Femminizm

Feminizm (lat. femina – "qadın") — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.[1]

Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox onu geniş şəkildə cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər).[2]

rəmzi

Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. Bu hərəkat qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Feminizmin ilk dalğası XIX əsrin sonu XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-də hərəkat daha kütləvi xarakter aldı. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Əgər 80-ci illərin ortalarına qədər nəzəriyyəçilər tərəfindən əsasən Qərbi AvropaŞimali Amerikanın orta təbəqəsindən olan ağ qadının təcrübəsi nəzərdən keçirilirdisə, sonralar digər qrupların və onların spesifik maraqlarının öyrənilməsinin və nəzərə alınmasının zəruriliyi qəbul olundu. Bu hərəkatın yalnız praktikasının deyil, nəzəriyyəsinin də vəziyyətində öz əksini tapdı, hansı ki, get-gedə daha çox qeyri-tarixi faktorlara yönəlmə ilə bağlı kateqoriya və metodlardan imtina edirdi.[3]

Argentinada feminist etirazçılar (mart 2019)

Feminizmdə cinsin təcrübəsi deyil, genderin təcrübəsi nəzərdən keçirilir, yəni bioloji-anatomik deyil, mədəni-psixoloji xarakteristikalar, belə ki, praktiki olaraq, cinsin təzahürü və bioloji cinsilik yalnız "qarşılıqlı təsirin insaniləşmə"sinin məhsulu kimi mövcuddur. Müəyyən mədəniyyətə, "insanın təbiəti"nə, onun cins xarakteristikalarına xas olan cins təsəvvürlərinin feminizmə müvafiq aid edilməsi patriarxatla bağlı bir sıra gizli məsələlərin qeyri-tənqidi qəbulu deməkdir. Bura əmək bölgüsünün müəyyən tiplərini, tabeliliyin iyerarxik prinsiplərini, elmin, fəlsəfənin, tərəqqinin mücərrəd-texnoloji anlamını aid etmək olar. Bu səbəblərdən irəli gələrək feminizmdə cinslərarası münasibətlər hakimiyyət münasibətlərinin bir tipi kimi başa düşülür, belə ki, "obyektivlik" adı altında bəşəriyyətin özünün maraqları olan bir hissəsi, eyni zamanda, o biri hissəsinin də maraqlarını təqdim edir. Feminizm nəzəriyyəçilərinin fikrincə, bu tip mədəniyyətlərdə qadın sadəcə "başqası" kimi təqdim olunur. Feminizm nümayəndələri hesab edirlər ki, cəmiyyətin kişi və qadınlara münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi fərqlənir, bununla bərabər, qadın mənəviyyatı tipi təmin olunmamış qalır. Ona görə də feminizmin məqsədi qadın mənəviyyatının "susma sferasından" çıxarılmasıdır.

İstiqamətləri

[redaktə | mənbəni redaktə et]

Feminizmin bir sıra istiqamətləri mövcuddur, onlardan bir qismi az tanınmış (məsələn, anarxofeminizm, konservativ feminizm, humanist feminizm), bəziləri isə kifayət qədər geniş müzakirə olunandır (burjua feminizmi, radikal feminizm, liberal feminizm, "Qara feminizm" və s.). Belə bölgünün özünü problematik hesab etmək olar, belə ki, o, feminizm kimi qeyri-ənənəvi dünyagörüşün ənənəvi nöqteyi-nəzərdən qiymətləndirilməsini nəzərdə tutur (məsələn, burjua və ya marksist feminizm və s.), Amma istiqamətlərin bu bölgüsü hələ də qəbul olunur, baxmayaraq ki, çox zaman o müxtəlif əsaslarla aparılır. Bundan əlavə, feminizm termini elmin müəyyən sahələrinə – ekofeminizm, kiberfeminizm və s.-cins/gender problemini daxil edən yeni istiqamətlərin adına daxildir.[4]

Feminizmin yaranması

[redaktə | mənbəni redaktə et]

XX əsr – sosial transformasiya və siyasi sarsıntıların elmi-texniki yüksəliş və inkişaf dövrü olmaqla yanaşı "qadın inqilabı" adlanan yeni formul tarixi meydanı dövrüdür. Dünya tarixindən məlumdur ki, bir sıra iri siyasi sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının ilkin təşəbbüskarı və bəzən də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrar etməmiş, hətta kişilərə, onların əxlaqına, dünyagörüşünə və s. təsir edirdilər. Dövrün nəbzini tutaraq, həm də siyasətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil formalarını (formal və qeyri-formal) yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi olan qadınlar ya kiçik müddətə və ya uzun müddətə birləşirlər. Bununla əlaqədar hətta ədəbiyyatda eyniləşdirilən "qadın problemi", "qadın məsələsi", "qadın hərəkatı" kateqoriyalarının bir-birindən fərqlənməsi zərurəti meydana çıxır.[5]

Feminist səsvermə paradı, Nyu York, 6 may 1912
  • "Qadın problemi" — qadınların cəmiyyətdəki vəziyyəti, onların asılılıqdan azad olmaları proqramının qanunla əsaslandırılması və ictimai həyatın bütün sahələrində kişilərlə eyni hüquqa nail olmaları yollarının dərk edilməsini nəzərdə tutur.
  • "Qadın məsələsi" — bu ümumilikdə qadının cəmiyyətdəki yeri, rolu, mövqeyi və hüquqlarıdır.
  • "Qadın hərəkatı" — bu anlayışın mənası qadınların öz hüquqlarını və maraqları uğrunda mübarizə formalarının müxtəlifliyini bildirir. Sosioloqlar əsasən qadın hərəkatını sosial hərəkatın bir forması kimi öyrənirlər. Qadın hərəkatı özlüyündə bir məqsəd ətrafında birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə və qadın mənafeləri rəmzinə malik olan müxtəlif sosial, demoqrafik, etnik və milli qadın qruplarının birgə fəaliyyət istiqamətidir.[6]

Ümumiyyətlə, keçid dövrünün ən böyük problemləri ailə məişət məsələlərində özünü göstərir. Belə ki, qadınların işlə təmin olunmasının çətinlikləri bir neçə səbəblə izah olunur: aldığı təhsilə uygun iş yerinin olmaması; işləmək arzusu oldugu halda, ailəsi və yaxud əri tərəfindən məhdudiyyət qoyulması və s. Əmək haqqının aşagı olması; kişinin və yaxud qadının işləməməsi və ya gördüyü iş müqabilində cüzi əmək haqqı alması ailədə psixoloji sabitliyi pozur. Feminizasiya əlamətlərinin formalaşması üçün əlverişli şərait də məhz buradan yaranır. Bu isə ailə – məişət məsələlərinə mənfi təsir göstərir, boşanmalarda mühüm rol oynayır.

Qadının cəmiyyətdə rolu daim elmi təfəkkürün diqqətini cəlb etmişdir. Tarix, fəlsəfə, təbiət elmlərində, dində bu problem haqqında bir-birinə tamamilə əks olan fikirlər söylənmiş, o, müxtəlif cür həll edilmişdir. Son nəticədə bunlar hamısı feminizmin bir ictimai hərəkat kimi yaranmasına gətirmişdir. Feminist hərəkatının qadın iştirakçıları belə hesab edirlər ki, ənənəvi tərzdə yazan tarixçilər tarixi kişi nəzər-nöqtəsindən təsvir edirlər, bu zaman tarixi problemə qadın baxışını istisna edirlər. Feminist qadın tədqiqatçıları müasir hüquqşünaslığın əsas istiqamətlərini kişi-mərkəzli sayır, onlardan uzaq dururlar. Onlar göstərirlər ki, hər hansı anlayışı verəndə kişilər özlərini nəzərdə tuturlar, kişiləri müdafiə edirlər, qadınları yox, buna görə də cinslərarası fərqi nəzərə almırlar, hüququn ən geniş yayılmış konsepsiyaları isə kişilərin hökmünü əbədiləşdirirlər. Kişinin hakim olduğu hüququn bu sistemi qadınları qula çevirir. Kişilər sosial, iqtisadi və siyasi hakimiyyətin çox hissəsinə sahib olub, bu üstünlükdən qadınları ictimai və siyasi həyatda, iqtisadiyyatda və ailədə özlərinə tabe etmək üçün istifadə edirlər. Feminist tədqiqatçı hüquqi doktrinalara, hüquqi praktikaya və hüquqi dilə istinad edərək, onların hamısında seksizmin olduğuna işarə edirlər və bildirirlər ki, bütün bu hüquqi normalar kişilərin üstünlüyünə hesablanıblar.[7]

Feminist qadın hərəkatının ilkin adının haradan götürülməsi məsələsi də maraq doğurur. Feminizm (fransızca – femin, latınca femina — qadın) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi ugrunda mübarizə aparan ictimai hərəkatdir. Qeyd edək ki, "feminizm" termininin ixtiraçısı, ilk dəfə işlədən və "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır" kəlamının müəllifi utopik sosializm nümayəndəsi Şarl Furyedir. Sosial stratifikasiyada — cəmiyyətin ictimai təbəqə və qruplara bölgüsündə baş verən dəyişikliklər fərdin cinsdən asılı olan sosial statusunda, hüququnda böyük dəyişikliklərə gətirib çıxartdı. Qərbdə özünü ilkin göstərən kapitalist münasibətləri və demokratik prinsiplərin inkişafı qadınların hüquq bərabərliyi məsələsini daha açıq şəkildə ortaya qoydu. Son otuz ildə feminist siyasi nəzəriyyə siyasi elmin ən perspektivli və orijinal cərəyanlarından birinə çevirildi. Onun tərəfdarları sosial başlanğıcı siyasiləşdirir və bununla əlaqədar olaraq küçədə, məktəbdə, iş yerində özünü büruzə verən ailə, gender və seksual münasibətlər problemlərini siyasət sahəsinə aid edirlər. Müasir feminist nəzəriyyədən söhbət açarkən, feminizmin inkişaf tarixinə nəzər salmaq yerinə düşərdi. Qərbdə qadınların hüquq bərabərliyi uğrunda hərəkat 18-ci əsrdə ortaya çıxdı. Feminizm adını alan bu hərəkat getdikcə fəallaşdı.

Haqqında danışacağımız yeni dünyagörüşü, cəmiyyət və fərd həyatının yeni idrak situasiyası olan gender bu hərəkat ilə vasitəsiz şəkildə bağlıdır. İndiki dövrdə feminizmi müxtəlif formalarda müəyyən edirlər. Çox zaman feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox onu geniş şəkildə – cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər). Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Axırıncı heç də birmənalı şəkildə başa düşülmür. Beləliklə, qadın tədqiqatları, qadın tarixi və feminizmin əsas nəzəriyyələrini təhlil edərkən, qadın hərəkatı — "femin etirazı"nın üç mərhələsini görürük.[8]

Birinci mərhələ

[redaktə | mənbəni redaktə et]

Feminizmin birinci dalğası XVIII əsr – XIX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. Bir sıra yazılarda, o cümlədən Pulen de Lya Barrın "İki cinsin hüquq bərabərliyi haqqında" (1673) əsərində qadınların azadlığı məsələsi qaldırılır. Pulen de Lya Barr hesab edirdi ki, qadının cəmiyyətdə və ailədə asılı vəziyyəti heç də təbiətin qanunu deyil, yalnız kobud kişi qüvvəsinə tabe olmağın nəticəsidir. Beləliklə bəzi hallarda qadınların cəmiyyətdəki rolunun kökündən dəyişməsinin labüdlüyü fikri səslənir, lakin rel qadın hərəkatı yalnız XVIII əsrdə Fransada Böyük Fransa İnqilabı (1789), Şimali Amerikada isə müstəqillik uğrunda mübarizə (1775–1783) zamanı başlanır. Feminist hüquqşünaslığı ilk dəfə ABŞ-də (feminist hərəkatı ilə eyni vaxtda) hələ Amerika inqilabı dövründə, qadınlara tam vətəndaşlıq hüquqları verilməsi tələbləri irəli sürülərkən (1775) yaranmışdır. 1824-cü ildə Frensis Rayt İngiltərədən Amerikaya gəlir və burada qadın hüquqları və zənci köləliyinin ləğvi uğrunda mübarizə kampaniyası aparır. 1848-ci ildə Seneka Fol (Nyu-York ştatı) Konfransında yaradılmış qadınlara seçki hüququ verilməsi uğrunda Amerika hərəkatı qadın hüquqları haqqında bil işləyib hazırladı. ABŞ Konstitusiyasının qadınlara səsvermə hüququ verən onikinci düzəlişi 1920-ci ildə qüvvəyə mindi.

Yeni ictimai təzahürün- qadınların siyasi hüquqlarının müdafiəsi hərəkatının baniləri fransalı Olimpiya de Quj, ingiltərəli Meri Uolstonkraft, amerikalı Abiqayl Adamsdır. Feminizmin ilk sənədi 1790-cı ildə Olimpiya de Quj tərəfindən yazılan "Qadınların və qadın vətəndaşların bəyannaməsi"dir.[9] Fransa inqilabının etdiyi şüarlar-azadlıq, bərabərlik, və qardaşlıq- qadınların bərabərhüquqluluğa cəhdlərini bir qədər də fəallaşdırdı. Bununla yanaşı, bütün insanların təbii, bölünməz hüquqa malik olmalarını elan etmiş "İnsan və vətəndaşların hüquq Bəyannaməsi" faktiki olaraq kişilərin hüquqları hqqında bəyannamə idi.

Təsadüfi deyildir ki, Olimpiya de Quj 1792-ci ildə, qadınların vətəndaşlıq və seçki hüququ və dövlət postlarına təyin oluna bilinmək imkanları verilməsi haqda tələblər göstərilmiş "Qadın və vətəndaşların hüquq Bəyannaməsi"ni yazdı və bunun əks sədası kimi qadın təşkilatları və klublar yarandı, lakin bunlar tezliklə Konvent tərəfindən qadağan olundu. Olimpiya de Quj isə edam edildi. Bununla belə elə həmin il −1792-ci ildə Meri Uolstounkraft İngiltərədə "Qadınların tabeliyi haqqında", Teodor fon Qippel isə Almaniyada "Qadınların vətəndaşlıq vəziyyətinin yaxşılaşdırılması barədə" kitablarını nəşr etdirdilər. Bu səpkidə əsərlərin yaranması həmin dövr üçün təsadüfi olmamışdır.

Alman sosial-demokratlarından Avqust Babelin 1879-cu ildə yazdığı "Qadın və sosializm" əsərində qadının vəziyyətinin cəmiyyətdəki münasibətlərdən asılı olduğunu qeyd edərək, göstərirdi ki, onun köləlikdən, təhkimçilikdən azad olması yalnız sosializmdə mümkün olacaqdı.[10] O, bu əsərində maltuziantçılığı çox kəskin tənqid etmişdir. (Maltuziantçılıq nəzəriyyəsinin banisi, ingilis iqtisadçı və ruhanisi T. Mat-tusdur. Maltus cəmiyyətin inkişafındakı əkslikləri kapitalist quruluşunun sosial şərtləri ilə yox, təbiətin əbədi qanunları ilə izah etməyə çalışırdı. Əhalinin artımında bioloji amillərə yer verən Maltus özünəməxsus "təbiət qanunu" formalaşdırıb ki, bu qanuna əsasən əhali həndəsi inkişaf artımı tendensiyasına malikdir, mövcud olmaq vasitələri isə yalnız riyazi silsilə ilə arta bilər.) Ümumiyyətlə, birinci dövr iştirakçıların sayca azlığı və mütəşəkkilliyin zəifliyi ilə fərqlənir.

İkinci mərhələ

[redaktə | mənbəni redaktə et]

XX yüzilin 60-cı illərindən beynalxalq feminizm hərəkatı yenidən fəallaşdı. Kişi və qadın qarşılıqlı münasibətlərində, qadınların sosial statusunda, sosial rolunda dəyişiklik daha kəskin şəkildə Qərb ölkələrində özünü göstərdi. XX yüzilin 60-cı illərində ABŞ-də və bir sıra Qərbi Avropa ölkələrində tələbə etiraz hərəkatı genişləndi. Bu solçu etiraz hərəkatında radikal və ya inqilabi feminizm ortaya çıxdı. Beləliklə, Qərbdə feminizm hərəkatının "ikinci dalğa"sı başlanmış oldu. Bu dövr İkinci Dünya müharibəsinə qədər davam etmişdir və bir sıra ölkələrdə çoxsaylı feminist təşkilatlarının yaradılması ilə səciyyələnir. Bu dövrdə qadınlara sosial bərabərliyi təmin edən və siyasi fəaliyyətə yol açan seçki hüquqlarının verilməsi haqqında fikirlər söylənilir. Həmin dövrün nümayəndələri sosial- iqtisadi və hüquqi islahatlar vasitəsilə cinslərin bərabərliyinin təmin edilməsi tələbini irəli sürürlər. Söhbət artıq təkcə təbii hüquqlardan deyil, qadınların sosial (əmək, təhsil, azadlıq) hüquqlarından gedir.[11]

Nəzəri özül feminizmin mövqeyini get-gedə möhkəmləndirirdi. O, forma və məzmunca müxtəlif çeşidli olur. XX əsrin əvvəllərində sufrajist və sosial qadınlar, liberal və radikal feministlər, xristian qadın xeyriyyəçi cəmiyyətləri fəaliyyət göstərirdi. 1888-ci ildə Qadınların Beynəlxalq Şurası yaradılır.[12] XX əsrin əvvəllərində bu təşkilata ABŞ, Böyük Britaniya, Avstraliya, Norveç, Niderland kimi ölkələr üzv olur. 1904-cü ildə Qadınların hüquqları naminə beynəlxalq alyans (müasir adı " Bərabər hüquqlar və vəzifələr tərəfdarı olan qadınların beynəlxalq alyansı") fəaliyyətə başlayır. 1925-ci ildə "Qadın təşkilatının birləşmiş daimi komitəsi (1934-cü ildən Beynəlxalq qadın təşkilatlarının əlaqə komitəsi) yaradılır. Qadınlar tədricən öz tələblərinə nail olurlar. Bu dalğanın ən fəal və görkəmli təmsilçiləri sufrajistlər-qadınların kişilər ilə bərabər seçki hüququ uğrunda mübarizə edənlər idi.

Bu dövrdəki qadın hərəkatı liberal feminizm kimi xarakterizə olunur. Liberal feminizmin qarşısında duran başlıca məsələ qadınların kişilər ilə bərabər siyasi hüquqa nail olmasını təmin etmək idi. XX yüzildə həm fərd, həm də cəmiyyət həyatında baş verən mühüm sosial-mədəni dəyişikliklər, kişi və qadın qarşılıqlı münasibətləri haqqında təsəvvürlərdə öz əksini tapdı. Belə ki, müxtəlif cəmiyyətlərdə kişi və qadın "mahiyyəti" haqqında təsəvvürlərdə bu və ya digər dərəcədə dəyişikliklər özünü güstərdi. Qadınların istər ailə, istərsə də sosial sahədə durumu xeyli dərəcədə dəyişdi və qadınlar yeni status- rol qazandılar. Artıq qadının kişidən keçmiş asılılığı öz mütləq xarakterini itirdi. Beləliklə, qadının sosial roluna, cəmiyyət və ailədəki yerinə dair bir çox sabitləşmiş təsəvvürlər- stereotiplər dəyişdi, hətta bəzisi ortadan qalxdı.[13]

Bu dövrdə cins probleminə fəlsəfi yanaşmada da dəyişiklik özünü göstərdi. XX yüzildə feminizm həhəkatı kontekstində cins probleminə iki başlıca yanaşma- esensialist və konstruktivist yanaşması müəyyənləşdi. Birinci yanaşma feminizmin birinci mərhələsinə, ikinci isə müasir feminizmə xarakterikdir. Essensialist baxışa görə, özünü sosial münasibətlərin bütün səviyyələrində göstərən cinsi təbəqələşmə (differensiasiya) kişi və qadınların əzəli bioloji fərqindən irəli gəlib; konstruktivist və ya mədəni relyativist baxışa görə isə cinslər arasındakı bioloji fərqlər nəzərə alınmaqla, yenə də cinsiliyin və cinsiyyət fərqlərinin sosial təşkili prosesi başlıca əhəmiyyət daşıyır.

Hər iki yanaşmanın məqsədi cinslərarası qarşılıqlı münasibətlərdəki ziddiyyətlərin iqtisadi, siyasi, sosial, mədəni, psixoloji, linqvistik və s. sahələrdə, ümumiyyətlə insan fəaliyyətinin bütün sahələrində kişi və qadın davranışlarındakı fərqlərin, "kişiliy"in və "qadınlığ"ın müəyyənləşməsinin başlıca səbəbini izah etmək idi. Yəni hər iki baxış cəmiyyət həyatının bütün sahələrində kişi və qadın davranış və qavrayışındakı fərqlərin myəyyənləşməsində təbiətinmi, mədəniyyətinmi, bunu başqa sözlə desək, bioloji cins fərqininmi, yoxsa sosial-mədəni prosesinmi başlıca səbəb kimi çıxış etdiyinə cavab verirdi.

İqtisadi, ictimai və siyasi bərabərlik uğrunda qadınların həmrəyliyi gününün qeyd edilməsi 1910-cu ildə Kopenhagendə Qadınların Beynəlxalq 2-ci konfransında Klara Setkinin təklifi ilə qərara alınmışdır. İlk dəfə 8 Mart Beynəlxalq Qadınlar Günü 1911-ci ildə Almaniya, Avstriya, İsveçrəDanimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda 1917-ci ildə qeyd edilmişdir.

XX yüzilin 30-cu illərinə qədər dünyanın bir çox ölkələrində qadınların kişilər ilə bərabər seçki hüququ təmin edildi. Seçki hüquqlarının alınması və məşğulluğun artması feminist hərəkatının intensivliyinin azalmasına gətirib çıxarır. XX əsrin əvvəllərində bir çox ölkələrdə qadınlar arzu etdikleri siyasi hüquqlara nail ola bildilər, lakin bu onların həyatında heç bir əhəmiyyətli, nəzərə çarpacaq dəyişikliklərə gətirib çıxarmadı ki, bunuda qadınlar çox sonralar dərk edə bildilər.

Üçüncü mərhələ

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsindən sonra feminist hərəkatı yenidən fəallaşır."Qadın dirçəlişi" 60-cı illərə təsadüf edir. Onun məərkəzi məhz o vaxtlar demokratik proseslərin canlanması ilə seçilən ABŞ-yə keçir. Qadın hərəkatı yeni, çox vaxt radikal formalara nail olur ki, bu da onun "Qadın azadlıq hərəkatı (Womens liberation) adında öz əksini tapır. Emansipasiya uğrunda mübarizənin üçüncü dalğasına sosiumdakı struktur dəyişiklikləri və ilk növbədə ictimai istehsalatda qadın əəmyinin payının artması səbəb olur. Bu dövrdə feminist hərəkatının tərəfdarları patriarxal mədəniyyəti tənqid atəşinə tutur, cinslər arasındakı bütün mövcud sosial münasibətlər sistemini dəyişməyə çağırırlar. Qanunverici qaydada qəbul edilən seçki və digər siyasi hüquqların həyata keçməsi, diskriminasiyanın mövcud olan nütün formalarının aradan qaldırılması məsələlərinə daha da böyük diqqət verilir. Bəzi hallarda 60–70-ci illərin feminist hərəkatı ekstravaqant xarakter daşiyir.[14]

İkinci Dünya müharibəsindən sonra sufrajist qadın hərəkatının başıNda dayanmış, əhalinin orta təbəqələrindən olan amerikalı və ingilis qadınları, uzun müddət demokratik hüquqlar uğrunda gedən mübarizədən kənarda qalmışdılar. Onların mübarizəyə qoşulmasına və aktivləşməsinə 1963-cü ildə işıq üzü görmüş "Qadınlığın mistikası" kitabı (müəllifi xanım B. Fridandır) qüvvətli təkan verdi. Bu kitabın əsasını – sosioloji tədqiqatlar təşkil edirdi. Kitab təbliğat maşını tərəfindən yaradılmış ideal burjua ailəsini, ameriksayağı qadın xpşbəxtliyini və istehlakçı – qadın streotipini tamamilə ifşa edirdi. Müəllifin fikrincə, kollec qadınların özlərinə ər tapa biləcəyi yer kimi səciyyələndirilirdi. Qadın cinsindən olan tələbələri həddən artıq "düşünən" görünməmək üçün öz biliklərini nümayiş etdirməməyə çağırırlar, cünki bu onların ərə getmək şansını alt-üst ede bilerdi. Ev işlərindən yorulmağı və qadınların yaşadıqları həyatın boş, mənasız olmasını hiss etmələrini xanım Fridan belə müəyyyəmləşdirmişdi- "Adsız problem". O, etiraz etməyə çağırır və belə nəticəyə gəlmişdir ki, " Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır" tənqidçilərin və mətbuatın etiraf etdiyinə görə, xanım B. Fridanın kitabı əhalinin orta təbəqəsinə mənsub qadınlar üçün ensiklopediyaya çevrilmişdi. Elə bu dövrlərdə B. Fridanın həmfikirləri Qadınların Milli Müdafiə Təşkilatını təsis etdilər. Təşkilatın əsas tələblərindən, əməyin ödənilməsi sahəsində qadınların hüquq pozuntularının ləğv edilməsi və qadınların imkanlarına biganə qalan qanunvericiliyə yenidən baxılmasını göstərmək olar. NOW belə hesab edir ki, qadınlar Amerikanın ictimai həyatında hərtərəfli iştirak etməlidir; kişilərlə partnyorluqda hər cür imtiyaz və məsuliyyəti bölüşdürə bilməlidir.

70-ci illərdə bütün Qərb universitetlərində qadın və yaxud feminist tədqiqat mərkəzləri yaradılır, elmə yeni olaraq "gender" anlayışı gətirilir. Feminist xarakterli problemlərin həllinə yönəlmiş elmi araşdırmaların inkişafı əhatə dairəsi daha geniş olan yeni məzmunlu, yeni xarakterli elm sahəsinin təşəkkülünə yol açdı. Nəhayət, XX yüzilin 80-ci illərinin axırlarında Qərbdə "gender araşdırmaları" adını alan müstəqil elm sahəsi yarandı. Feminist araşdırmalar sırf qadın problərinin araşdırılması ilə məşğul idi. Gender araşdırmaları isə cəmiyyət həyatının bütün sahələrində kişi və qadın münasibətlərinin təzahürlərini, nəticələrini araşdırmağı qarşısına qoyurdu. O, sosial-mədəni konstrukt olaraq həm kişi, həm də qadın problemlərini əhatə etdiyi aydın oldu. Bu isə feminist araşdırmalardakı birtərəfliliyi, natamamlığı aradan qaldırırdı. Qərbə nisbətən, postsovet məkanında bu müstəqil elm sahəsinin yaranma, təşəkkül tarixi bir qədər sonraya təsadüf edir.

Feminist politoloqlar siyaset problemlərinə toxunaraq çox vaxt ictimai müqavilə ideyasını tənqid edirdilər. Sonuncu onlara görə siyasi həyat və proseslər haqqında birtərəfli təsəvvür yaradır.

Feminist siyasi nəzəriyyənin tanınan nümayəndələri Hertsok, Cons, Hirşman, Dits, Stim, Bok, Ceyms, Allen, Filips, Oukin siyasi elmin bir çox vacib anlayışlarını ciddi təhlil edirlər, o cümlədən hakimiyyət, hakimiyyət səlahiyyətləri, siyasi öhdəliklər, vətəndaşlıq, özəl həyat, demokratiya və ədalət anlayışlarını.

Bir az keçmişə qayıtsaq görərik ki, tarix, fəlsəfə, təbiət elmlərində, dində qadının cəmiyyətdəki rolu barədə tez-tez bir-birinə əks fikirlər söylənilib, problem müxtəlif cür həllini tapıb. Xüsusən də bu barədə bir-birinə əks və ziddiyyətli fikirlərə (qadının cəmiyyətdə və ailədə rolu, onun doğum kefiyyət və məziyyətləri) dində rast gəlmək olar. Məsələn, 1400 il bundan əvvəl Makon kilsə məclisi (kilsənin ali xristian ruhaniləri) rəsmi olaraq belə bir məsələyə baxmışdır: qadının ruhu varmı? İştirak edənlərin təqribən yarısı bu suala mənfi cavab vermişdi. Xristian kilsə məclisi cəmi bir səs çoxluğu ilə qərara gəlmişdi ki, aşağı məxluq olsa da, qadında nə isə ruha oxşar bir şey var.

Kapitalizm dövrü qadının cəmiyyətdəki yeri və rolu baxımından çoxlu cərəyanlarla xarakterizə olunur. Yeni Kodeks yaratmış Napaleon Bonapart qadın tərbiyəsini yaxşılaşdırmağa çağırırdı, lakin qadın taleyini yalnız uşaq doğmada görürdü. Dövrünün A. Şopenhauer, F. Nitsşe, O. Veyninger və qadın dəyərsizliyi haqqında yanlış nəzəriyyənin digər burjua nümayəndələri belə hesab edirdilər ki, təbiət qadınlara yalnız hiyləgərlik, yalançılıq, xəyanətə meyillilik, naşükürlük hissləri bəxş etmişdir. Bu mütəfəkkirlərin və onların tərəfdarlarının qadına münasibəti kişi əsrini, kişi tiraniyasını həm də müəlliflərin fərdi xüsusiyyətlərini əks etdirirdi.[15]

Vatikanın başçısı papa II İoann Pavel özünün 1990-cı ildə Meksikadakı moizəsində qadınlara xitabən söyləmişdir ki, onlar yer üzünə böyük missiya ilə gəlmişlər, eyni zamanda o, qadınların təbii təyinatı olan analıq funksiyasının daşıyıcıları və ailə ocağının qoruyucuları olduqlarını vurğulamışdır. Papa eyni zamanda qadın ayrı seçkiliyinə və onun rolunun nüfuzdan salınmasına qarşı mübarizəyə çağırmışdır. Qadının cəmiyyətdəki yerinə münasibətdə müasir islam ölkələrində də müəyyən müsbət dəyişikliklər baş vermişdir. Bir sıra islam dövlətləri (Türkiyə, Suriya, Əlcəzair, Misir) cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında qadın bərabərliyi prinsipinə tərəfdar çıxırlar, "cəmiyyətin mədəniyyəti qadının onda tutduğu yerdən birbaşa asılıdır" fikri ilə razılaşırlar. Elə buna uyğun olaraq feminizmin bir növü də dini feminizmdir.

60-cı illərdə qadın hərəkatında ekstremist cinah deyilən bir tərəf fəallaşdı. Onun nümayəndələri əks cinsə yəni, kişilərə nifrət təbliği kompaniyası ideyası üzrə iş aparırdılar. Onlar keçmiş matriarxat cəmiyyətindən fərqli olaraq, ərə getmir, qüvvətli "cinsin"- kişilərin heç bir sahədə tabelik funksiyalarını qəbul etmir və bunu qəti surətdə rədd edirdilər. Feminist ərli qadınlar kişiyə tabe olmamağın bir forması kimi "missis" müraciət formasını inkar edib, onlara "miss" deyə müraciət etməyi tələb edirdilər. Əsas səbəb isə o gətirilirdi ki, "missis" müraciət forması məhz qadının bir şəxsiyyət kimi kişidən asılı olduğunu, onun tabeliyində qaldığını açıq aydın diqqətə çatdirirdi.

Feminizmin postmodernist təhlili

[redaktə | mənbəni redaktə et]

XIX əsrdə qadınların ən kiçik hüquqlarını bərpa etmək üçün ayağa qalxan, 1960-cı illlərdə inkişaf edən feminizm 1980-ci illərdə, postmodernizmin qaynar vaxtlarında Fransada Feminist Epistemologiya (feminist idrak nəzəriyyəsi) — ənənəvi həqiqət və dəyərlərin, anlayış və tezislərin hamısının kişilər tərəfindən irəli sürüldüyü, kişi üstünlüyünə xidmət etdikləri üçün rədd edilməsi gərəkdiyini müdafiə edən yeni bilgi nəzəriyyəsi kimi ortaya çıxdı.

Rasionalizmi kişiyə, emosionallığı qadına aid bilən, qadını kişinin əskik forması kimi dəyərləndisən bütün qərb fəlsəfəsi ənənəsinə şiddətlə qarşı çıxan modernizmin feminizmi əgər yalnız qadınların hüquqlarını bərpa etmək şüarları irəli sürürdüsə, postmodernizmdə feminizmin növbəti dalğası- "ontoloji dualizmin hər növünü rədd edən" fəlsəfə idi. Lyus İriqara, Sara Kofman, Yuliya Kristeva, Cudi Butler (1956) qadın başlanğıcının psixika, biologiya, tarix, sosiologiya və s. sahələrdə qərb düşüncəsindəki simvolik strukturu dağıtmağa qadir yeganə qüvvə olduğunu təhlil etdilər. Şoşan Felman bu müzakirələrdə orta mövqe tutaraq bəyan etdi ki: " Qadın kimi danışnmaq üçün qadın olmaq kifayətdirmi? "Qadın kimi danışmaq" bioloji, strateji vəziyyət, nəzəriyyə, anatomiya, yoxsa mədəniyyətdir?". Bolqar filosof, psixoanalitik, linqvistik, semiotik, ədəbiyyatşünas, R. Bartın tələbəsi, intertekstuallıq kimi postmodern terminərin müəllifi olan Y. Kristeva (1953) deyir: "Daha dərin mənada qadınlıq "olması" mümkün olan bir şey deyil. Bu, Varlıq düzümünə aid şeydir". Qadın sözü altında Kristeva qadın cinsinin varlığını deyil, hər hansı ideologiya və təyinatlardan sürüşən qadın başlanğıcını nəzərdə tuturdu. Beləliklə, postmodern feminist tənqidə görə "qadın kişi başlanğıcına qarşı durmur, Balzakın bir qadın qəhrəmanı kimi o, ümumiyyətlə, cins müxalifliyinin, qadın-kişi başlanğıcı müxalifliyinin özünü silir".

  • Mirzəzadə Rəna."Gender. Cəmiyyət. İnsan hüququ. Siyasət". Bakı 2003.
  • Mirzəzadə Rəna. "Gender və feminizm". Bakı 2002.
  • Miller Cin Beyker."Yeni qadın psixologiyası". Bakı 2000.
  • F. F. Fərəcova, L. Ə. Bayramova. L. D. Quliyeva."Gender aləminə giriş". B.2005.
  • Nigar Ələkbərova."Siyasi elmin tarixi və metodologiyası". Bakı 2005.@
  • Nərmin Kamal. "Umberto Eco və postmoderizm fəlsəfəsi". Bakı 2012
  1. Internet Archive. Globalization and feminist activism. Lanham, Md. : Rowman & Littlefield. 2006-01-01.
  2. Internet Archive. What is feminism? : an introduction to feminist theory. London : Thousand Oaks, Calif. : SAGE. 1999-01-01.
  3. Internet Archive. Disciplining feminism : from social activism to academic discourse. Durham [North Carolina] : Duke University Press. 2002-01-01.
  4. Internet Archive. The grounding of modern feminism. New Haven : Yale University Press. 1987-01-01.
  5. Internet Archive. The creation of feminist consciousness : from the Middle Ages to eighteen-seventy. New York : Oxford University Press. 1993-01-01.
  6. Internet Archive. There's always been a women's movement this century. London ; Boston : Pandora Press. 1983-01-01.
  7. Library Genesis. Feminism. A Very Short Introduction (English). Oxford University Press. 2005-01-01.
  8. Krolokke, Charlotte; Sorensen, Anne Scott. Gender Communication Theories and Analyses: From Silence to Performance (ingilis). SAGE. 2006-01-01.
  9. "Feminizm haqqında bilmədikləriniz - ARAŞDIRMA". Milli.az (az.). 2013-09-09. İstifadə tarixi: 2023-08-09.
  10. Amt, Auswärtiges. "Август Бебель – теоретик феминизма". germania-online.diplo.de (rus). İstifadə tarixi: 2023-08-09.
  11. Düzkan, Ayşe. "Feminizm". FeministBellek (türk). 2020-12-21. İstifadə tarixi: 2023-08-09.
  12. "§ 3. Analıq və qadın hüquqları". genderi.org (az.). İstifadə tarixi: 2023-08-09.[ölü keçid]
  13. "Волны феминизма, и почему люди продолжают о них спорить". Nеwочём (rus). 2018-08-29. İstifadə tarixi: 2023-08-09.
  14. "Феминизм третьей волны и его борьба с патриархатом, которого больше нет". Infobae (ispan). 2022-03-18. İstifadə tarixi: 2023-08-09.
  15. "От суфражисток до #MeToo: все, что нужно знать о четырех волнах женского движения". Forbes.ru (rus). 2023-05-11. İstifadə tarixi: 2023-08-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]