Divanxana (Şuşa)

Divanxana meydanı və ya BazarbaşıGəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır.[1] Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür.[1]

Divanxana meydanı
Meydanın XIX əsrin sonlarına aid fotosu
Xəritə
39°45′43″ şm. e. 46°44′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa
Aidiyyatı Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.[2]

Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır.[2] Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır.[2] Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir.[2]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Divanxana meydanının ərazisi Qarabağ xan sarayının qala divarları daxilində, XIX əsrin əvvəlləri

XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir.[2] Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür. Meydanın şimalında qala divarları və bürcləri ilə əhatə olunmuş Qarabağ xan sarayı, şərq tərəfində isə Divanxana binası yerləşirdi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra şəhərə rus əsgərlərinin yerləşdirilməsi ilə əlaqəli olaraq Divanxana binasında dəyişikliklər edilərək pravoslav kilsəsi kimi istifadə edilmişdir.[2]

Şuşa şəhərinin 1855-ci ildə hazırlanmış baş planına əsasən[2] meydanın cənub və qərb hissələrində karvansaraylar, şərqində isə ticarət sıraları yerləşirdi.[2] Buna görə şəhərin əsas meydanı həm də ticarət meydanı rolunu oynayırdı.[2]

Şəhərin digər əraziləri ilə müqayisədə daha sakit relyefli yerdə qərarlaşan Divanxana meydanı Qarabağ xan sarayı və Divanxana binasının qarşısında olmaqla, həm də müxtəlif təntənəli mərasimlərin (o cümlədən Novruz bayramının) keçirilmə məkanı idi. Xan ordusunun, daha sonra isə Rusiya imperiyasının şəhərdə yerləşən silahlı qüvvələrinin toplantıları da bu meydanda təşkil edilirdi.[3]

Meydan ətrafında yerləşən binalar

[redaktə | mənbəni redaktə et]

Qarabağ xan sarayı

[redaktə | mənbəni redaktə et]
Qarabağ xan sarayı Divanxana meydanının şimal tərəfində yerləşir.
border=none Əsas məqalə: Qarabağ xan sarayı

Qarabağ xan sarayı Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xannın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Qarabağ xan sarayı Şuşadakı ən qədim tikililərdən biri olmaqla, Şuşa qalası ilə eyni dövrdə inşa edilmiş və qala divarları ilə əhatə olunmuşdur. Bu baxımdan, Qarabağ xan sarayı bir növ qala içində qalanı xatırladır. Bəzi mənbələrdə sarayın qəsr adlandırılması da onun ciddi müdafiə sisteminə malik olması ilə əlaqəlidir.

Divanxana meydanının şimalında yerləşən iri saray kompleksi təkcə meydanın deyil, eyni zamanda Şuşa şəhərinin (Yuxarı Gövhər ağa məscidi ilə birlikdə) əsas kompozisiya dominantlarından biridir.

Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri şimal istiqamətində yerləşir.[4] Birbaşa girişdən müdafiə olunmaq üçün qapının qarşısında Г formalı keçidə malik prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı. Pənahəli xanın qəsrinin yuxarı hissələri saxlanmamışdır. E. Avalov ehtimal edir ki, Pənahəli xanın qəsri və Qaraböyük xanım qəsrindəŞahbulaq qəsrində olduğu kimi kvadrat formalı qüllə ikimərtəbəli olmuşdur.[4]

İki mərtəbəli saray binasında çoxlu sayda otaqlar, o cümlədən T formalı böyük parad zalı yerləşir. Zal, binanın kompozisiya mərkəzi rolunu oynayır. Bu zal iki tərəfdən nəhəng qaldırılan şəbəkə pəncərələrə malik idi.[5]

Bazarbaşı karvansarası

[redaktə | mənbəni redaktə et]

Bazarbaşı karvansarası Divanxana meydanının cənubunda yerləşməklə meydanın cənub sərhədlərini formalaşdırır. Karvansaranın inşası XIX əsrə aid edilir. Avalov 51 Karvansara cənubdan Divanxana meydanına çıxan iki paralel küçə — Rasta bazar və Saatlı küçələri arasında yerləşir.[3] Karvansaranın cənubda inşa edilməsi Divanxana meydanının cənuba doöru uzanan ticarət küçələri ilə əlaqəni təmin edirdi.[3]

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası

[redaktə | mənbəni redaktə et]

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası Divanxana meydanının cənub-şərq tərəfində yerləşir. Karvansara XIX əsrdə inşa edilmişdir.[3] Bina planda kvadrat formaya malikdir. Karvansarayın cənub fasadı Divanxana meydanının memarlıq ansamblını uğurla tamamlamışdır.[3]

Müqəddəs Georgi kilsəsi

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Georgi kilsəsi Divanxana meydanının şərq tərəfində yerləşirdi. Kilsə binası əvvəl Qarabağ xanının Divanxanası olmuş, rus əsgərlərinin Şuşada yerləşdirilməsindən sonra isə bəzi əlavələr edilərək pravoslav kilsəsinə çevrilmişdir.[2] 1970-ci illərdə kilsəyə çevrilmiş qədim Divanxana binası tamamilə dağıdılaraq, yerində mədəniyyət evi inşa edilmişdir.[6]

Üçnefli bazilika formasına malik binanın zərf formalı tavanı həm fasad divarları, həm də ibadət zalında olan on iki taxta sütun vasitəsiylə saxlanırdı. Kilsə, biri cənubda, digəri isə qərbdə yerləşən iki tağlı girişə və səkkiz pəncərəyə malik idi. Kilsənin altarı düzbucaqlı formada idi.[6]

Binanın qərb tərəfinə əlavə edilmiş zəng qülləsi rus kilsə memarlığı üçün ənənəvi olan forma və örtüyə malik idi. Zəng qülləsinə aparan pilləkən isə ibadət zalının cənub-qərb tərəfində yerləşdirilmişi.[6]

  1. 1 2 Авалов, 1977. səh. 49
  2. 1 2 3 4 5 6 7 8 9 10 Авалов, 1977. səh. 50
  3. 1 2 3 4 5 Авалов, 1977. səh. 51
  4. 1 2 Авалов, 1977. səh. 25
  5. Город Шуша. Дворец карабахских ханов //. Азербайджан (Исторические и достопримечательные места) / Под общей редакцией М. А. Казиева. Баку: Издательство АН Азербайджанской ССР. 1960. 92.
  6. 1 2 3 "Церкви". bvahan.com. 2017-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2018.
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.