Millard Fillmor

Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[3][4][…]8 mart 1874[3][4][…], Buffalo, Nyu-York ştatı[5][2] ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir.

Millard Fillmor
ing. Millard Fillmore
Millard Fillmorun 1855-1865-ci illər arasında çəkilmiş fotoportreti
Millard Fillmorun 1855-1865-ci illər arasında çəkilmiş fotoportreti
9 iyul 1850 – 4 mart 1853
Vitse-prezidentolmayıb
ƏvvəlkiZakari Teylor
SonrakıFranklin Pirs
4 mart 1849 – 9 iyul 1850
PrezidentZakari Teylor
ƏvvəlkiCorc Dallas
SonrakıUilyam Kinq (1853-dən)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sammerhil, Nyu-York, ABŞ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Buffalo, Nyu-York, ABŞ
Vəfat səbəbi insult[1]
Dəfn yeri
  • Forest Loun qəbiristanlığı[d][2]
Partiya Anti-mason partiyası
Viqlər partiyası
Amerika partiyası
Təhsili Nyu Houp Akademiyası
Fəaliyyəti siyasətçi, vəkil, dövlət xadimi
Atası Nataniel Fillmor
Anası Feb Millard
Həyat yoldaşları 1) Ebiqeyl Fillmor
2) Kerolin Karmaykl Makintoş Filmor
Uşaqları oğlu: Millard Pauers Fillmor
qızı: Meri Ebigeyl Filmor

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib[6]. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır. Bu məqsədlə 14 yaşlı Millard dərzi emalatxanasında şagird olur. Lakin az müddətdən sonra yenidən doğma fermaya qayıdaraq ağac emalı sexində fəhləlik edir. Yaxınlıqda açılan kitabxana onda bütün həyatı boyu saxladığı mütaliə həvəsi oyadır. Çoxlu mütaliə etməsi 19 yaşında ikən ona məktəbdə təhsilini davam etdirmək imkanı verir. Elə bu məktəbdə də gələcək həyat yoldaşı, müəlliməsi Abigeyl Pauerslə tanış olur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Buffaloda hüquq təhsili alaraq 1823-cü ildə vəkil işləməyə başlayır. Növbəti il siyasətlə məşğul olaraq, Con Kuinsi Adamsın tərəfdarı kimi tanınır. 1829-31-ci illərdə Antimason «Müstəqil bənnalar partiyası»nı Nyu-York parlamentində Eri dairəsinin deputatı kimi təmsil edir. Bu ərəfədə artıq dörd nəfərdən ibarət ailəsi ilə birlikdə Buffaloya köçür. Gələcək prezident qərbi Nyu-Yorkda viqlər partiyasının yerli şöbəsinin yaradıcılarından olaraq 1832-ci ildə konqresə seçilir. Nümayəndələr palatasının üzvü kimi əsasən H.Kleyin ideyalarının qızğın tərəfdarı olmuşdur.

1844-cü ildə vitse-prezidentliyə namizəd olmaq cəhdi viqlər tərəfindən dəstəklənmədiyi üçün həyata keçmir. Növbəti seçkilərdə, partiyanın Filadelfiyada keçirilən konventində, H.Kleyin köməkliyi sayəsində Fillmor, Z.Teylorla yanaşı vitse-prezidentliyə namizəd göstərilir. O, Nyu-York ştatında Teylorun seçkiönü kampaniyasına rəhbərlik edir. Teylor və Fillmor bir-birlərini şəxsən tanımırdılar və ilk dəfə yalnız uğurlu keçən seçkilərdən sonra görüşürlər. Qeyd edək ki, Fillmor, konqres üzvləri ilə məhrəm münasibətdə olmasına baxmayaraq, Teylor administrasiyası ona etinasız yanaşmışdı. Hətta doğma ştatı Nyu-Yorkda vəzifə bölgüsü aparılarkən belə onunla məsləhətləşməmişdilər.

Fillmor prezident kimi 1850-ci ilin avqustunda Konqresə göndərdiyi məktubunda quldarlıq məsələsində Cənubla Şimalı barışmağa çağırır. Sentyabrda isə quldarlıq probleminin həllinə yönəlmiş və «1850-ci il kompromisi» adlanan qanunlar toplusunu imzalayır. Bu qanunlarla o, sələfi Teylordan fərqli olaraq, «xalqın suverenliyi» prinsipini təsdiq edir. Bu prinsipə əsasən quldarlığın ləğvi və ya qəbulu ştatın müstəsna hüququ kimi göstərilir. Barışdırıcı xarakter daşımasına baxmayaraq, qanunlar toplusu heç də birmənalı qarşılanmadı. Hətta Şimaldan olan viqlər belə burada Cənublu quldarlara böyük güzəştlər olduğunu bildirirdilər. Xüsusən şimala qaçan qulların tutularaq geriyə, öz sahiblərinə qaytarılmasını nəzərdə tutan maddə kəskin etiraz doğururdu.

1848-49-cu illərdə bəzi Avropa dövlətlərini respublika üsul-idarəsinin yaranması ilə nəticələnən milli-demokratik inqilablar bürümüşdü. Bir çox amerikalılar bunda ölkələrinin tarixi ilə paralellər görür və dövlətin bu hərəkata köməklik göstərməsini istəyirdilər. Fillmor administrasiyası bu çağırışlara reaksiya vermir və yalnız formal olaraq Köhnə Dünyada baş verən demokratik dəyişikliklərin tərəfdarı olduğunu bildirir. Uzaq Şərqə ticarət yolunun açılması məqsədilə Fillmor, 1852-ci ildə Metyü Perinin komandanlığı altında Yaponiyaya dörd hərbi gəmi göndərir. Hərbi gücünə güvənən Periyə 1854-cü ildə Kanaqava prefekturası ilə saziş imzalamaq nəsib olur. Bu sazişə əsasən Yaponiya limanları ABŞ ticarət gəmilərinə açıq elan edilir.

Viqlər partiyasının 1852-ci ildə keçirilən konventində Fillmorun namizədliyi təsdiqini tapmır. Xüsusilə «Qaçqın qullar haqda Akt»ı imzalaması onu partiyanın şimal qanadının dəstəyindən məhrum etmişdi. Partiyanın namizədi isə ABŞ-Meksika müharibəsinin məşhur iştirakçılarından olan general Uinfild Skott olur.

Prezidentlikdən sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Fillmorun siyasi məyusluğuna onun şəxsi faciəsi də əlavə olur. 1853-cü ildə, yeni seçilmiş prezident Pirsin inauqurasiya mərasimində Fillmorun xanımı Abigeyl bərk soyuqlayır və tezliklə dünyasını dəyişir. Buffaloya qayıtdıqdan bir il sonra yeganə qızı vəfat edir. Bu dərdləri qismən də olsa unutmaq məqsədilə o, Avropaya səfərə çıxır və hətta Roma Papasının qəbulunda olur. Səfərdən qayıtdıqdan sonra 1856-cı il prezident seçkilərində iştirak edir, yalnız 21 % səs toplaya bilir. Bu onun böyük siyasətdə son çıxışı olur. Buffaloya qayıdaraq yerli siyasətdə aktiv fəaliyyət göstərməyə başlayır.

Millard Fillmor 1874-cü il martın 8-də beyninə qan sızması nəticəsində vəfat etmişdir.

  1. Jones J. M., Jones J. L. Presidential stroke: United States presidents and cerebrovascular disease (ing.). // CNS Spectrums: the international journal of neuropsychiatric medicine CNS Spectrums, 2006. Vol. 11, Iss. 9. P. 674–8; 719. ISSN 1092-8529; 2165-6509 doi:10.1017/S1092852900014760 PMID:16946692
  2. 1 2 Find a Grave (ing.). 1996.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Millard Fillmore // Encyclopædia Britannica (ing.).
  5. Deutsche Nationalbibliothek Record #11895458X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. "Presidential Places: Millard Fillmore". American Presidents: Life Portraits. C-SPAN. February 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2016.