Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:
Layla beşiyim, layla,
evim eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371)
Laylay qolum, qanadım, Laylay gələcək adım. Oğul toyu görməkdi, Bu dünyada muradım (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 373)
Ayın ziyası gülsün, Elin duası gülsün. Balama qurban kəsən İgid atası gülsün (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 373)[1]
Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.
Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.[2]