Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə (1845, Şamaxı, Kaspi vilayəti – 1903, İstanbul) — Şamaxı Qazısı, şair, “Ziya” (1879–1880-ci illər) , “Ziyayi-Qafqaziyyə” (1880–1884-cü illər) qəzetinin naşir və redaktoru.[1][2] Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından 1 il 3 ay sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırmışdır. O, daha sonra qardaşı Cəlal Ünsizadə ilə birlikdə “Kəşkül” qəzetinin nəşrinə başlayır. Səid əfəndi Ünsizadə "Hami” təxəllüsü ilə şeirlər yazmış, “Beyt üs-Səfa” ədəbi məсlisinin üzvü olmuş, 1883-ildə Tiflisdə nəzmlə yazılmış qiraət kitabını nəşr etdirmişdir. Səid Ünsizadə 1903-cü ildə vəfat etmişdir.
Səid Ünsizadə | |
---|---|
Səid Əbdürrəhman əfəndi oğlu Ünsizadə | |
Şamaxı quberniya qazısı | |
Vəzifədədir | |
1872-ci ildən | |
Əvvəlki | Əbdülhəmid Əfəndizadə |
Sonrakı | Abdulxalıq Əfəndi Əfəndiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1845 |
Doğum yeri | |
Vəfat tarixi | 1903 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist, redaktor[d], qazı |
Atası | Əbdürrəhman əfəndi Ünsi |
Vikianbarda əlaqəli mediafayllar |
Ünsizadə qardaşlarının ən böyüyü Səid Ünsizadənin doğum tarixi ilə bağlı bir neçə fərqli məlumat mövcuddur. Belə ki, "Ziya" qəzetinin və Ünsizadə qardaşlarının tanınmış tədqiqatçıları Nazim Nəsrəddinov, Akif Aşırlı və Akif Şahverdiyevdən hər biri Səid Ünsizadənin doğum tarixini fərqli vermişdir. N. Nəsrəddinovun məlumatına görə, Səid Ünsizadə 1825-ci ildə, A. Aşırlıya görə 1830-cu ildə, A. Şahverdiyevə görə isə 1830-1832-ci illərdə Şamaxıda anadan olmuşdur. Bunun səbəbi bu günə qədər Səid Ünsizadənin məzar yerinin bilinməməsi idi. Artıq məlumdur ki, Səid Ünsizadənin məzarı Fateh Məscidi Qəbiristanlığındadır və məzar daşında onun 1258-ci ildə, yəni 1842-ci ildə doğulduğu qeyd olunub. Səid Əbdürrəhman oğlu Ünsizadə Azərbaycanın Şamaxı şəhərində dindar bir ailədə dünyaya gəlmişdir.[3] Anası haqqında mənbələrdə məlumat olmasa da, atası Əbdürrəhman bəyin adı ilk dəfə Şamaxı hakimi Cəfərqulu xanın şeirlərindən birində çəkilir. Cəfərqulu xan Əbdürrəhman bəydən bəhs edərək onun “Ünsi” təxəllüsü ilə şeirlər yazdığını qeyd edir. Səid Ünsizadə Əbdürrəhman bəyin üç oğlundan ən böyüyüdür. O və digər qardaşları – Cəlal (Cəlaləddin Ünsizadə) və Kamal bəy, atalarının ölümündən sonra Ünsizadə soyadını qəbul ediblər.[4] Əbdürrəhman bəy yaşadığı dövrdə Şamaxının digər ziyalıları, Seyid Əzim Şirvani, Məhəmməd ağa Şahtaxtinski və Bahar Şirvani kimi şəxslərlə yaxın dostluq münasibətləri qurmuşdur. Səid Ünsizadə təsəvvüf və şərq ədəbiyyatı sahəsində ilk təhsilini atasından almış, daha sonra isə Şamaxı mədrəsəsini bitirərək Bağdada getmişdir. O, burada yerləşən mədrəsələrdə yüksək səviyyəli dini təhsil almışdır.[5]O dövrdə belə təhsil almış şəxslər, Səid Ünsizadənin özünün də təəssüflə dediyi kimi,“ ya ölü, ya da diri mollası” olurdu. Amma o, fərqli bir yol seçməkdə qətiyyətli olmuşdur.[3]
Beləliklə, Səid Əfəndi Ünsizadə Bağdad mədrəsələrində təhsilini tamamlayıb vətəni Şamaxıya döndükdən sonra təhsil və pedaqogika məsələləri ilə maraqlanmağa başlamışdır. 3 fevral 1888-ci il tarixli Ruhani İdarələri Təftiş Komissiyasının sədri Bezobravozun yazdığı hesabatda (No. 29) qeyd olunur ki, Səid Ünsizadə 1866-cı ildə Şamaxı Şəriət Məclisinə üzv seçilmişdir. 1873-cü ildə Müsəlman Ruhani İdarələri haqqında yeni qanunların və təşkilati dəyişikliklərin nəticəsində Səid Ünsizadə 2 yanvar 1873-cü ildə Bakı Quberniyasının Dini Məclisinə üzv seçilmiş və həmin ilin sonunda, 17 dekabr 1873-cü ildə məclisin sədri vəzifəsinə gətirilmişdir. 1873-cü il tarixli yeni fərmana əsasən, dini məclislərin üzvləri və sədrləri hər quberniyanın öz qubernatorları tərəfindən təyin olunurdu. Səid Ünsizadə də məclis üzvlüyü və sədrliyi vəzifələrinə Bakı qubernatoru Staroselski tərəfindən təyin olunmuş və 1877-ci ilin əvvəllərinə qədər məclis sədri kimi fəaliyyət göstərmişdir.[6]
Səid Ünsizadə Bakı Dini Məclisinin sədri olduğu zaman, 1875-ci ildə Şamaxıya gələrək Şamaxı Ruhani İdarəsinin tərkibində bir məktəb təsis etmişdir. Məclis adlanan bu məktəb Ruhani İdarəyə bağlı olsa da, müasir sistemə uyğun olan bir təhsil ocağı idi. Məktəbdə dini təhsilin yanaşı, Azərbaycan türkcəsi, rus dili, ərəb dili və fars dili tədris edilir, əlavə olaraq riyaziyyat dərsləri də keçirilirdi.[7] Səid Ünsizadə Məclis məktəbini qardaşı Cəlal Ünsizadə ilə birlikdə qurmuşdur.[8] Məktəb yeni olmasına baxmayaraq qısa müddətdə tələbə toplamağı bacarmışdı. 1876-1877-ci illərdə bu məktəbdə təminən 100-ə yaxın tələbə təhsil alırdı. Səid Ünsizadənin açdığı məktəb, bu günə qədər fəaliyyət göstərməyə davam edir. Məktəbin əvvəlki adı "Məclisi Məktəb", indiki adı isə "Şamaxı Avropa Liseyi"dir.[9]Günümüzə qədər bu məktəbin Seyid Əzim Şirvani tərəfindən açıldığı düşünülürdü. Sonradan Seyid Əzim Şirvaninin burada dərs deyən müəllimlərdən biri olduğu məlum olmuşdur.[9]
Səid Ünsizadə Tiflisə getdikdən sonra “Məclis Məktəbi” Şirvaniyə əmanət edilmişdir.[10] Çətin maddi vəziyyətinə və yoxsul olmasına baxmayaraq, Şirvani heç bir rəsmi idarədən və ya qurumdan maddi dəstək və maaş almadan, yalnız şagirdlərdən toplanan cüzi təhsil haqqı ilə məktəbi demək olar ki, pulsuz şəkildə idarə etməyə çalışmışdır.[11]
Səid Ünsizadənin xidmətləri və çalışmaları "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində işıqlandırılmışdır. Qəsidə “Ziyayi-Qafqaziyyə” qəzetinin 1884-cü ilə aid 4-cü nömrəsində dərc olunmuşdur:[12]
Düşüb ol fikrə kim, Şirvanı bir darülfünun etsin,
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani.
Bilibdir kim, cəhalət mayeyi fəqrü xəsarətdir,
Təriqi-elmə tərğib eyləmək vacibdir insani.
Səid Ünsizadə bütün bu fəaliyyətləri ilə yanaşı, ədəbiyyat və şeirlə də maraqlanmışdır. 1860-cı illərdə Məhəmməd Səfa tərəfindən Şamaxıda qurulan "Beytüs-Səfa" məclisinin fəal iştirakçılarından biri olmuşdur. Məhəmməd Səfanın evində toplaşan Səid Ünsizadə ilə yanaşı Seyid Əzim Şirvani, Mirzə Nəsrullah Bahar, Molla Ağa Bihud, Ağababa Zühuri, Ələkbər Qafil, Qafar Rağib, Mirzə Mahmud Zuyi və Nəcəf bəy kimi şəxslər, ədəbiyyat, sənət və fəlsəfə mövzularında müzakirələr aparır, klassik əsərlər, məşhur şeirlər və qəzəllər oxunan bir ədəbi məclis təşkil edirdilər.[13]
Səid Ünsizadə 1876-cı ildə Tiflisə köçərək Qafqaz Ruhani İdarəsinə təyin olunmuş və 1884-cü ilə qədər burada çalışmışdır.[4] 25 yanvar 1877-ci ildə, Qafqaz Ruhani İdarəsində bir üzvün çatışmazlığı səbəbilə, 27 saylı qərar ilə Səid Ünsizadə iki ay müddətinə müvəqqəti olaraq bu idarədə işləməyə başlayır. Daha sonra Qafqazın Baş İdarə Rəisi General-leytenant Staroselskinin 3180 nömrəli əmri ilə əvvəlki maaşı dəyişmədən, bu vəzifənin icrasına davam edir. Müvəqqəti tapşırıq başa çatdıqdan sonra Səid Ünsizadə yenidən Staroselskinin 10412 nömrəli göstərişi ilə Tiflis Ruhani İdarəsindəki vəzifəsinə qaytarılmış və 1884-cü ilə qədər Tiflisdə yaşamışdır.[14]
Tiflisdə təhsil, ədəbiyyat və mətbuat kimi sahələrdən uzaq qala bilməyən Səid Ünsizadə uzun müddətdir düşündüyü mətbuat layihəsini həyata keçirmək imkanı əldə etmişdir. Tiflisin mədəniyyəti və maarifpərvər ziyalılarının mərkəzi olması ona bu imkanı yaratmışdır. XIX əsrin ortalarından etibarən Tiflis, Qafqazın ən mühüm mədəni mərkəzlərindən birinə çevrilmişdi. Kitablar, qəzetlər və jurnallar Tiflisdə çap olunur, bütün Qafqaza demək olar ki, buradan yayılırdı. 1870-1890-cı illər arasında Tiflisdə müxtəlif dillərdə - türk, rus, gürcü, erməni, fransız və alman dillərində 56-dan çox qəzet və jurnal nəşr olunurdu ki, bu da Tiflisi bölgənin əsas mətbuat mərkəzlərindən birinə çevirirdi.[15]
Səid Ünsizadə 1878-ci ildə “Ziya” qəzetini nəşr etmək üçün Qafqaz Senzura Komitəsinə müraciət etmişdir. Komitə bu müraciəti nəzərdən keçirərək qəzetin Azərbaycan türkcəsində yayımlanmasını məqsədəuyğun hesab etmiş, lazımi icazələr alındıqdan sonra qəzet 1 yanvar 1879-cu ildə “Ziya” adı ilə nəşrə başlamışdır.[16]
Səid Ünsizadənin qurduğu və Azərbaycan mətbuat tarixində ilk şəxsi mətbəə olan “Ziya”, Tiflisdə Zailov adlı bir şəxsin mülkündə yerləşirdi. Mətbəə sonralar Vorontsov bölgəsində Ağa Əli Əsgər İsmayıl oğlunun 35 nömrəli evinə, oradan da Səid Ünsizadənin aldığı öz mülkünə köçərək nəşr fəaliyyətini davam etdirir.[14] Naşir bu münasibətlə yazırdı: "Necə bir laziməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya söylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxi çıxaracayıq".[16]
Çar Rusiyası hakimiyyətinin Azərbaycan türkcəsində belə bir qəzetin çap olunmasına icazə verməsi və ilk vaxtlarda qəzetin müsbət qarşılanmasının səbəbi, şübhəsiz ki, Səid Ünsizadənin ruhani zümrəyə mənsubiyyəti və Bakı və Tiflis kimi şəhərlərdə müxtəlif vəzifələrdə çalışdığı müddət ərzində Çar Rusiyasının siyasətlərinə qarşı hər hansı bir müxalifətə baş vurmamasıdır.[17]
14 yanvar 1879-cu ildə ilk sayı dərc olunan və həftədə bir dəfə daşbasma üsulu ilə çap olunan “Ziya”nın məzmunu 7 bölmədən ibarət idi:
- Dövlət sərəncamları
- Beynəlxalq qəzetlərin elanları
- Xarici xəbərlər
- Vətən xəbərləri
- Yerli xəbərlər
- Məlumat göstəricisi və elanlar
- Ədəbi şeirlər və məktublar[17]
1881-ci ildə Tiflisin altıncı bölgəsindəki Fomina küçəsi 11 nömrəli mülkdə öz şəxsi mətbəəsində “Ziya”nın nəşrini davam etdirən Səid Ünsizadə, mətbəənin köçürülməsi məsələsini də uğurla həll edə bilmişdi. O illərdə bir mətbəənin yerinin dəyişdirilməsi müəyyən icazələrə bağlı olduğundan bu olduqca çətin bir iş idi. Səid Ünsizadəyə bu icazənin verilməsi zamanı problem yaradılmamasının səbəbi, Tiflis qubernatoru Konstantin Dmitriyeviç Qaqarinə verilən 9 yanvar 1881-ci il tarixli hesabatdan başa düşülür.[18] Belə ki, hesabata görə “Ziya” mətbəəsinin fəaliyyətinə köçdüyü bölgədə daha rahat nəzarət edilə bilərdi. “Ziya” qəzetinin 76-cı nömrəsindən sonra qəzet “Ziyayi-Qafqaziyyə” adı ilə nəşr fəaliyyətini davam etdirir. “Ziya”nın “Ziyayi-Qafqaziyyə” olaraq adının dəyişməsi məzmununda heç bir dəyişikliyə səbəb olmamış, sadəcə texniki baxımdan qəzet bu adla nəşr olunmağa davam etmişdir.[19] Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində yazmışdı: "Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya"dan ötrü nəqş və nigah eylədikləri "Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya" qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu". Səid Ünsizadə "beş aydan bəri qiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay" dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı.[16]
Səid Ünsizadə 1883-cü ildə Şamaxıya qayıdana qədər “Ziya” mətbəəsinin yerləşdiyi Fomina küçəsində yaşamış və bütün mətbəə işlərini idarə etmişdir. 1880-ci ilə qədər “Ziya” mətbəəsini Səid Ünsizadə idarə edərkən, 1880-ci ildən 1890-cı ilə qədər bu işə oğlu Ağa Əfəndi rəhbərlik etmişdir. Həmin illərdə mətbəənin redaksiya işləri ilə Cəlal Ünsizadə məşğul olurdu. Səid Ünsizadə “Ziyayi-Qafqaziyyə” qəzetini 1882-ci ilə qədər şəxsən özü idarə edir. Şamaxıya köçən Səid Ünsizadə bu dövrdə “Ziya” mətbəəsi ilə uzaqdan maraqlanır, lakin mətbəədə Azərbaycan türkcəsini bilən işçilərin olmaması ilə bağlı çətinlik çəkirdi. O öz yerinə oğlu Ağa Əfəndi, qardaşı oğlu Seyfulla, yaxın qohumlarından İsmayıl bəy, Əbdürrəhim Ağa və Rizvan Topçubaşını təyin etmişdi.[20] Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edilməsi səbəbindən 1883-cü ilin yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıdır. 1883-cü ildə isə mətbəə və qəzet Səid Ünsizadənin Şamaxıya köçməsi ilə ora köçürülür. Qəzetin Tiflisdən Şamaxıya köçürülməsi ilə bağlı Qafqaz Senzura Komitəsinin Səid Ünsizadəyə verdiyi sənəddə “Ziyayi-Qafqaziyyə” qəzetinin redaktoru və naşiri, Qafqaz Ruhani İdarəsinin üzvü Hacı Səid Əfəndi Ünsizadənin yuxarıda adı çəkilən qəzetin Tiflisdən Bakı quberniyasının Şamaxı şəhərinə köçürülməsində Senzura Komitəsi tərəfindən heç bir maneə görülməmişdir" şəklində icazə məktubu verilmişdir.[20]
“Ziyayi-Qafqaziyyə” qəzetinin 1884-cü ilə qədər “Ziya” qəzeti ilə birlikdə ümumilikdə 183 nömrəsi nəşr olunub. Sonuncu nömrəsi həmin ilin iyun ayında çıxmışdır. Son 11 nömrəsi Şamaxıda buraxılmışdır.[21] Qəzetin Şamaxıya köçürüldükdən sonra bağlanmasının səbəbi Bakı qubernatoruna göndərilən bir məktubdan başa düşüləcəyi kimi, Səid Ünsizadənin çəkdiyi maddi sıxıntılar idi. Beləliklə, “Ziyayi-Qafqaziyyə” qəzeti 1884-cü ilin iyun ayında bağlandı. Qəzetin bağlanmasından bir neçə il sonra Səid Ünsizadə maddi baxımdan özünü yetərli hiss etmiş olacaq ki, “Ziyayi-Qafqaziyyə” qəzetini yenidən çıxarmaq üçün Bakı qubernatoruna müraciət etmiş, lakin Səid Ünsizadənin bu istəyinə icazə verilməmişdir.[22][23]
Səid Ünsizadə Tiflisdə “Ziya” qəzetini çıxardığı illərdə dövrün önəmli şəxslərindən olan “Əkinçi ”qəzetinin naşiri Həsən bəy Məlikzadə Zərdabi ilə də əlaqə qurmağa çalışmışdır. Fomina küçəsində “Ziyayi-Qafqaziyyə” qəzetini nəşr etdiyi dövrdə Səid Ünsizadə Həsən bəy Məlikzadə Zərdabiyə bir məktub yazaraq halından xəbərdar olmaq istəmişdir. O, məktubda Həsən bəy Zərdabinin harada olduğunu, hansı işlərlə məşğul olduğunu, Tiflisə gəlib-gəlməyəcəyini və milli məsələlərlə maraqlanıb-maraqlanmadığını açıq şəkildə soruşaraq ondan məlumat almaq istəyirdi. Səid Ünsizadənin Həsən bəy Zərdabi ilə əlaqə qurmaq istəyinin səbəbinin onu “Ziya ”qəzetində görmək istəməsindən qaynaqlandığı düşünülür.[24]
Səid Ünsizadənin Tiflisdə olduğu illərdə qurduğu əlaqələr Azərbaycan torpaqları ilə məhdudlaşmır. Səid bəyin qurduğu “Ziya” mətbəəsindən İsmayıl Qaspıralı da xəbərdar idi. İsmayıl Qaspıralının “Tərcüman” qəzetindən əvvəl çıxardığı “Tonquç” (1881) və “Şəfəq” (1882) qəzetləri də Səid Ünsizadənin “Ziya” mətbəəsində çap olunmuşdur.[25] İsmayıl Qaspıralı da öz qəzetlərində tez-tez Səid Ünsizadə və onun xidmətlərindən bəhs edirdi.[26]
Səid Ünsizadə “Ziyayi-Qafqaziyyə” qəzetindən əlavə, müxtəlif kitablar nəşr etdiyi kimi, özünün yazdığı əsərləri də çap etmişdir. “Təlimül-Ətfal”, “Təhzibül-Əxlaq”, “Əqaid və Nəsayih”[12], “Təfhimül-Ətfal”, “Vəzayifün-Nisa” kimi oğlan və qız şagirdlərin təhsil, tədris və tərbiyə mövzularında yararlana biləcəkləri dərs kitabı mahiyyətində olan əsərlər qələmə almışdır.[27][12]
Səid Ünsizadə naşirlik fəaliyyətləri və tutduğu vəzifələr səbəbindən yaşadığı bölgədə müxtəlif böhtanlara məruz qalmış və 1890-cu ildə İstanbula köçür. Ortancıl qardaşı Cəlal Ünsizadə isə bir il sonra onun yanına gedir.[12]
Səid Ünsizadənin İstanbula gəldiyi 1890-cı illər Osmanlı Dövlətinin II Əbdülhəmid hakimiyyətində təhsildən mədəniyyətə, ordudan maliyyəyə qədər yenidən formalaşdığı dövrə təsadüf edir. Dövlətin ehtiyaclarına uyğun olaraq yeni idarələr açılır, təhsilin hər sahəsində yeni üsulda məktəblər yaradılırdı. Eyni zamanda, həm dövlətin dəstəyi ilə, həm də özəl təşəbbüslərlə İstanbuldakı mətbuat orqanlarında müxtəlif qəzet və jurnallar nəşr olunurdu. XIX əsrin sonları və XX əsrin əvvəllərində Osmanlı dövləti və İstanbul, Rusiya müsəlmanları arasında önəmli rol oynayan türk ziyalılarının ziyarətgahı, demək olar ki, ikinci vətəni olmuşdur.[28]
Ömər Faiq Nemanzadənin xatirələrində qeyd etdiyi kimi, pasportsuz şəkildə İstanbula getmək məcburiyyətində qalan Səid Ünsizadə İstanbula gəldikdə dövrün səlahiyyətli şəxsləri ilə əlaqələr qurmuş nəticədə 1893-cü ildə Osmanlı dövləti tərəfindən ona ev verilmişdir. Güman edilir ki, Osmanlı idarəçiləri Səid Ünsizadənin Azərbaycanda gördüyü işlər və aldığı təhsil barədə xəbərdar idilər. Çünki Səid Ünsizadəyə ev verməklə yanaşı, Məclisi Kəbiri-Maarif və Məclisi Tədqiqatı-Şəriyyə üzvlüyü də verilmişdi. 1896-cı ildə isə Səid Əfəndi II Əbdülhəmidlə görüşmək üçün Mabeyinə dəvət olunmuşdur.[29]
Səid Ünsizadənin İstanbulda keçirdiyi illərə dair yetəri qədər məlumat yoxdur. Digər tərəfdən Osmanlı dövləti tərəfindən müəyyən vəzifələrə təyin olunması, Səid Ünsizadənin Osmanlı idarəçiləri tərəfindən dəyərli bir şəxsiyyət olaraq tanındığını göstərir.[30]
Səid Ünsizadənin vəfat tarixi ilə bağlı bir neçə fərqli məlumat qarşımıza çıxır. Belə ki, Yusuf Akçura "Türkçülüyün Tarixi İnkişafı" əsərində Səid Ünsizadə ilə bağlı bəzi məlumatlar vermişdir. O, Böyük Maarif Məclisi və Məclisi Tədqiqat üzvü olan Səid Əfəndinin 1912-ci ildə vəfat etdiyini yazır.[31] Səid Ünsizadənin vəfatı ilə bağlı başqa bir mənbə isə 1905-1906-cı illərdə Bakıda Azərbaycan türkcəsində çap olunan "Həyat" qəzetidir. Qəzetdə Səid Ünsizadənin 1905-ci ildə vəfat etdiyini və onun haqqında məqalə yazmaq istəyənlərin məqalələrinin qəzetdə məmnuniyyətlə çap olunacağı yazılmışdır. Bəzi tədqiqatçılar Səid Ünsizadənin vəfatı ilə əlaqədar "Ziya" qəzetinin bağlandığını yazsalar da, bu məlumat yanlışdır, çünki Səid Ünsizadənin qəzet bağlandıqdan sonra Osmanlı dövlətinə köçdüyü və orada vəfat etdiyi məlumdur. Bu tarixləri yazan şəxslərin əksəriyyəti Səid Ünsizadə ilə eyni dövrdə yaşamış olsalar da, heç biri onun ölüm tarixini düzgün verməmişdir. Səid Ünsizadənin Fateh Məscidi Qəbiristanlığında yerləşən məzar daşında 1903-cü ildə vəfat etdiyi yazılmışdır. Onun 1903-cü ildə 61 yaşında vəfat etdiyi güman edilir.[32]
Səid Ünsizadənin məzarı olduqca sadədir və klassik baş və ayaq daşından ibarətdir. Baş daşında böyük olmayan, sarığa bənzər başlıq var. Ayaq daşına isə aşağıdan yuxarı doğru çıxan bir vaza içərisindən çiçək motivi işlənmişdir. Məzardakı cəli təliq yazısı ilə səkkiz sətirdən ibarət kitabədə Səid Ünsizadənin 61 yaşında vəfat etdiyi, həcc ziyarətini yerinə yetirdiyi, Məclis-i Maarif üzvlərindən olduğu və Azərbaycanın Şamaxı Şirvan bölgəsində dünyaya gəldiyi qeyd edilib. Ardınca “əlavə məlumat üçün kitabxanalara müraciət edin yazısı” yazılıb.
Kitabənin son iki sətiri farsca yazılmışdır və mənası belədir: “Sidq və yakin yolunda Həzrət Peyğəmbərin dininə bağlı, gül fidanından bir gül adı Ünsi Sadəddin.”[30]