki Vəlidi Toğan ilə yolu kəsişən Cəlal bəyin Xarici İşlər Nazirliyində rus dili tərcüməçisi olduğunu öyrənirik. Zəki Vəlidi Toğan, Cəlal Ünsizadə ilə Ankarada qarşılaşdıqda təəccüblə “onu çoxdan ölmüş bilirdim” deyir. Toğanın yazdığı xatirələrdən belə görünür ki, Cəlal bəy ilə Ankarada olduğu müddətdə xoş söhbətlər etmişlər. O xatirələrində bu barədə yazır:[23]

"16 may Cəlal Ünsizadə bəy ilə görüşdüm. Bu şəxs Azərbaycan türklərindən olub Qaspıralı İsmayıl bəydən əvvəl Tiflisdə "Kəşkül" adlı bir Türk qəzetini çıxaran adam idi. Mən onu çoxdan ölmüş bilirdim. Məgər Türkiyədə yaşayırmış. İran və Azərbaycan Türk ədəbiyyatına yaxşı bələd idi. Bu şəxs məni Hüseyn bəy adlı bir xalça taciri ilə tanış etdi. Əslən Krım türklərindən imiş və qəbilə adı Özbək imiş, lakin bu Özbək qəbiləsi Türküstandan gəlmiş deyil, yerli bir qəbilə imiş. O da farscaya, Krım və Altın Orda tərəfindən yazılmış ədəbi və dini əsərlərə bələd idi. Cəlal Ünsizadə bəy ilə birlikdə bu şəxslə ədəbi mövzularda danışırdıq. Bu şəxs yəni Hülusi bəy “Hafız divanı”ndan fal deyirdi. Bir gün “Divan”ın əlindəki gözəl əlyazmanı mənə açdı: “Xorəzmə, ya Xosentə gedəcəksən” misrası çıxdı. Cəlal Ünsi Əfəndi dedi: “Ha, Səmərqəndə getsən Əmir Teymura salam de”. Başqa bir gün ora getdiyimiz zaman Cəlal Ünsi bəy zarafatla dedi ki, Hafizini yenə Zəki bəyə aç, görəsən məni də özü ilə apararmı. Açdı. “Türküstanlılar sizi sevir, zülfünün büklümünə Çin və Hindistan xəracı gətirir". Ola bilsin ki, Ünsi bəy bu parçaları əvvəllər Hülusi bəyə sifariş verib. Nə isə, bununla o, mənim vətənə məhəbbət hissimi oxşadı. Cəlal Ünsi bəy dedi: “Hoca Hafiz sizinlə çox mehriban idi. Sizə ən yaxın dostu kimi belə məsləhətlər verir. Mən 30 ildir burdayam. Hafiz mənə belə bir şey deməyib" dedi. Cəlal bəy Hülusi bəyə xitab edərək, “İndi mənim üçün aç” dedi. “Pis adamlardan ehtiyatlı ol” adlı bir qisim çıxdı. Cəlal Ünsi bəy mənə xitab edərək dedi: “Belə görünür ki, bu fal da sənindir, çünki mənim dövrüm keçib. Artıq heç kim mənə paxıllıq etməz”. Mən də dedim “Bəlkə ona görə ki, Əli Quşçu da İstanbula gəldikdən sonra Səmərqənddəki dostlarına yazdığı məktubda burada paxılların çoxluğundan, amma sultanın yaxşılığından bəhs edib”. Cəlal Ünsi bəy Xarici İşlər Nazirliyində rusca tərcüməçi işləyirdi."

Cəlal bəy haqqında sonuncu məlumat 1930-cu ildə qeyd olunmuşdur. 21 sentyabr 1930-cu il tarixli Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Müdirliyinə aid bir sənəddə Cəlal Ünsizadədən “Sabiq mütərcim Cəlal Ünsizadə bəy” olaraq bəhs edilir. Həmin ilin sentyabrında o, Əfqanıstan səfirliyinə tərcüməçi vəzifəsinə təyin edilmişdir. Cəlal bəy 1933-cü ildə vəfat etmişdir.[3]

  • Akçura, Yusuf. Türkçülük. Türkçülüğün Tarihi Gelişimi (PDF) (türk) (1-ci nəşr). İstanbul: Özdemir Basımevi. 1978. 89–91.
  • Mirəhmədov, Əziz. AZƏRBAYCAN JURNALİSTLƏRİ VƏ NAŞİRLƏRİ (Ensiklopediya) (az.). Bakı: Ərgünəş. 2013.
  • Aşırlı, Akif. Azərbaycan Mətbuatı Tarixi (1875-1920) (az.). Bakı: Elm və Təhsil Nəşriyyatı. 2009.
  • Şahverdiyev, A.B. Azərbaycan mətbuatı tarixi (PDF) (az.). Bakı: "Təhsil" nəşriyyatı. 2006.
  • Sarıahmetoğlu, Nesrin. Azeri Ermeni İlişkileri (1905-1920) (türk). Ankara: Türk Tarih Kurumu Yayınevi. 2006.
  • Zeynalzadə, Ağarəfi. Azərbaycan mətbuatı və Çar senzurası (az.). Bakı: Elm. 2006.
  • Ertürk, Fatih. AZERBAYCAN MATBUATINDA BİR DEVİR: ÜNSİZADELER (1842-1903) (türk). İstanbul: İstanbul. 2023.
  1. Ҹәлаләддин Әбдүлрәман оғлу Үнсизадә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 494–495.
  2. Словарь кавказских деятелей (rus). Тифлис: Типография М. Вартанянца. 1890. səh. 34. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 Mirəhmədov, 2013. səh. 245
  4. Şahverdiyev, 2006. səh. 19
  5. Aşırlı, 2009. səh. 34
  6. Ertürk, 2023. səh. 33
  7. "Arxivlənmiş surət". www.anl.az. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  8. 1 2 Aşırlı, 2009. səh. 35
  9. 1 2 Zeynalzadə, 2006. səh. 209
  10. Zeynalzadə, 2006. səh. 212
  11. Zeynalzadə, 2006. səh. 213
  12. Zeynalzadə, 2006. səh. 214
  13. 1 2 Ertürk, 2023. səh. 42
  14. Mirəhmədov, 2013. səh. 246
  15. Ertürk, 2023. səh. 43
  16. 1 2 Sarıahmetoğlu, 2006. səh. 351
  17. Ertürk, 2023. səh. 45
  18. Ertürk, 2023. səh. 46
  19. 1 2 Ertürk, 2023. səh. 47
  20. Quliyev, Vilayət. "Ünsizadə qardaşları ilə bağlı bir neçə ip ucu". 525.ci qəzet.
  21. 1 2 Akçura, 1978. səh. 90
  22. Ertürk, 2023. səh. 40
  23. Toğan, 2020. səh. 524