Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur.[1][2] Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib[3]
Hacı Zeynalabdin Tağıyevin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Metro | İçərişəhər metrostansiyası |
Heykəltaraş | Xanlar Əhmədov |
Tikilib | 2022 |
Hündürlüyü | 250 sm |
Saxlanıldığı yer |
2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur.[4]
Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir.
Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.[3]