Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[1][2][…], Vokshou[d] – 8 iyun 1845[1][2][…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi.
Endrü Cekson | |
---|---|
Andrew Jackson | |
4 mart 1829 – 4 mart 1837 | |
Vitse-prezident | Con Koldvell Kelhun (1829-1832) olmayıb (1832-1833) Martin Van Buren (1833-1837) |
Əvvəlki | Con Kuinsi Adams |
Sonrakı | Martin Van Buren |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1767[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 iyun 1845[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Partiya |
Demokratik respublika partiyası Demokratlar partiyası |
Fəaliyyəti | hakim, vəkil, siyasətçi, zabit, dövlət xadimi |
Atası | Endrü Cekson |
Anası | Elizabet Hatçinson Cekson |
Həyat yoldaşı | Reyçel Cekson |
Uşaqları |
(hamısını ovladlığa götürmüşdür) oğulları: Endrü Cekson, Linkoya Cekson, Con Samuel Donelson, Daniel Smit Donelson, Endrü Cekson Donelson, Endrü Cekson Hatçinqs, Edvard Batler, Entoni Batler qızları: Karolina Batler, Eliza Batler |
Dini | Presviterian |
Hərbi xidmət | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib.[3] O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir. 1780-ci ildə hərbi əməliyyatlar Uokshouya da gəlib çatır. Burada baş vermiş ağır döyüşlərdə Ceksonlar ailəsinin böyük oğlu Uilyam həlak olur. Ağır dərdə dözməyən Elizabet tezliklə vəfat edir. 1782-ci ildə məktəbi bitirən Endrü pedaqoji kadrlar çatışmadığı üçün həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir. Lakin o, on yeddi yaşında doğma Uokshounu tərk edir. Müstəqil həyata qədəm qoyan Endrü hüquqşünas olmağa qərar verir. Hüquqşünaslıq Şimali Amerikada artıq hörmətli peşə hesab edilir, istər ictimai nüfuz, istərsə də yaxşı təminatlı həyatın qarantına çevrilirdi. Cənubi Karolinanın Solsberi şəhərciyində Makkeyin hüquq kontorunda praktika keçən Endrü vəkillik fəaliyyətinə başlayır, iki il sonra ştatın Ali Məhkəməsinə üzv seçilir.[4] Təcrübəli vəkillərin çoxluq təşkil etdiyi Solsberidə uğur qazanmaq onun üçün çətin idi. Ona görə Qərbə köçməyi qərara alır və 1788-ci ildə Neşvill qəsəbəsində məskunlaşır. Qısa müddət ərzində böyük hörmətlə yanaşı var dövlət də toplaya bilir. 24 yaşlı Cekson Neşvill sakini, tanınmış ailədən olan Raşel Rabardsla ailə qurur.
XVIII əsrin 90-cı illərində Cənub-Qərb bölgəsi sürətlə inkişaf edirdi. Artıq burada yaşayan əhalinin sayı 76.000 nəfərə çatırdı. Bu baxımdan ərazinin müstəqil ştata çevrilməsi gündəmə gəlir (federal qanunvericiliyə əsasən əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Ştatı senatda təmsil edir. Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə istefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qaydaya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali Məhkəməsinə üzv seçilir. E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi legislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o, hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35 yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaqları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.
1812-ci ildə prezident Medison İngiltərəyə müharibə elan etdi. Müharibəyə qatılan İngiltərə hökuməti hindu qəbilələrini ələ alaraq onların ABŞ-yə qarşı qiyama qalxmasına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaşdıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardınca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23 milyon akr torpaq sahəsi ABŞ-yə birləşdirilir. Bundan razı qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Endrü Cekson prezidentliyindən əvvəl quldarlığın və hinduların öz yaşayış məskənlərindən köçürülməsinin qatı tərəfdarı kimi tanınmış və hakimiyyəti dövründə də bu istiqamətdə siyasət yürütmüşdür. Qorxmaz, cəsur bir döyüşçü olması və sərt xarakterinə görə ona "Qoca Hikori" (Old Hickory) ləqəbi verilmişdi. Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə də bəzi dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.
1818-ci ildə Florida ABŞ-yə birləşdirildikdən sonra prezident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir. Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fermerlik fəaliyyətinə həsr etmək arzusunda olduğunu bildirir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezident seçkilərinə namizədliyini verməsini istəyirlər. 1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri üstünlük qazana bilməmiş və ABŞ Konstitusiyasına uyğun olaraq prezidenti Konqres müəyyənləşdirmişdi (ABŞ tarixində yeganə belə haldır). Lakin, Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq, Con Kuinsi Adams prezident elan edilmişdi. H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cekson Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli sövdələşmədə günahlandırır. Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qruplaşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırılan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları, xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə demokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan partiyanı təsis edirlər.
1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proqramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib gələrək prezident seçilir. İnauqurasiya nitqində demokratik islahatların zəruriliyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12 il əvvəl prezident Monroya yazdığı məktubunda partiya mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya mənsubluğu kənara qoyulmalıdır… Böyük və güclü millət rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır». Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun haqlı olduğunu göstərdi. Təkcə hərbi dəniz nazirliyində aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu üzə çıxartdı.
Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşılanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqlarını ştatların suverenliyindən üstün tutması partiyanın vitseprezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus şəkildə şərh edən Kalxaun, ştatların İttifaqdan ayrılması hüququnu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, partiya daxili ikitirəliyin yaranmasına səbəb oldu. Partiyadaxili ixtilaflar Ceksonun nüfuzuna ziyan vurmur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qanunlarına veto qoymaqla Milli Bankın monopoliyasının qarşısını alması cəmiyyətdə ona islahatçı-prezident imici qazandırmışdı.
1832-ci il seçkilərində Ceksonun əsas rəqibi Henri Kley olur. Gərgin keçən seçkilərdə Cekson böyük üstünlüklə ikinci müddətə prezident seçildi. Seçkilərdə üçüncü siyasi qüvvə kimi çıxış edən Antimason partiyası ciddi uğur qazanmadı və bu ümumiyyətlə ABŞ-də bərqərar olmuş iki partiyalı sistemə əsaslı dəyişiklik gətirmədi. Onların nümayəndəsi Floyd seçimçilər kollegiyasında Cekson və Kleyin topladıqları 219 və 49 səsə qarşı yalnız 11 səs ala bilmişdi. Cekson ikinci prezidentlik müddətində də götürdüyü kursun fundamental xarakter daşıdığına inanır və başladığı demokratik islahatları özünəməxsus inadkarlıqla davam etdirirdi. Cekson prezidentlik müddətinin başa çatmasından çox əvvəl daha seçilmək niyyətində olmadığını bildirir və siyasi varis qayğısına qalır. Məhz onun istəyilə demokratların 1835-ci ilin mayında keçirilən Konventində M.Van Buren prezidentliyə namizəd göstərilir. Elə onun böyük köməyi nəticəsində də Martin Van Buren ABŞ-nin növbəti prezidenti seçilir.
Tennessiyə qayıdan eks-prezident Ermitaj malikanəsində yaşayır. Buradakı mənzərə heç də ürəkaçan deyildi. Səkkiz illik prezidentliyi müddətində oğulluğu Endrü-kiçiyə tapşırdığı böyük təsərrüfat iflas həddinə çatmışdı. Buna səbəb bir tərəfdən 1834-cü ildə Ermitajda baş vermiş yanğın idisə, digər tərəfdən oğulluğunun işə soyuq yanaşması, spirtli içkilərlə aludə olmasıydı. Təsərrüfata rəhbərliyi ələ alan eks-prezidentə tədricən vəziyyəti sabitləşdirmək nəsib olur. Təsərrüfatla ciddi məşğul olması, ona ölkədə gedən siyasi prosesləri izləməyə mane olmamışdır. Xüsusilə 1844-cü il seçkilərində, siyasi əlaqələrindən, partiya daxilində hələ də mövcud olan böyük nüfuzundan istifadə edərək Ceyms Noks Polkun prezident seçilməsinə yardımçı olmuşdur. 1845-ci ilin əvvəllərindən Ceksonun səhhəti pisləşir. Qısa müddətdə hərəkət qabiliyyətini itirən qoca general xüsusi quraşdırılmış kreslodan istifadə edir. Bu ərəfədə onun əhval-ruhiyyəsini yüksəldən yalnız Texasın ilhaq olunması idi. Var-dövlətinin böyük hissəsinin Endrü-kiçiyə və nəvələrinə, şəxsi silah-sursatlarının yaxın dostlarına verilməsini vəsiyyət edir. E.Cekson 8 iyun 1845-ci ildə 78 yaşında vəfat etmişdir. İki gün sonra düzənlənən dəfn mərasimində onu son mənzilə yola salmağa üç mindən çox adam toplanmışdı.
Endrü Cekson hazırkı 20 ABŞ dollarının üzərində təsvir olunmuşdur. Əvvəllər 5, 10, 50 və 10 000 dollarlıq banknotların, həmçinin Amerika Konfederativ Ştatlarının 1000 dollarlıq əskinaslarının üzərində də onun təsviri yer almışdır.