Daşkənd vilayəti

Daşkənd vilayətiÖzbəkistanda vilayət. 1938-ci il yanvarın 15 -də təşkil edilmişdir. Sahəsi 15,3 min km², Әhalisi isə 2,6 milyon nəfərdir (2012). 15 tumanı (rayon), 16 şəhəri, 18 şəhər tipli qəsəbəsi var. Mərkəzi Daşkənd şəhəridir.

Daşkənd vilayəti
Toshkent viloyati

41°10′ şm. e. 69°45′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 15 yanvar 1938
Sahəsi
  • 15.300 km²
Hündürlük
1.176 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.644.400 nəf. (2011)
Rəqəmsal identifikatorlar
ISO kodu UZ-TO
Rəsmi sayt
Daşkənd vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sırdərya çayı

Daşkənd vilayəti ərazisinin çox hissəsi dağ ətəyi düzənlikdir. Şimal-şərq və şərq hissələrini Qərbi Tyan-Şan dağlarının silsilələri (Çatkal– 4045 m, Pskem – 4299 m və s.) tutur. Daşkənd vilayəti yüksək seysmik zonadadır. Faydalı qazıntıları: qonur kömür, mis filizi, polimetallar, tikinti materialları və s. İqlimi kəskin kontinentaldır. Orta tempratur yanvarda –1,3-dən –1,8 °C -dək, iyulda 26,8 °C- dir. İllik yağıntı 250–500 mm-dir. Mühüm çayı Sırdərya və onun qollarıdır. Çaylardan suvarma və enerji mənbəyi kimi istifadə olunur. Әsasən, boz, çimliqonur, çəmənçöl torpaqları, çay terraslarının aşağı sahələrində və qrunt sularının yer səthinə yaxın yerlərində çəmən və bataqlıq torpaqları, çay dərələrində allüvial torpaqlar yayılmışdır. Dağların yamacları 1200–1400 m-dək dağ çölləri, yuxarı qalxdıqca seyrək kolluqlar, 2000 m-dən yüksəkdə subalp və Alp çəmənləri ilə örtülüdür. Düzənlikdə sünbülqıran, ərəbdovşanı, sürünənlərdən çöl tısbağası, kərtənkələ və s., tuqaylarda çaqqal, dovşan, dağyamaclarında və dağlarda oxlu kirpi, dağqoyunu, quşlardan kəklik və s. var.[1]

Təsərrüfatı  

[redaktə | mənbəni redaktə et]

Ümum Respublika Məhsulunun həcmində sənaye istehsalının payı – 27,8%, kənd təsərrüfatının – 24,4%, tikintinin – 4,1%, ticarət və ictimai iaşənin – 8,0%, nəqliyyat və rabitənin – 14,5%, material istehsalının digər sahələrinin – 14,9%, vergilərin – 6,3% təşkil etmişdir. ÜRM-in ümumi həcmində kiçik biznesin payına 54,7%, xidmətlərin payına 37,4% düşür. Adambaşına ÜRM 807,34 dollardır. 2010-cu ildə vilayət üzrə sənaye məhsullarının istehsal həcmi 1,592 mlrd. dollar təşkil etmişdir.

Vilayət mineral xammal ehtiyatları ilə zəngindir. Ərazidə qonur kömür (1965,3 mln. t) və kaolin (1338,2 mln. t) yataqları; dəmir (120 mln. t), mis (18,1 mln. t), qurğuşun (240,7 min t) və sink (239,2 min t), bismut (701,7 t), litium (12,1 mln. t), asbest (5819 t), molibden (220,4 min t), uran (18,2 min t), gümüş (13,5 min t), şüşə xammalı ehtiyatları, sement, üzlük daş və s. istehsalı üçün xammal ehtiyatları var. Bu ehtiyatlar əsasında Daşkənd vilayətinin şəhər və rayonlarında yanacaq energetikası, maşınqayırma, mədən metallurgiyası, kimya sənayesi, tikinti materialları sənayesi və digər sahələr inkişaf etmişdir. Daşkənd vilayəti respublikanın iri sənaye regionudur. Respublikada buraxılan sənaye məhsullarının 20%-i, elektrik enerjisinin – 45%-i, kömürün – 98%-i, sementin – 43%-i və əlvan metalların əsas hissəsi vilayətdə istehsal edilir. Daşkənd vilayətində 87 iri müəssisə, o cümlədən xalq istehlakı mallarının istehsalı üzrə 51 müəssisə fəaliyyət göstərir. Yüngül (13,6%), yeyinti (15,3%) və kimya sənayesi (sənaye istehsalının ümumi həcminin 12,7%-i), tikinti materiallarının istehsalı (7,9%), maşınqayırma və metal emalı (5,5%), yanacaq sənayesi (2,4%) vilayət iqtisadiyyatının aparıcı sahələridir. Almalıq mədən-metallurgiya kombinatı (Mərkəzi Asiyanın ən iri metallurgiya müəssisələrindən biri), “Özbəkmetkombinat” səhmdar istehsalat birliyi, əlvan metalların və metalyayıqların əsas hissəsini istehsal edən Özbəkistan çətin əriyən və istiyədavamlı metallar kombinatı (Çirçik şəhəri) fəaliyyət göstərir. Azot, fosfor gübrələri və digər kimya məhsullarını “Maxam-Chirchiq” ASC (Çirçik ş.) və “Ammofos-Maxam” ASC (Almalıq ş.) müştərək müəssisələri istehsal edir. “Özbəkkimyamaş” və “Çirçikkişmaş” ASC-lərin maşınqayırma müəssisələri vilayətin sənaye istehsalında (qaz-neft-kimya sahələrinin müəssisələri üçün avadanlıq və komplektləşdirici məmulatlar, pambıqsəpən, kultivator, sünbülyığan və kənd təsarrüfatı istehsalı üçün ehtiyat hissələri) aparıcı yerlərdədir. Vilayətdə tikinti materialları (sement, şifer, keramika, şüşə, kərpic, linoleum, dəmir-beton məmulatları və konstruksiyaları) istehsalı inkişaf etmişdir.[1]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]
Daşkənd vilayətində üzüm bağları

Kənd təsərrüfatı istehsalının əsas resursları bitkiçilik (taxıl, çiyidli pambıq, tərəvəz, meyvə və giləmeyvə, üzüm) və heyvandarlıq (qaramal və davar, donuz, quş və balıq) məhsullarıdır. Vilayətin altı rayonu meyvə-tərəvəz məhsullarının istehsalı üzrə, digərləri isə pambıq və taxıl becərilməsi üzrə ixtisaslaşmışdır. Pambıq və buğda əkinləri məhsuldar torpaqların 3/4-nü təşkil edir. Daşkənd vilayəti respublikada üzümçülük və şərabçılığın qədim mərkəzlərindən biridir. Kənd təsərrüfatı torpaqları 813,9 ha təşkil edir (2010); 425,4 min ha – otlaqlar, 305,1 min ha – suvarılan torpaqlar, 35,7 min ha – dəmyə əkinləri, 38,5 min ha –bağlar və 11,7 min ha – üzümlüklərdir.[1]

Vilayətin ərazisindən Özbəkistanı Mərkəzi Asiya və Şərqi Avropa ölkələri ilə əlaqələndirən dəmir yol nəqliyyat qovşağı keçir. Dəmir yollarının uzunluğu 249,0 km-dir. Beynəlxalq magistrallarda daxil olmaqla, avtomobil yollarının ümumi uzunluğu 3960 km, o cümlədən vilayətin və yerli əhəmiyyətli yolların uzunluğu 2324 km-dir. 

Daşkənd vilayəti // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 363–364. ISBN 978-9952-441-11-6.

  1. 1 2 3 "Ташкентская область". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.