Cəmcəmli — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəmcəmli kənd inzibati ərazi dairəsində kənd.[1]
Cəmcəmli | |
---|---|
40°28′08″ şm. e. 48°53′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd dağətəyi ərazidədir, etnotoponimdir[2]. Əhali Güney Azərbaycandan və Quzey Qafqazdan gələn tayfalarla və yerli tayfalar qarışığıdır. Kənd əhalisi etnik olaraq azərbaycanlılardır.
Cəmcəmli dağətəyi ərazidədir. Etnotoponimdir.[3]
Təqribən 500 illik tarixə malik olan Cəmcəmli kəndi Bakı şəhərindən 102, Qobustan rayonunun mərkəzindən 10 kilometrlik bir məsafədə yerləşir. Kənd dəniz səviyyəsindən 725 metr yüksəklikdədir. Ərazisi şimaldan Qobustan şəhəri, şərqdən Dərəkənd, qərbdən Sədəfli, cənubdan Göydərə, Poladlı kəndləri ilə həmsərhəddir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1237 nəfər əhali yaşayır.[4]
Yerli əhali əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur.
Kəndin içməli su mənbəyi azdır. Sarı qaya və dağdakı su mənbələri cüzi miqdarda içməli su verir ki, bunların də təminatı çox azdır. Səfaralı quyusu, Şor bulaq, Leyli bulağı kimi su mənbələri heyvandarlıq üçün istifadə etməyə nisbətən yararlıdır. Kəndin cənub hissəsindən kiçik Zəngi çayı axır. Yavanı dağı, Muradağa, Daşarası, Onbeşsecan, Almuradlı, Yazyurdu, Qalağ, Çalaxarmanı, Qəzləplər, Pirsaat çayı sahəsində yerləşən Gümüşdü adlanan torpaq sahələri mövcuddur.
Cəmcəmli kəndi şimaldan, şərqdən, qərbdən və cənubdan dini ziyarətgahlarla əhatə olunmuşdur. Bu ziyarətgahlar el arasında Yavanı baba, Dəmrov piri, Piççə piri. Qorxu piri, Tək pir, Sarılıq piri, Pirli gədik adlanır. Rəvayətə görə bunlar 7 qardaş olub və müqəddəs şəxsiyyətlər imiş. Kəndin köhnə və təzə qəbiristanlıqlarında İsmayıl əfəndi, Abdulla baba, Nuru babanın məzarları bu gün də camaatın müqəddəs ziyarətgahıdır.
Kənd 190-a yaxın təsərrüfatı birləşdirməklə 9546 hektar torpaq sahəsinə malikdir. Bu sahənin 1800 hektarı əkinçilik üçün tam yararlıdır. Cəmcəmli camaatı bürünc dövründən yaşayış məskəni olan Qalağlı kəndi ərazisində məskunlaşmışdır.
Rəvayətə görə təqribən 550 il əvvəl Qalağlı kəndinə ilan karvanı gəlir. İlanlar yerli camaata, mal-heyvana böyük ziyan vurur, ölənlərin sayı günü-gündən artır. Vahiməyə düşmüş camaat öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalır. Qalağlı camaatı var-yoxlarını götürüb Pirsaat boyu hərəkət edərək Ağsu ərazisinə qədər gedir. El ağsaqqalı Ağalı kişinin arabaya qoşulmuş kəllərindən biri yolda ölür. Çox qüvvətli və qamətli olan Ağalı kişi ölmüş kəlin əvəzinə arabaya qoşulur. Köçkünlər Girdimançaya çatanda burada böyük bir qoz ağacının altında dincəlmək üçün əylənirlər. Bu yerin şəraiti camaatın xoşuna gəlir və burada məskunlaşmağı qərara alırlar, yeni məskən “Kəlağalı” adlandırılır. Hazırda Girdimançayın sol sahilində körpüyə yaxın kənd buradan getmiş camaatın kəndidir.
Kəlağalı kəndinin Cəmcəmlidən (indi də cəmcəmlilər Qalağlını “kənd yeri” adlandırırlar) getmiş axırıncı sakini Nəsrəddin adlı sakin olub. Qalan nəsil yeni nəslin nümayəndəsidir. Köhnə və təzə kənlər hər tərəfdən kəmər daş qalaqları ilə əhatə olunub. Bu bir növ təbii istehkam rolunu oynayıb. Düşməndən, qaçaq-quldurdan gizlənmək üçün kəndin əlverişli mövqeyi olub. Hazırda Cəmcəmli camaatınm dialektində “Qalağ”, “Qaralağın arxası”, “Qalağın üstü”, “Qalağ yolu” kimi söz birləşmələri işlədilir.
Cəmcəmli kənd əhalisinin 85-90 faizi Quba ərazisindən gəlmədirlər. Kəndin ilk sakinləri Paşalı təbəhi, Həşimli təbəhi, Tarverdi təbəhi, Bəylər təbəhi və Qıraq məhlə təbəhi Qubada yaşamışlar. Bunlar yaxın qohum-əmizadə olublar. Daxili çəkişmə zamanı bu əqrəba ilə başqa əqrəba arasında ədavət düşüb. Ehtimal olunur ki, Paşa kişi bu ədavətdə son qoymaq üçün ailə uşağını övladlarını götürüb Qubanın Zeyid kəndindən xeyli uzaqlaşıb məhz indiki Cəmcəmli kəndində məskunlaşmalı olublar. Paşaya hörmət bəsləyən əqrəba öz yurdlarını tərk edib hazırkı Cəmcəmli kənd ərazisini özlərinə məskən seçmişdilər. Bir-birinə xəbər verərək hissə-hissə bütün əqrəba gəlib burada məskunlaşıblar. Axırıncı ailə gəlib çıxdıqdan sonra bu kəndin adını Cəmcəmli adlandırıblar–yəni cəmləşdik. Təxminən 18ci əsrin sonları köç başlayıb.
(Xəritəyə baxsaq Zeyid kəndindən Cəmcəmli kəndinə düz xət boyunca yəni dağlarla məsafə 100 kilometrə yaxındır.Həmin dövrdə bu yolu gəlmək üçün mütləq bir səbəb olubmuş)
Kənd formalaşdıqdan sonra camaat əsasən heyvandarlıqla məşğul olub. Yayda yaylağa, qışda qışlağa köçən kənd sakinləri köç arasındakı müddətdə Cəmcəmlidə yaşayar və əkinçilik sahəsinə də müəyyən qədər fikir verərmişlər.
Köçəri və yarımköçəri həyat tərzi keçirən Cəmcəmli camaatı tədricən həyat tərzini yüksəltməklə inkişaf yoluna qədəm qoyur. Bununla yanaşı, qaçaq-quldur tez-tez kəndə hücum edərmiş.
1918-ci il erməni soyqırımı bu kənddən də yan keçməyib.
Kənd sosial həyatında Hacı Ədil Abdulla oğlunun rolu böyük olub.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Cəmcəmli camaatı öz həyat tərzini yeni quruluşa uyğunlaşdırmışdır. Köçəri həyat tərzi öz yerini daimi həyat tərzinə təhvil verir. Camaat əkinçilik və heyvandarlıqla məşğul olub. Hal-hazırda əhalinin müəyyən hissəsi Ceyildağ və Müçük neft mədənlərində fəhləliklə məşğul olurlar.
1932-ci ildə Cəmcəmli kəndində kolxoz təşkil edilir. О vaxt Çeyildaq neft mədənində mədən müdiri işləyən Feyzulla İsmayılov Cəmcəmli kəndinin ilk kolxoz sədri seçilir.
1933-cü ildə Cəmcəmli kəndində ibtidai məktəb açılır. İlk məktəb müdiri Sündü kənd sakini Gülməmməd Gülməmmədov olmuşdur. 1937-ci ildə məktəb 7 illik məktəbə çevilir.
Kəndin mədəniyyət evinin özünəməxsus tarixi var. Kənd sakinlərinin məlumatına görə sovet hakimiyyəti qurulmazdan əvvəl kəndin yüzbaşısı Qoçəli Əziz oğlu məscid tikdirmək məqsədilə indiki mədəniyyət evinin inşasını başlayır. Qoçəli cavankən dünyasmı dəyişir. Yarımçıq qalmış məscidin inşasını Qoçəlinin əmisi Hacı Ədil başa çatdırır və məscid camaatın istifadəsinə verilir. 1940-cı ildə buradan Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilmiş Leyla Babazadə seçicilərlə görüş keçirərkən məscidin klub kimi istifadə olunması üçün məscidin daxilində müəyyən dəyişikliklər edilməsinə nail olur və məscidi “Leyla Babazadə adına klub” adlandırırlar.
Böyük Vətən müharibəsində Cəmcəmli kəndindən 105 nəfər iştirak edib, onlardan 55-i geri qayıtmayıb. 1985-ci il Mayın 9-da kənddə 1941-45 müharibə qurbanlarının xatirəsinə "Əsgər" abidəsi açılıb. Abidənin tikilib istifadəyə verilməsində o zamanlar kənd orta məktəbinin direktoru olan Seyidməmməd Mikayılov gərgin əmək sərf etmişdi.
Kəndin Qarabağ müharibəsində də dörd şəhidi var:
Qarabağ müharibəsində itkin düşənlər:
Kəndə 2003-cü ilin oktyabrın 9-da qaz xətti çəkilib.
Kənddə orta məktəb, klub, kitabxana, poçt və bir sıra digər məişət obyektləri fəaliyyət göstərir.
mKənddə Cəmcəmli kənd məscidi dini icması fəaliyyət göstərir[5].
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |