Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri.
Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.
Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır. Əslində xalq arasında bu janr “nağıl” adı ilə tanınır, hətta aşıqların özləri də dastanı bu adla adlandırmış, adi nağıllara isə “qara nağıl” deyərək ondan fərqləndirmişlər. Azərbaycanda dastanlar şeirlə nəsrin növbələşməsi prinsipi əsasında qurulur. Dastanın “yurd” adlanan nəsr hissəsində hadisə və ya əhvalatdan söhbət açılır, qəhrəmanın müraciəti, münasibəti, iztirab və həyəcanı, kədər və sevinci isə qoşmalarla verilir. Qoşma ilə yurd hissəsində bəhs olunan hadisə bir-biri ilə o dərəcədə bağlı olur ki, tək bir qoşmanın ixtisarı dastanın məzmununa xələl gətirir. Dastanda istifadə olunan qoşmalar müəyyən aşıqlar tərəfindən yaradılsa da, personajın adına bağlanır. Ona görə də bəzən həmin dastanın kimin tərəfindən yaradıldığını təyin etmək çətin olur. Dastanlar geniş süjet xəttinə malik olmaqla şifahi ədəbiyyatın digər janrlarından həcminin böyüklüyü ilə də seçilir. Burada qəhrəmanın həyat bioqrafiyası təqdim olunur. Dastan qəhrəmanı şəxsi özəlliklərdən, istək və arzulardan azad olmuş, millətin simvolu olmuş bir personajdır. O, müəyyən tarixi dövrdə yaşamış, mübarizə aparmış və ya yaşadığına inanılan şəxs də ola bilər. Dastanlar üç hissədən ibarətdir: ustadnamə, dastanın mətni, duvaqqapma. Nağılda pişrov dinləyicini xəyal, fantaziya aləminə aparmaq məqsədi daşıyırsa, aşığın dastana başlamazdan əvvəl dediyi ustadnamə bir tərəfdən qədim ustadların sözünü nəsildən-nəslə ötürüb yaşatmaq, digər tərəfdən ustadnamədə deyilmiş hikmətamiz aforizmləri, ağıllı məsləhətləri dinləyiciyə çatdırmaq, pisi-yaxşını onlara tanıtmaq kimi nəcib məqsədlərə xidmət edir. Xoşbəxt sonluqla bitən dastanlar, bir qayda olaraq, duvaqqapma ilə tamamlanır. Müxəmməs və müsəddəslərdən ibarət olan duvaqqapmalarda dastanı qoşan aşıq öz adını, təxəllüsünü verir, digər tərəfdən qəhrəmanların toyunu təbrik edərək onları muradlarına çatdırmış olur. Faciəli sonluqla bitən dastanlarda isə aşıq dastanı cahannamə ilə tamamlayır. Dastan tarixin bəlli bir dönəmində, millətin passionarlığının artdığı, milli şüurun, dövlətçilik ideyasının yarandığı zamanda formalaşmağa başlayır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır. Dastan yaradıcılığı tarixində XVI-XVIII əsrlərin xüsusi yeri vardır. Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar məhz bu dövrdə yetişmiş, əsasən irfanla bağlı olan “Qurbani, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “ Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər” kimi orta əsr məhəbbət dastanları və “Koroğlu” qəhrəmanlıq dastanı həmin dövrün məhsuludur. Azərbaycan dastanları iki qrupa ayrılır: 1. Qəhrəmanlıq dastanları. 2. Məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında ayrı-ayrı şəxslərin yadelli işğalçılara, yaxud zülmə, istismara qarşı apardığı mübarizə tərənnüm olunur. Alplıq, qəhrəmanlıq keyfiyyətlərinin qabardıldığı bu qrupa “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qara Məlik”, “Şah İsmayıl-Taclı”, “Kamal” dastanları daxildir. Məhəbbət dastanlarında isə buta verilmiş iki gəncin bir-birinə olan sevgisindən, bir-birinə qovuşmaq üçün apardıqları mübarizədən bəhs olunur. Bu qrupa “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Qurbani”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Yaxşı və Yaman” və sair dastanlar daxildir. [1] == İstinadlar ==
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.
"Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Tahir və Zöhrə", "Şah İsmayıl", "Leyli və Məcnun" dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. "Şah İsmayıl", "Novruz və Qəndab", "Şahzadə Əbülfəz" dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. "Aşıq Qərib" dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.
Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. "Koroğlu","Qaçaq Nəbi" dastanları belə yaranmışdır.
"Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Vaqif" dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov "Koroğlu", Z.Hacıbəyov "Aşıq Qərib", M.Maqomayev "Şah İsmayıl" və s.
Dövrlərə görə dastanlar iki yerə bölünür: İslamdan qabaqkı dastanlar, İslamdan sonrakı dastanlar: